logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Co Bayden Ukrayna müharibəsinin “ssenari müəllifi”dir?

Co Bayden Ukrayna müharibəsinin “ssenari müəllifi”dir?

2022-ci ilin fevralında Ukraynanın Rusiya tərəfindən işğalının yeni mərhələsinin başlanması ölkə mediasında bu mövzuda dezinformasiyaların, aldadıcı xəbərlərin və anti-qərb propaqandasının yayılmasına səbəb oldu. Müharibənin başlamasından 3 ilə yaxın bir müddət keçməsinə baxmayaraq, bu cür manipulyativ xəbərlər hələ də dərc edilməkdədir. 

Musavat.com” xəbər saytının dərc etdiyi və “Olke.az” tərəfindən də paylaşılan məqalədə Co Bayden administrasiyası Ukrayna müharibəsinin əsas ssenari müəllifi kimi təqdim olunub. Məqalədə deyilir:

“...Əgər, ABŞ-nin yeni prezidenti Donald Trampın "sülh planı" reallaşarsa, kollektiv Qərbin Ukrayna savaşına çəkdiyi geriyə dönüşü olmayan xərclər batmış olacaq. Və bu, o deməkdir ki, Bayden administrasiyasının əsas ssenari müəllifi olduğu Ukrayna savaşı üzərindən Rusiya əleyhinə reallaşdırılan strateji hədəflər ən qısa zamanda öz əhəmiyyətini itirmiş olacaq”.

Fakt Yoxla” irəli sürülən iddiaların doğru olub-olmadığını təhlil edib.

Co Baydenin Ukrayna müharibəsinin “ssenari müəllifi” olması iddiası onun işğaldan əvvəl və işğal dövründə səsləndirdiyi sülh çağırışları ilə uyğun gəlmir. Bayden hələ müharibədən bir həftə öncə, 15 fevral 2022-ci ildə Ağ Evdəki çıxışında münaqişənin qarşısını almaq üçün diplomatik səylərə üstünlük verilməsinə çağırış etmişdi:

ABŞ və NATO Rusiya üçün təhlükə deyil. Ukrayna Rusiya üçün təhlükə deyil. Ukraynada nə ABŞ-nin, nə də NATO-nun raketləri yoxdur. Bizim onları ora yerləşdirmək planımız da yoxdur. Biz Rusiya xalqını hədəf almırıq. Biz Rusiyada sabitliyi pozmağa çalışmırıq. Rusiya vətəndaşlarına: siz bizim düşmənimiz deyilsiniz. ... Biz diplomatiyaya uğur qazanmaq üçün şans verməliyik və inanıram ki, təhlükəsizliklə bağlı narahatlıqlarımızı həll etmək üçün real yollar var”, - Bayden qeyd edib.

Hətta qeyd edilən çıxışdan daha əvvəl, 13 fevral 2022-ci ildə də Co Bayden və Vladimir Putin arasında baş tutan telefon danışığı zamanı ABŞ prezidenti Ukraynaya qarşı işğalın Kremlə baha başa gələcəyini və diplomatik həllərin üstün tutulmalı olduğunu açıqlamışdı. 

Bundan əlavə, Ukraynada davamlı sülhə nail olunması barədə danışan ABŞ dövlət katibi Antoni Blinken 2023-cü il 28 mart tarixli çıxışında müharibəni sona çatdıracaq planın Rusiya tərəfindən pozulduğunu ifadə edib. O, Putinin ümumi məqsədinin Ukraynanın müstəqil, suveren bir xalq kimi kimliyini silib Rusiyaya hopdurmaq olduğunu vurğulamışdı:

“Biz hamımız bilirik ki, sülhün ədalətli olması üçün BMT Nizamnaməsinin əsasında duran prinsipləri qorunmalıdır: suverenlik, ərazi bütövlüyü, müstəqillik. Sülhün davamlı olması üçün əmin olmalıyıq ki, Rusiya qoşunlarını yenidən təchiz etməyəcək və daha sonra uyğun zamanda yenidən müharibəyə başlamayacaq”.

