Azərbaycanlı intellektual oyun iştirakçısı Rövşən Əsgərov bu ilin mart ayında məşhur “вДудь” kanalına verdiyi müsahibəsində Azərbaycanda siyasi məhbusların olmadığını bildirib. Aparıcının Azərbaycanda siyasi məhbusların olub-olmadığına dair sualına Rövşən Əsgərov “bildiyim qədərilə yox” deyə cavab verib.
“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını araşdırıb.
Hökumətə yaxın şəxslər mütəmadi olaraq Azərbaycanda siyasi məhbusların olmadığı barədə açıqlamalar versələr də, “Fakt Yoxla” 2023-cü ilin aprel və avqust aylarında deputat Cavid Osmanov və Vüqar İskəndərovun eyni məzmunlu iddialarını analiz edərək əsassız olduğu və Azərbaycanda insanların siyasi baxışlarına görə həbs olunduğu nəticəsinə gəlmişdi.
Qeyd olunan araşdırmalardan sonra da ölkədə siyasi məhbusların sayı artmaqda davam edib. “Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda” İttifaqı 2025-ci ilin fevral ayında siyasi məhbusların siyahısını yeniləyib. Yeni siyahıya 357 nəfərin adı daxil edilib. Bu şəxslər 12 qrupa təsnif edilib:
2025-ci ilin fevral ayında siyasi məhbusların siyahısı. Mənbə: “Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda” İttifaqı
Hökumət xüsusən 2023-cü ilin payızından etibarən ölkədə fəaliyyət göstərən müstəqil media və vətəndaş cəmiyyəti strukturlarına qarşı repressiyaları daha da gücləndirib. Həmin vaxtdan bəri çoxsaylı müstəqil media nümayəndələri, jurnalistlər, hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti üzvləri həbs olunaraq təzyiqlərə məruz qalıblar.
Siyasi məhbus anlayışının kriteriyalarına dair AŞPA-nın qətnaməsində siyahı müəyyən edilib. Həmin siyahıdakı kateqoriyalara aid şəxslər siyasi məhbus hesab edilir:
- Həbs Avropa İnsan Hüquqları Konvensiyasında və onun Protokollarında (AİHM) təsbit edilmiş əsas təminatlardan birinin, xüsusilə ifadə azadlığı və ya toplaşmaq və birləşmək azadlığı, fikir, vicdan və din azadlığını pozursa;
- Həbs heç bir cinayətə görə yox, sadəcə siyasi səbəblərlə həyata keçirilibsə;
- Siyasi səbəblərlə həbs edilənin həbs müddəti və ya şəraiti onun işlədiyi və ya şübhəli olduğu cinayətin ciddiliyinə uyğun deyilsə;
- Bu şəxslər digər insanlara nisbətən ayrı-seçkiliklə saxlanırlarsa;
- Həbs açıq-aşkar ədalətsiz bir qərar nəticəsində həyata keçirilibsə və bunun siyasi məqsədləri varsa.
Bu şərtlər yuxarıdakı siyasi məhbus siyahısında adı çəkilən şəxslərə münasibətdə ödənir. Adı siyahıda qeyd olunan şəxslərin Konvensiyada nəzərdə tutulmuş təməl hüquqları pozulur, onların şikayətlərinə məhkəmələr tərəfindən formal baxılır, təcridxanada zorakılığa və ayrı-seçkiliyə məruz qalırlar. Həmçinin siyasi məhbuslar onlarla oxşar ittihamlarla həbs edilən şəxslərdən daha ağır cəzalara məhkum edilirlər və istintaq dövründə onlar barəsində, çox nadir istisnaları çıxmaq şərtilə, yalnız həbs növündə qətimkan tədbirləri seçilir.
Hökumət media nümayəndələrinə və qeyri-hökumət təşkilatları təmsilçilərinə qarşı xüsusilə qrant vəsaitlərinin qanunsuz əldə olunması və istifadə olunması ilə bağlı ittihamlar irəli sürür, qrant vəsaitlərini qanunsuz yolla əldə edilmiş əmlak hesab edir. Lakin bu ittihamları əsaslandıracaq sübutlar təqdim edə bilmir.
Azərbaycanda insan hüquqlarının vəziyyətini izləyən Amnesty International və 16 digər beynəlxalq insan haqları təşkilatı Bakıda COP29-da iştirak edən Avropa İttifaqı liderlərinə hökumət ilə siyasi məhbus mövzusunu müzakirə etmək və onların azad edilməsini təmin etmək üçün çağırış edib. Bəyanatda “Human Rights Watch” təşkilatının yayımladığı məlumata istinad edilərək qeyd olunur ki, Azərbaycan hökumətinin müstəqil media və vətəndaş cəmiyyətinin qalan qalıqlarını, o cümlədən insan haqları müdafiəçilərini hədəf alması ilə son iki ildə insan hüquqları rekord həddə pozulur. Hökumətin istifadə etdiyi üsullar arasında siyasi motivli həbslər və saxta cinayət ittihamları ilə təqiblər, habelə qeyri-hökumət təşkilatlarını (QHT-ləri) tənzimləyən məhdudlaşdırıcı qanunların özbaşına icrası var. Sui-istifadə ilə müşayiət edilən bu tənzimləmə müstəqil fəalların, medianın və hüquq müdafiəçilərinin fəaliyyət göstərmələri üçün qanuni imkanları faktiki olaraq inkar edir, bununla da onları qanundan kənar yollara məcbur edir və cavab xarakterli cinayət təqibinə qarşı həssaslığını artırır.
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurası vaxtaşırı yayımladığı mətbuat bülletenlərində Azərbaycanda hüquq müdafiəçilərinin və jurnalistlərin həbsinin artmasından narahatlığını bildirir və Azərbaycan hökümətini müstəqil ekspertlərə və jurnalistlərə qarşı təqibi dayandırmağa çağırır.
Beləliklə, hökumətin müstəqil media nümayəndələrinə və vətəndaş cəmiyyəti fəallarına qarşı təzyiqləri gücləndirməsi, jurnalistlərin və hüquq müdafiəçilərinin kütləvi həbs edilməsi və onlara qarşı qeyri-insani rəftarın davam etməsi, ölkədə siyasi mühitin və ifadə azadlığının ciddi şəkildə məhdudlaşdırılması göstərir ki, hökumət öz müxaliflərinə qarşı siyasi motivlərlə cəzalandırma siyasətini davam etdirir.
“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Azərbaycanda siyasi motivlərə görə həbsdə olan şəxslər var və bu şəxslərin sayı günbəgün artmaqda davam edir. Rövşən Əsgərovun, Azərbaycanda siyasi məhbus olmaması ilə bağlı iddiası yalandır.