logo logo

Deyilənlərə yox, faktlara inanın

İnsan hüquqları

Cavid Osmanov: “Azərbaycanda siyasi baxışlarına görə həbsdə olan yoxdur”

Cavid Osmanov: “Azərbaycanda siyasi baxışlarına görə həbsdə olan yoxdur”

“Azərbaycanda siyasi baxışlarına görə həbsdə olan yoxdur”. Milli Məclisin deputatı Cavid Osmanov  “pravda.az”a müsahibəsində belə deyib. 

“Fakt Yoxla” deputatın iddiasının doğru olub-olmadığını yoxlayıb.

Azərbaycanda siyasi məhbus siyahısını hazırlayan mötəbər yerli təşkilatlardan biri Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrupu olub. İşçi Qrup 2020-ci ildən sonra fəaliyyətini dayandırıb. Təşkilatın axırıncı hesabatı 2020–ci ildə yayılıb. Həmin siyahıda ümumilikdə 108 siyasi məhbusun adı qeyd olunub. “Fakt Yoxla”nın açıq mənbələrdən topladığı məlumatlara əsasən, hazırda bu şəxslərdən 86-sı azadlıqdadır. 22 nəfər isə hələ də məhbus olaraq qalır. Həmin siyahıya əsasən həbsdə qalan şəxslər aşağıdakılardır:

Polad Aslanov (Jurnalist)

Zamin Salayev (AXCP üzvü)

Aqil Hümbətov (AXCP üzvü)

Niyaməddin Əhmədov(AXCP üzvü)

Taleh Bağırzadə (Müsəlman Birliyi Hərəkatının sədri)

Cabbar Cabbarov (İnanclı fəal)

Abbas Hüseynov (İnanclı fəal)

Cahad Babakişizadə (İnanclı fəal)

Seyfəddin Şirvanov (İnanclı fəal)

Əhsən Nuruzadə (İnanclı fəal)

Firudin Zeynalov (İnanclı fəal)

Elçin Əmiraslanov (Ömürlük)

Arif Kazımov (Ömürlük)

Səfa Poladov (Ömürlük)

Samir İbrahimov (Gəncə işi)

Bəkrəm Əliyev (Gəncə işi)

Həbib Qurbanov (Gəncə işi)

Oktay Hüseynzadə (Gəncə işi)

Urfan Məmmədov (Gəncə işi)

Rauf Bayramov (Gəncə işi)

Elşən Məmmədov (Gəncə işi)

Abbas Abbasov (Gəncə işi)

“Bakı İnsan Hüquqları Klubu” İctimai Birliyinin siyasi məhbus siyahısına 51, “Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” Birliyinin siyahısında 93 siyasi məhbusun adı yer alıb. 

Sonuncunun yaydığı siyahıya 6 jurnalist və bloger, 6 müxalifət partiyası üzvü, Almaniyadan deportasiya olunan 5 siyasi mühacir, 29 dindar, 8 nəfər Tərtər işi üzrə, 26 nəfər Gəncə işi üzrə məhkum olunan və 13 ömürlük azadlıqdan məhrum edilən məhbuslar daxildir. Hesabatın hazırlanmasında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müəyyən etdiyi "siyasi məhbus" anlayışı meyarlarından istifadə olunub.

Bu meyarlar AŞPA-nın 2012-ci ilin oktyabrında qəbul etdiyi 1900 saylı “Siyasi məhbuslar haqqında” Qətnamədə öz əksini tapıb. AŞPA-nın meyarlarına əsasən, həbsi Avropa İnsan Haqları Konvensiyası və protokol maddələrinin, xüsusilə də fikir, vicdan, ifadə və toplaşmaq azadlığının pozuntusu ilə müşayiət olunan və siyasi məqsədlərlə həbs olunan şəxs siyasi məhbus hesab olunur. 

“Human Rights Watch” təşkilatının 2023-cü ildə dərc etdiyi hesabatda qeyd olunub ki, Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət 2022-ci ildə də yaxşılaşmayıb, hakimiyyət öz tənqidçilərini və müxalifləri hədəf almağa davam edib. 

Hesabatda qeyd olunub ki, hakimiyyət bloger və keçmiş siyasi məhbus Rəşad Ramazanov barəsində saxta narkotik ittihamı ilə həbs qətimkan tədbiri seçib. 

“Polis Ramazanovu saxlanma məntəqəsində olarkən döyüb və onu narkotik saxlama ittihamını boynuna almağa məcbur edib. Döyülmə ilə bağlı nəticəsi olan araşdırma aparılmayıb. Ramazanov əvvəllər də saxta narkotik ittihamı ilə altı ilini həbsdə keçirmişdi və 2019-cu ildə əfv sərəncamı ilə azadlığa buraxılmışdı. Ramazanov sosial şəbəkələrdə polis özbaşınalığını və hökumət səviyyəsindəki korrupsiyanı aktiv olaraq tənqid edirdi”, – sənəddə yazılıb. 

Qeyd edək ki, yerli hüquq-müdafiə təşkilatları  Ramazanovu əvvəlki həbsi ilə bağlı da siyasi məhbus kimi tanıyıblar. Bundan başqa, beynəlxalq hüquq müdafiə təşkilatı "Amnesty International" Ramazanovu vicdan məhbusu elan etmişdi.