Xüsusilə, ABŞ-nin Ukraynaya göstərdiyi hərbi və humanitar yardımların ölkənin federal büdcəsinə ciddi maliyyə yükü gətirdiyini nəzərə alsaq, rəsmi Vaşinqtonun bu müharibəni başlatması çox məntiqsiz olardı. Belə ki, 2022-ci ilin fevralından etibarən Ukraynaya silah sistemləri və iqtisadi yardım proqramları çərçivəsində 65,9 milyard dollar vəsait ayrılıb. Bu vəsaitin həcmi 2014-cü ildə Rusiyanın Ukrayna ərazilərinə ilkin müdaxiləsindən bugünədək 69,2 milyard dollar təşkil edir. 

Bayden administrasiyası dövründə Ukraynaya ayrılan yardımlar təkcə hərbi təyinatlarla məhdudlaşmayaraq, həmçinin ölkədə demokratik institutların gücləndirilməsi və korrupsiyaya qarşı mübarizə sahələrini də əhatə edib. Bundan əlavə, ABŞ Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, Krımın qanunsuz ilhaqını, eləcə də Luqansk və Donetskdəki separatçı hərəkatları tanımır. Məhz bu səbəbdən, Bayden administrasiyasının Ukraynaya yardımı yalnız siyasi və etik məsələ deyil, həm də Rusiya qoşunlarının digər dövlətin ərazisində apardığı işğala qarşı beynəlxalq müqavilələr, ABŞ qanunları və Konqresin qərarları ilə hüquqi çərçivəyə salınmış öhdəlikdir. Eyni zamanda, bu müharibə ABŞ-nin 1994-cü il tarixli Budapeşt memorandumunun şərtlərinə əsaslanaraq Ukraynanın suverenliyinə dəstək göstərməsini qətiləşdirir. Qeyd edək ki, bu memoranduma əsasən, Rusiya Ukraynanın nüvə silahını ləğv etməsi müqabilində onun ərazi bütövlüyünə hörmət edəcəyinə söz vermişdi

Son olaraq, Rusiyanın Ukrayna ərazisinə hərbi müdaxiləsi 2022-ci ildə başlamayıb. İlk işğal 2014-cü ildə Krımın ilhaqı ilə baş verib. 2014-cü ildə isə ABŞ prezidenti Co Bayden yox, Barak Obama idi. Bu fakt özlüyündə iddianın yanlış olduğunu göstərir. 

Nəticə etibarilə, Rusiyanın 2022-ci ildən etibarən Ukraynaya genişmiqyaslı hücumu hər hansı ABŞ və Bayden adminstrasiyasının siyasətinin deyil, Kremlin regional genişlənmə ambisiyalarının nəticəsidir.

Ümumillikdə, göstərilən yerli saytlarda dərc edilmiş məqalənin anti-Qərb narrativlərini dəstəklədiyini və Bayden administrasiyasını günahlandıraraq Rusiyanın məsuliyyətini azaltmağa çalışdığını demək mümkündür. Bu yanaşma, oxucuları Qərbin Ukraynaya dəstəyi haqqında yanlış təsəvvür yaratmaq məqsədi güddüyünü deməyə əsas verir

Bu cür aldadıcı narrativlər yaymaqla Rusiya yönümlü media qurumları və ictimai şəxslər ictimaiyyətin diqqətini müharibənin səbəbkarı, işğalçı Rusiyadan yayındırmağa cəhd edir və bu müharibənin başlamağının səbəbini qərbdə, qərb ölkələrinin siyasi liderlərində tapmağa çalışır. Araşdırmadan da göründüyü kimi, ABŞ prezidenti Baydenin müharibənin başlanmasında, hətta tətiklənməsində belə rolu yoxdur. O, hər vəchlə bu müharibənin başlanmasının qarşısını almağa cəhd edib. 

Fakt Yoxla”nın qənaətincə, məqalə anti-Qərb dezinformasiyasını əks etdirir.

 

Anti-qərb dezinformasiyası
  • 29 Yanvar, 2025
  • 39

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə