logo logo

Deyilənlərə yox, faktlara inanın

Metodologiya

“Fakt Yoxla” siyasətçilərin açıqlamalarının dəqiqliyini yoxlamaq məqsədi ilə Prezidentin, Vitse-prezidentin, Baş nazirin və hökumət nümayəndələrinin, eyni zamanda ictimai fiqurların ifadələrini, verdikləri vədləri və ölkədə media resurslarında dərc edilmiş xəbərləri yoxlayır. Yoxlama prosesi zamanı “Fakt Yoxla” aşağıdakı prinsiplərə riayət edir:

 

Tərəfsiz olmaq öhdəliyi

Fakt Yoxlanın məqsədlərindən biri də obyektiv və ədalətli jurnalistikaya töhfə verməkdir. Faktyoxla hər bir faktın yoxlanması üçün metodologiyaya uyğun olaraq eyni standartlardan istifadə edir. O heç bir tərəfə daha çox diqqət ayırmır. Hər bir faktın yoxlanması eyni prosesdən keçir və faktlar son nəticəni diqtə edir.  
Fakt yoxlayanların məqalənın hazırlanması zamanı obyektiv olmaq və metodologiyada olan qaydalara əməl etmək öhdəliyi var.  Onlar hər bir məqalənin yazılmasında şəxsi qərəzlərini kənara qoyub yalnız faktlara baxmalıdır. Hər hansı bir fərdi görüşdən yayınmaq üçün hər bir məqalə komanda üzvləri tərəfindən yoxlanılır. Maraq toqquşmasının qarşısını almaq üçün komanda üzvlərinin hər hansı bir partiya və ya icimai vəkillik təşkilatına üzv olmağa və ya əməkdaşlığına icazə verilmir.

 

Məqalələr üzərində iş prosesi

“Fakt Yoxla”nın metodologiyası və iş prosesi kompleksdir: tədqiqat-məqalə veb-səhifədə nəşr olunmadan əvvəl bir neçə əsas mərhələdən keçir.

“Fakt Yoxla” ifadələri açıqlama verən müəllifin statusuna görə deyil, səsləndirilən məlumatların əhəmiyyətinə əsasən seçir. Əlavə olaraq bunu da bildirməliyik ki, “Fakt Yoxla” heç bir siyasətçinin qiymətverici fikirlərini və ya hər hansı məsələ ilə bağlı şəxsi fikirlərini yoxlamır.

İlk mərhələdə “Fakt Yoxla” qrupu ictimai fiqurların müxtəlif media orqanlarında yayımlanan ifadələrini ardıcıl izləyir. Monitorinq prosesi ərzində qrup üzvləri fərdi şəkildə ictimai əhəmiyyət kəsb edən ifadələri qeyd edirlər. İddiaların seçilməsi zamanı xüsusilə insanların sağlamlığına zərər vura biləcək, demokratik prosesləri zədələyə biləcək, cəmiyyətdə ictimai rəyi manipulyasiyaya uğradacaq siyasi, iqtisadi, hüquqi, COVİD 19 mövzularında olan iddialara üstünlük verilir. Dövlət büdcəsindən birbaşa və dolayı yolla maliyyələşən(özəl tv-lər də daxil olmaqla), Azərbaycanda yayımlanan və etibarlı reytinq ölçən qurumların ilk yüzllüyündə olan media qurumları, 10 mindən yuxarı izləyicisi olan sosial media hesablarında dərc olunan materiallar əsas hədəf dairəsidir.

Araşdırmanın ilkin mövzuları müəyyənləşdirildikdən sonra qrup yenə bir araya gəlir və komandanın hər bir fərdi üzvü komandanın qalan hissəsinə qeydə alınmış bəyanatları təqdim edir. Daha sonra tərtib edilmiş siyahının ən maraqlı və yoxlanılabilən ifadələri rəhbər heyətlə birlikdə bütün qrup tərəfindən seçilir. Seçilən açıqlama və bəyanatlar müxtəlif komanda üzvlərinə verildikdən sonra “Fakt Yoxla” üzvləri məqalələr- tədqiqatlar üzrə faktiki işə başlayır. Tədqiqatın gedişi zamanı “Fakt Yoxla” üzvləri müxtəlif sahələrdə fəaliyyət göstərən ictimai xadimlərdən və ekspertlərdən müsahibə almaqla birlikdə bir neçə açıq mənbəni araşdırırlar. Tədqiqatımızın digər vacib hissəsi dövlət orqanlarından tələb olunan ictimai məlumatdır. Ehtiyac olduqda “Fakt Yoxla” üzvləri dərhal açıqlama müəlliflərinə və ya onların nümayəndələrinə səsləndirilən iddianın konkret aspektlərini müəyyən etmək və ya siyasətçinin istifadə etdiyi mənbəni soruşmaq üçün müraciət edir.

