“Yeni Müsavat” Media Qrupunun təsisçisi və rəhbəri Rauf Arifoğlu öz müsahibəsində bildirib ki, müxalif media və partiyaların hamısı Heydər Əliyev dövründə formalaşdı, gücləndi, təşkilata, struktura çevrildi.
"Fakt Yoxla" iddianın doğru olub-olmadığını yoxlayıb.
1918-ci ildə elan edilmiş Azərbaycan Xalq Cümhuriyyəti parlamentində hökuməti təmsil edən siyasi partiyalarla yanaşı, müxalif mövqedə olan partiyalar da mövcud idi. O dövrdə hökumətdə olmuş Müsavat Partiyası Cümhuriyyətin süqutundan sonra fəaliyyətini Milli Mərkəz kimi Türkiyədə davam etdirmişdi.
1989-cu ilin oktyabrın 29-da bir qrup fəal Azərbaycan Milli Demokrat Partiyası "Yeni Müsavat"ı yaradırlar. İddianın müəllifi Rauf Arifoğlu da partiyanı yaradan şəxslər sırasında idi. 1992-ci ilin noyabrında Müsavat Partiyasının III Bərpa Qurultayı keçirilib və İsa Qəmbər Partiyanın 5-ci başqanı seçilib. 1992-ci ildə qeydiyyata alınmış və surətlə təşkilatlanmış siyasi partiyalar arasında Azərbaycan Milli İstiqlal Partiyası, Ana Vətən Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası kimi partiyalar da olub.
1989-cu il iyulun 16-da Bakıda keçirilmiş gizli konfransda təsis edilən Azərbaycan Xalq Cəbhəsi hərəkatı da qısa zamanda bütün ölkədə genişlənərək mütəşəkkil siyasi təşkilata çevrilmişdi. 1992-ci ildə AXC öz lideri Əbülfəz Elçibəy ilə prezident seçkisinə qatılmış və hakimiyyətə gəldi. 1992-1993-cü illərdə hakimiyyətdə olan Azərbaycan Xalq Cəbhəsi 1995-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası adı ilə siyasi partiya olaraq qeydiyyata alınıb.
Azərbaycanda müstəqil mətbuatın da ilk nümunələri 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərinə aiddir. Məsələn, 1906-ci ildən çapa başlamış və ictimai-siyası mövzularla bağlı tənqidi mövqe ortaya qoymuş “Molla Nəsrəddin” jurnalı Azərbaycan mətbuatının ilk satirik jurnalı hesab olunur. Milli mətbuatın ilk nümunəsi olan "Əkinçi" qəzetinin yaranmasından 1918-ci ilin mayına qədərki dövrdə 40 adda qəzet çıxmış, AXC-nin 23 aylıq hakimiyyəti dövründə nəşrlərin sayı 200-ə yaxın olmuşdur.
Sovet İttifaqının son illərində və müstəqilliyin ilk illərində müstəqil media qurumlarının da yaranması və təşkilatlanması prosesi gedirdi. Azərbaycanın ilk müstəqil kütləvi qəzeti olan “Azadlıq” qəzeti öz fəaliyyətinə 1989-cu ildə başlayıb. Fəaliyyətinin ilk illərində 200 min tirajla nəşr edilən qəzet 2016-cı ildə çapını dayandırmağa məcbur edildi. 7 noyabr 1989-cu ildə Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasının mətbuat orqanı kimi “Yeni Müsavat” qəzeti təsis edilib. 1990-cı ildə yaradılan və 2025-ci ilə qədər fəaliyyətini davam etdirən Turan İnformasiya Agentliyi Keçmiş Sovet İttifaqı məkanında yaradılan ilk müstəqil informasiya agentliyi hesab olunur. 1991-ci ildə jurnalist Ağamalı Sadiq tərəfindən “Müxalifət” qəzeti yaradılıb. 1991-1993-cü illərdə yaradılmış digər media qurumları arasında ANS kanalı, 525-ci qəzet, Hürriyyət qəzetləri də var idi.
Heydər Əliyevin 1993-cü ilin sonunda hakimiyyətə gəlməsindən sonra isə Azərbaycanda həm siyasi azadlıqlar məhdudlaşıb, həm də media çətinliklərlə üzləşməyə başlayıb. “Freedom House” tərəfindən 1999-cu ildə hazırlanmış “Dünyada Azadlıq” hesabatına əsasən, həmin illərdə partiyaların seçkilərdə iştirakına məhdudiyyətlər yaradılıb. 30-dan çox siyasi partiya qeydiyyatdan keçsə də, müxalifət nümayəndələri tez-tez hakimiyyət tərəfindən təqib və həbslərlə üzləşiblər. 1998-ci ilin avqustunda senzuranın rəsmi olaraq ləğv edilməsinə baxmayaraq, hökumət müntəzəm olaraq jurnalistləri prezidenti və ya digər tanınmış dövlət rəsmilərini tənqid edən məqalələrə görə təqib edilib. Bir neçə qəzet ağır cərimələr və ya əməkdaşlarının həbsi səbəbindən maliyyə maliyyə problemləri ilə üzləşib və hökumətin nəzarətində olan nəşriyyat və yayım obyektlərindən asılı hala düşüb. 1999-cu ildə Milli Məclisin mətbuat azadlığını ciddi şəkildə məhdudlaşdıran yeni media qanununa etiraz olaraq 10-dan çox redaktor “Yeni Müsavat” qəzetinin redaksiyasında aclıq aksiyası keçirib, iddianın müəllifi Rauf Arifoğlu da həmin şəxslərdən biri olub.
Beləliklə, faktlardan da göründüyü kimi, Heydər Əliyevin prezidentlik dövründən əvvəl də Azərbaycanda müxalif partiyalar və media formalaşmışdı.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Rauf Arifoğlunun müxalif media və partiyaların hamısının Heydər Əliyev dövründə formalaşması, güclənməsi, təşkilata, struktura çevrilməsi ilə bağlı səsləndirdiyi iddia yanlışdır.