logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Deputatın yanlış iddiası: Azərbaycan Azadlığa Dəstək Aktından faydalanmayan yeganə postsovet ölkəsi olub

Deputatın yanlış iddiası: Azərbaycan Azadlığa Dəstək Aktından faydalanmayan yeganə postsovet ölkəsi olub

Xəbərin qısa icmalı

Deputat Samir Vəliyev iddia edib ki, 2001-ci ilə qədər postsovet məkanında ABŞ-nin qəbul etdiyi “Azadlığa Dəstək Aktı”ndan faydalanmayan yeganə postsovet ölkəsi Azərbaycan olub: “Beləliklə, Azərbaycan 2001-ci ilə qədər Azadlığa Dəstək Aktından faydalanmayan yeganə postsovet ölkəsi olub”, – deyə o, bildirib.

- Azərbaycan aktdan faydalanmayan yeganə postsovet ölkəsi olmayıb. Belə ki, akt 15 postsovet ölkəsindən yalnız 12-ni əhatə edirdi (Azərbaycan da daxil olmaqla). Müstəqilliklərini elan etmiş Baltik ölkələri – Estoniya, Latviya və Litva bu qanunun əhatə dairəsinə əvvəldən daxil edilməmişdi və bu akt çərçivəsində yardım almayıblar. 

Deputat Samir Vəliyev iddia edib ki, 2001-ci ilə qədər postsovet məkanında ABŞ-nin qəbul etdiyi “Azadlığa Dəstək Aktı”ndan faydalanmayan yeganə postsovet ölkəsi Azərbaycan olub: “Beləliklə, Azərbaycan 2001-ci ilə qədər Azadlığa Dəstək Aktından faydalanmayan yeganə postsovet ölkəsi olub”, – deyə o, bildirib.

Fakt Yoxla” bu iddianının doğru olub-olmadığını yoxlayıb.

1992-ci il 6 avqustda ABŞ Konqresi tərəfindən qəbul edilən Azadlığa Dəstək Aktı SSRİ dağıldıqdan sonra Rusiya və digər yeni müstəqil dövlətlərdə demokratik idarəetmənin və açıq bazar iqtisadiyyatının formalaşmasına dəstək vermək məqsədi daşıyıb. ABŞ bu akt çərçivəsində iqtisadi islahatlara, özəlləşdirməyə, səhiyyə və təhsil sahəsinə milyardlarla dollar yardım ayırıb, vətəndaş cəmiyyəti və müstəqil medianın inkişafına dəstək verib, həmçinin enerji sektorunda əməkdaşlıq və nüvə silahlarının yayılmamasına yönəlik addımlar atıb.

Azərbaycan üçün bu aktın ən mühüm hissəsi 907-ci düzəliş olub. 1992-ci ildə qəbul edilən bu düzəlişlə ABŞ hökumətinin Azərbaycana birbaşa dövlət yardımı göstərməsi qadağan edilib. Qadağanın səbəbi kimi Azərbaycanın Qarabağ müharibəsində Ermənistan və Dağlıq Qarabağın erməni əhalisinə qarşı “blokada və təcavüz siyasəti” aparması göstərilib.

Yalnız 11 sentyabr 2001-ci ildə baş verən terror hadisələrindən sonra, Azərbaycanın ABŞ-ın Əfqanıstandakı əməliyyatlarına dəstəyi fonunda Konqres Prezidentə bu qadağaya hər il istisna tətbiq etmək səlahiyyəti verib. Belə ki, bundan sonra ABŞ prezidentlərinə aşağıdakı hallardan ən az birinin yerinə yetirilməsi şəraitində 907-ci düzəlişi bir illik dondurmaq səlahiyyəti verilib:

  • Azərbaycan beynəlxalq terrorçuluğa qarşı mübarizə üçün ABŞ-nin səylərinə dəstək verirsə;
  • Bu istisna ABŞ Silahlı Qüvvələrinin və ya koalisiya tərəfdaşlarının əməliyyat hazırlığı üçün vacibdirsə;
  • Azərbaycanın sərhəd təhlükəsizliyi üçün vacibdirsə;
  • Düzəliş sülh danışıqlarına mane olmur və Ermənistana qarşı istifadə edilmirsə.

2002-ci ilin yanvarında Prezident Corc Buş bu istisnanı ilk dəfə təsdiqləyib. 2002–2023-cü illər ərzində ABŞ prezidentləri hər il bu istisnanı imzalayıblar və Azərbaycan aktdan faydalanıb. Lakin 2023-cü ildə Azərbaycanın Dağlıq Qarabağda keçirdiyi lokal hərbi əməliyyatlardan sonra ABŞ Senatı 907-ci düzəlişə istisnanı 2024 və 2025-ci illər üçün ləğv edib. Bunun nəticəsində Azərbaycan həmin illərdə bu proqramdan kənarda qalıb. Daha sonra, Vaşinqtonda İlham Əliyevlə Donald Tramp arasında keçirilən görüşdə düzəlişin tətbiqi bir illik müddətə yenidən dondurulub.

Bununla belə, qeyd etmək lazımdır ki, Azərbaycan aktdan faydalanmayan yeganə postsovet ölkəsi olmayıb. Belə ki, akt 15 postsovet ölkəsindən yalnız 12-ni əhatə edirdi (Azərbaycan da daxil olmaqla). Müstəqilliklərini elan etmiş Baltik ölkələri – Estoniya, Latviya və Litva bu qanunun əhatə dairəsinə əvvəldən daxil edilməmişdi və bu akt çərçivəsində yardım almayıblar. 

Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, deputat Samir Vəliyevin iddiası yanlışdır.

Yanlış
  • 28 Avqust, 2025
  • 32

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə