Deputat Rasim Musabəyov Ukrayna ordusunda orta yaşın 55-57 aralığında olduğunu bildirib (13:05). O bunu İTV-nin “Diqqət Mərkəzi” verilişində Vladimir Putin ilə Donald Trampın görüşünü şərh edən zaman söyləyib:
“Siz bilirsiniz bu gün Ukrayna ordusunda orta yaş neçədir? 55-57 yaş arasında. O, insanlar 3 ildir ki, müharibə aparır”.
“Fakt Yoxla” iddianın doğru olub-olmadığını təhlil edib.
Rusiyanın 2022-ci ildən davam edən işğalından sonra Ukrayna ordusunun demoqrafik vəziyyəti müzakirə mövzularından biridir. Ukraynanın yaşlı əsgərlərlə döyüşməsi və əsgər çatışmazlığı yaşaması iddiası isə Kremlə yaxın media və ekspertlər tərəfindən tez-tez dilə gətirilir. Bu haqda xəbərlər əksərən reallıqdan uzaq olur.
İddiadan fərqli olaraq hazırda Ukrayna ordusunda döyüşənlərin yaş ortalaması 55-57 deyil. Diplomatik və hərbi mənbələrə istinadən hazırda ukraynalı hərbçilərin orta yaşı 45-dir. Müharibə başladıqdan sonra bu göstərici 42 yaşdan 45-ə yüksəlib. Rusiyanın hərbi müdaxiləsinin ilk ilinin yekununda isə yaş aralığının 43 olduğu müəyyən edilib.
Ukraynada səfərbərlik yaşı 2024-cü ilin aprelində 27 yaşdan 25-ə endirilib ki, burada da əsas məqsəd daha gənc əsgərlərin müdafiəyə cəlb olunması olub. Bununla belə, 50 yaşdan yuxarı şəxslər də ordu sıralarında yer alıb, lakin bu ümumi orta yaşı əks etdirmir.
Nəticə etibarilə, Ukrayna ordusunda orta yaşın 55-57 aralığında olması ilə bağlı açıqlamanın həqiqəti əks etdirmədiyini görə bilərik.
“Fakt Yoxla”nın qənaətincə, deputat Rasim Musabəyov iddiası əsasən yanlışdır.