Mövzu ilə bağlı mümkün olan bütün məlumatlar toplandıqdan sonra “Fakt Yoxla” üzvü uyğun fakt-ölçən şkalanı tətbiq etməklə məqaləni yekunlaşdırır. Hər bir məqalə redaktor tərəfindən çox diqqətlə nəzərdən keçirilir, ondan sonra müəllif son düzəlişləri əlavə edir və məqaləni bitirir. Tədqiqat heç bir qeyri-obyektivlik əlaməti daşımadığı və oxucuda sual yaratmadığı zaman tam olaraq bitirilmiş qəbul edilir. Nəhayət, məqalə internet resursda dərc olunur.

 

Səhvlərin düzəldilməsi siyasəti

Fakt yoxlama prosesi bəzi hallarda səhv edə biləcəyimizə icazə verir. Buna görə də faktları “Fakt Yoxla” tərəfindən yoxlanmış siyasətçilər tədqiqatla və qərarımızla razılaşmırlarsa, “Fakt Yoxla” onlara müvafiq arqumentləri yazılı şəkildə göndərməyi təklif edir. Alınan sübutlar “Fakt Yoxla” heyəti tərəfindən yaxından araşdırılacaq.  İddialar təsdiqləndiyi halda, araşdırmamızı və fakt-ölçən şkala vasitəsilə verdiyimiz qiyməti yenidən nəzərdən keçirəcəyik və ya dəyişdirəcəyik.

Tədqiqata və ya məqaləyə əhəmiyyətli məlumatlar əlavə edildikdə sonra (bu məlumatlar son hökmün dəyişdirilməsinə gətirib çıxarmazsa) materialı yenidən nəzərdən keçiririk. Əlavə məlumatlar son qərarı dəyişdirə bilərsə, məqalədə düzəliş edilir. Bu təcrübə “Fakt Yoxla”nın işində maksimum obyektivliyi və siyasi tərəfsizliyi təmin etmək məqsədi ilə həyata keçirilir.

Səhvlərin düzəldilməsi siyasətilə buradan tanış ola bilərsiniz.
 

Öz faktını yoxla

“Fakt Yoxla” ictimaiyyətə özlərinin maraqlı olduqları faktları yoxlamaq üçün fürsət verərək innovativ xidmət təklif edir: Öz Faktını Yoxla. İzləyicilər yoxlamaq istədikləri faktları və xəbərləri göndərərək yoxlanmasına nail ola bilərlər. Uyğun bölmədə faktları göndərməmişdən əvvəl hansı kriteriyaları nəzərə almalı olduqları barədə məlumat verilib.

 

Şkala

“Fakt Yoxla” dərc etdiyi materialın məzmununa uyğun olaraq müxtəlif şkalalardan istifadə edir.

 

Siyasətçilərin iddiaları yoxlanırkən aşağıdakı şkaladan istifadə edilir:

Doğru – Açıqlama düzgündür və heç bir əhəmiyyətli informasiya yaddan çıxmayıb;

Əsasən doğru – Açıqlama düzgündür, ancaq bəzi aydınlaşdırmalar və əlavə informasiyalar lazımdır;

Yarı-doğru – Açıqlama qismən düzgündür, ancaq bəzi əhəmiyyətli detallar unudulub və ya bəzi informasiyalar kontekstdən kənar verilib;

Əsasən yanlış – Açıqlama bəzi doğru faktları ehtiva etsə də, çox əhəmiyyətli kritik faktları gizlədir;

Yanlış – Açıqlama doğru deyil;

Yalan – Açıqlama doğru deyil və çox absurd iddialar ehtiva edir.

Faktlarla manipulyasiya - Açıqlama dəqiq məlumatlara istinad edir, ancaq həmin məlumatlar yanlış kontekstdə dəyərləndirilir.

Qərarsız - Açıqlamanın doğru olub-olmadığı haqqında nəticəyə gələ bilmək üçün kifayət qədər mənbə yoxdur. 

 

Əgər “Fakt Yoxla” siyasətçilərin və ya dövlət qurumlarının keçmişdə verdiyi vədləri yoxlayırsa, o zaman aşağıdakı şkaladan istifadə edilir:

Vəd tutulub - Verilən vəd tamamilə yerinə yetirilib

Vəd yarım tutulub - Verilən vəd əhəmiyyətli dərəcədə yerinə yetirilsə də tam yerinə yetirilməyib

Vəd tutulmayıb - Verilən vəd ümumiyyətlə yerinə yetirilməyib.

 

Ölkə mediasında yaxud sosial mediada dərc olunan yanlış foto və videolar isə ümumilikdə saxta xəbər adı ilə qeyd olunur.

 

Əgər "Fakt Yoxla"nın "IFCN"in prinsiplərini pozduğunu düşünürsünüzsə, şikayətlər səhifəsinə keçid edərək "IFCN"i bu barədə məlumatlandıra bilərsiniz.

Öz faktını yoxla
Bizimlə əlaqə