Deputat Məzahir Əfəndiyev Azərbaycan-ABŞ münasibətlərinin hər zaman müsbət dinamika ilə inkişaf etdiyini iddia edib. “Ümumiyyətlə, Azərbaycan-ABŞ münasibətləri qarşılıqlı hörmət, etimada əsaslanaraq hər zaman müsbət dinamika ilə inkişaf edib”- deyə o bildirib.
“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.
Azərbaycan-ABŞ münasibətlərinin tarixçəsi
Azərbaycan–ABŞ münasibətlərinin tarixi Azərbaycanın müstəqilliyini bərpa etdiyi dövrdən başlayır. ABŞ yeni müstəqil respublikanı tanıyan ilk dövlətlərdən biri olub. 1992-ci ildə isə diplomatik münasibətlər qurulub. İki ölkə arasında əməkdaşlığın ən mühüm sahələrindən biri enerji sektorudur. ABŞ uzun illər Azərbaycanın Xəzər dənizindəki enerji resurslarının dünya bazarına çıxarılmasına dəstək göstərib. Bakı–Tbilisi–Ceyhan neft kəməri və Bakı–Tbilisi–Ərzurum qaz kəmərinin reallaşmasında Vaşinqtonun siyasi dəstəyi həlledici rol oynayıb. ABŞ-ın “ExxonMobil” və “Chevron” kimi böyük şirkətləri uzun müddət Azərbaycan enerji bazarında fəaliyyət göstəriblər.
Əməkdaşlığın əsas istiqamətlərindən biri də təhlükəsizlik məsələləri ilə bağlıdır. 2001-ci il 11 Sentyabr hadisəsindən sonra Azərbaycan ABŞ-ın terrorizmlə mübarizə təşəbbüslərinə qoşulub, NATO-nun Əfqanıstan missiyasında iştirak edib, Xəzər dənizinin təhlükəsizliyinə aid layihələr çərçivəsində əməkdaşlıq edib. Vaşinqton Azərbaycanın sərhəd mühafizəsinin gücləndirilməsinə, həmçinin işğaldan azad olunan ərazilərin minalardan təmizləməsinə də dəstək göstərib.
Bundan əlavə, ABŞ uzun illər ATƏT-in Minsk Qrupunun həmsədri qismində Qarabağ münaqişəsinin həllinə vasitəçilik edən dövlətlərdən biri olub. Son illərdə, xüsusilə Rusiya–Ukrayna müharibəsindən sonra Vaşinqtonun Cənubi Qafqazdakı fəallığı artıb. Bu ilin avqust ayında isə ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında Vaşinqtonda sülh bəyanatı imzalanıb.
İkitərəfli münasibətlərdə gərginliklər
Bununla yanaşı, münasibətlərdə ciddi gərginliklərin yaşandığı dövrlər də olub. 1992-ci ildə ABŞ Konqresi “Azadlığa Dəstək Aktı”na 907-ci düzəliş qəbul edərək Azərbaycanı digər postsovet ölkələrindən fərqli olaraq birbaşa yardımlardan məhrum edib. Bu qadağa yalnız 2002-ci ildən etibarən, Azərbaycanın ABŞ-ın Əfqanıstan əməliyyatlarını dəstəkləməsindən sonra prezidentlər tərəfindən hər il dayandırılmağa başlanıb. 2023-cü ildə isə Azərbaycanın Qarabağda keçirdiyi lokal hərbi əməliyyatlardan sonra ABŞ Senatı 907-ci düzəlişin istisnasını 2024 və 2025-ci illər üçün ləğv edib və Azərbaycan yenidən yardımlardan kənarda qalıb.
Eyni zamanda, 2023-cü ilin payızında ABŞ Dövlət katibi Antoni Blinken və onun köməkçisi Ceyms O’Braynın bəyanatlarına Azərbaycan Xarici İşlər Nazirliyi sərt cavab verib, açıqlamaları ikitərəfli münasibətlərə zərbə kimi qiymətləndirib. Həmin ilin noyabrında Vaşinqtonda keçirilməsi planlaşdırılan Azərbaycan–Ermənistan xarici işlər nazirləri görüşündə Bakı iştirakdan imtina edib. Elə həmin ay ABŞ-ın müvəqqəti işlər üzrə səfiri də XİN-ə çağırılaraq “AbzasMedia” ilə bağlı maliyyə ittihamları üzrə Azərbaycanın etirazı bildirilib.
2024-cü ilin oktyabrında isə ABŞ Konqresinin 60-a yaxın nümayəndəsi dövlət katibini COP29-a ev sahibliyi edən Azərbaycana qarşı “insan haqlarının pozulması, siyasi məhbusların mövcudluğu və Ermənistanı müharibə ilə hədələmə” mövzularında təzyiq göstərməyə çağırıb. Buna cavab olaraq, Azərbaycan parlamentinin bir qrup deputatı Vaşinqtonla imzalanmış bəzi müdafiə sazişlərinin ləğvinə, yeni müqavilələrlə bağlı danışıqların dayandırılmasına və USAID-in ölkədəki fəaliyyətinə son qoyulmasına çağırış edib.
Beləliklə, Azərbaycan–ABŞ münasibətləri birmənalı olaraq “hər zaman müsbət dinamika ilə inkişaf edib” kimi təqdim oluna bilməz. Enerji və təhlükəsizlik sahələrində əməkdaşlıq həqiqətən mühüm nəticələr versə də, müxtəlif dövrlərdə ciddi gərginliklər və böhranlar da yaşanıb.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Məzahir Əfəndiyevin iddiası yanlışdır.