Yerli mediada rast gəlinən anti-qərb dezinformasiyalarından biri də Rusiya-Ukrayna münaqişəsinin Qərb siyasətçiləri tərəfindən başladılması ilə bağlıdır. Bu cür xəbərlərdə ABŞ-nin, Avropa İttifaqı ölkələrinin bu müharibənin başlamasında maraqlı olduqları, iki dövlət arasında münasibətləri gərginləşdirdikləri və sonunda müharibəyə səbəb olduqları iddia edilir. “Fakt Yoxla” ötən yazılarının birində oxşar iddianı təhlil etmişdi.
Bənzər iddia “Oxu.az” portalında dərc edilib. Sayta açıqlama verən politoloq Mehmet Perinçek 2022-ci ildə İstanbulda baş tutmuş Rusiya-Ukrayna görüşünün Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson tərəfindən pozulduğunu iddia edib. O bunu mayın 16-da keçirilmiş sonuncu İstanbul danışıqlarını şərh edərkən deyib:
“Avropanın sülhdə maraqlı olmadığı açıq-aydın nümayiş olunur. Hətta 2022-ci ildəki İstanbul danışıqlarında əldə olunan razılaşmanı da Böyük Britaniyanın ovaxtkı baş naziri Boris Conson pozmuşdu. Bunu da məhz ukraynalı rəsmilər özləri etiraf etmişdilər”.
“Fakt Yoxla” iddianın doğru olub-olmadığını araşdırıb.
2022-ci ilin martın 29-da İstanbulda baş tutmuş Rusiya-Ukrayna görüşü sülh müqaviləsi və atəşkəs müzakirələri ilə yadda qalsa da, nəticəsiz yekunlaşmışdı. Görüşdən bir neçə gün sonra Rusiya ordusunun Buça qətliamını törətməsi tərəflər arasındakı dialoqu pozmuşdu. Bununla belə, danışıqlardan sonra Boris Consonun Ukraynaya səfər etməsi danışıqlarının britaniyalı sabiq Baş nazirin müdaxiləsi ilə dayandırmasına dair iddiaların ortaya çıxmasına səbəb olmuşdu. Əslində bu iddia Ukraynalı rəsminin verdiyi açıqlamanın təhrif edilməsi ilə ortaya çıxmışdı.
Belə ki, həmin görüşdə Ukrayna nümayəndə heyətinə başçılıq etmiş David Araxamiya Nataliya Moiseyçuka verdiyi müsahibədə bildirib ki, 2022-ci ildə baş tutan İstanbul görüşündə Rusiya nümayəndə heyəti NATO-ya üzvlükdən imtina müqabilində rəsmi Kiyevə sülh vəd edib, ancaq Rusiya tərəfi öz şərtlərinə əməl edəcəyinə dair təminat vermədiyinə görə razılıq baş tutmayıb:
“Birincisi, bu məsələ ilə razılaşmaq üçün Konstitusiyanı dəyişmək lazımdır. NATO-ya gedən yolumuz Konstitusiyada yazılıb. İkincisi, rusların razılaşmaya əməl edəcəyinə inam yox idi və heç vaxt da olmayıb. Bu, yalnız təhlükəsizlik təminatları olduqda edilə bilərdi”.
Diplomat əlavə edib ki, Qərb baş tutmuş danışıqların gedişindən və sənədlərin tərkibindən xəbərdar olsa da, Ukrayna üçün qərar verməyib:
“Onlar mahiyyətcə verilməsi mümkün olmayan müvəqqəti təhlükəsizlik zəmanətlərinə getməməyi tövsiyə etdilər”.
David Araxamiya Boris Consonun məsələdə iştirakına münasibət bildirərkən qeyd edib ki, Rusiyanın təslimçi şərtlərini sadəcə Ukrayna qəbul etməyib. O, İstanbul danışıqlarından sonra qəbuledilməz təkliflər və artan hərbi təcavüz qarşısında britaniyalı nazirin döyüşlərin davam edəcəyini qeyd etdiyini söyləyib:
“Biz İstanbuldan qayıdanda Boris Conson Kiyevə gəldi və dedi ki, onlarla heç nə imzalamayacağıq, sadəcə döyüşəcəyik”.
Ukrayna rəsmisinin müsahibəsindən də aydın olur ki, rəsmi Kiyev Boris Consonun məsləhətini almadan da şərtlərlə barışmaq niyyətində olmayıb. Habelə, sabiq britaniyalı Baş nazirin İstanbul görüşündən təqribən 10 gün sonra Ukraynaya səfər etdiyini, danışıqlarda iştirak etmədiyini və təkliflərlə ukraynalıların razılaşmadığını nəzərə alsaq, Boris Consonun görüşü pozması üçün heç bir əsasın olmadığını görə bilərik.
Boris Conson özü də bu iddiaları qəbul etməyib. Sabiq Baş nazir bu haqda olan fikirləri “Cəfəngiyat” və “Rusiya təbliğatı” adlandıraraq İstanbul danışıqları barədə Ukrayna prezidenti Volodimr Zelenskiyə Rusiyanın təklifləri barədə narahatlığını ifadə etdiyini və Böyük Britaniyanın Ukraynanı dəstəkləyəcəyini bildirib.
Eyni ilə Volodimr Zelenski də bu barədə fikirləri təkzib edib. Prezident İstanbul görüşü zamanı irəli sürülən təklifləri “Ultimatum” kimi xarakterizə edərək Rusiyanın şərtlərinin Ukrayna tərəfindən qəbul edilmədiyini və bunun Boris Consonla əlaqəsi olmadığını diqqətə çatdırıb.
Nəticə etibarilə, Rusiya mediası və rəsmiləri tərəfindən istinad edilmiş bu xəbər həqiqəti əks etdirmir. İddia ukraynalı diplomatın açıqlaması əsasında manipulyasiya edilib.
“Fakt Yoxla”nın qənaətincə, xəbər anti-Qərb propaqandasıdır.