Hesabatda Azərbaycan hakimiyyətinin Almaniyada sığınacaq ala bilmədiyi üçün 2021-ci ildə Azərbaycana deportasiya edilmiş və əvvəllər bəzi hallarda Azərbaycan rəhbərliyini açıq şəkildə tənqid edən bir neçə şəxsə qarşı saxta narkotik ittihamı irəli sürdüyü qeyd edilib. Həmçinin, 2021-ci ilin noyabrında deportasiya edilmiş və 2022-ci ilin yanvarında həbs edilmiş Pünhan Kərimli və Cəfər Mirzəyev də bu siyahıya daxildir. Onlarla yanaşı Malik Rzayev və Mütəllim Orucov da həbs edilmişdi. 

Pünhan Kərimlinin vəkili Nemət Kərimlinin işgəncə faktının araşdırılması məqsədilə Sumqayıt şəhər Prokurorluğuna ünvanladığı şikayət də təmin olunmayıb.

Cəfər Mirzəyev polis idarəsində işgəncəyə məruz qaldığını bildirib. O qeyd edib ki, polis idarəsinə aparılanda üzərində xəsarət izi olmayıb. Amma onun narkotiklə bağlı etiraf videosu çəkiləndə sifətində xəsarət görünür. Qeyd edək ki, yerli insan hüquqları təşkilatları da onları siyasi məhbus kimi tanıyıb. 

Sənəddə bir sıra AXCP üzvlərinin də həbslərə məruz qaldığı bildirilib. Belə ki, 2022-ci ilin may ayında hakimiyyət AXCP üzvü Razi Alışovu saxta narkotik ittihamı ilə saxlayaraq barəsində həbs qətimkan tədbiri seçib. Qeyd olunub ki, hakimiyyət Alışovun polis nəzarətində işgəncələrə məruz qalması ilə bağlı iddialarını effektiv şəkildə araşdırmayıb.

O, vurulan zərbələrdən sol qulağının yaxşı eşitmədiyini deyib. Alışovun üzərində aşkar görünən xəsarət izləri olub.

Məhkəmə digər AXCP fəalı Şahin Hacıyevi isə mart ayında narkotik dövriyyəsi ilə bağlı saxta ittiham ilə 6 il müddətinə azadlıqdan məhrum edib. Şahin Hacıyev həbsindən öncə sosial şəbəkələrdə hökuməti tez-tez tənqid edirdi. O həbsdə olarkən polisə qarşı zorakılıq iddiaları irəli sürüb. 

Hacıyevin işgəncəyə məruz qalması istintaq təcridxanasının arayışından da təsdiq olunur. Orada göstərilib ki, AXCP fəalı istintaq təcridxanasına gətiriləndə ayağının altında, bud nahiyəsində xəsarət izləri olub. Hacıyev həbsindən iki gün öncə sosial media hesabından paylaşımında Prezident İlham Əliyevi Müəmmər Qəddafi ilə müqayisə etmişdi.

Həmçinin, sosial mediada hakimiyyəti sərt tənqid edən AXCP üzvü Elxan Əliyev martda, müxalif Müsavat Partiyasının üzvü Əlikram Xurşidov iyulda saxlanılıblar və 30 gün həbsdə qalıblar.  Yerli insan hüquqları təşkilatları da onların siyasi məhbus olduğunu təsdiqləyib.

Təşkilat əlavə edib ki, hakimiyyət çoxsaylı tənqidçiləri saxta xuliqanlıq və ya polisin tələblərinə tabe olmama ittihamları ilə bağlı formal məhkəmə proseslərindən sonra 30 günə qədər həbsdə saxlayıb.

2023-cü il yanvarın 11-də ABŞ Dövlət Departamenti dünya ölkələrindəki siyasi məhbusların azadlığa buraxılması üçün təşəbbüs irəli sürdüyünü elan edib. Bəyanatda 16 siyasi məhbusun adları xatırlanıb ki, bu adlar arasında azərbaycanlı jurnalist və hüquq müdafiəçisi Elçin Məmməd də yer alıb. 

"Ədliyyə sistemindən insan haqlarını müdafiə edənləri cəzalandırmaq üçün deyil, ədalət axtarmaq üçün istifadə edilməlidir. Elçin Məmməd Azərbaycanda aztəminatlı ailələrə və qeyri-kommersiya təşkilatlarına pulsuz hüquqi yardım göstərən jurnalist və hüquqşünasdır. O, 2020-ci ilin martında Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı tənqidi hesabat dərc etdikdən qısa müddət sonra həbs olunub və iddia edilən ittihamlarla dörd il müddətinə azadlıqdan məhrum edilib. Elçin Məmməd və digər bütün siyasi məhbuslar dərhal və qeyd-şərtsiz azad edilməlidir", – deyə bəyanatda bildirilib.

“Fakt Yoxla”, ictimai fəal Bəxtiyar Hacıyevin də həbsinin siyasi motivli olduğu qənaətinə gəlmişdi. Belə ki, Hacıyevin məhkəməyə qədərki icraatda həbs edilməsi həm cinayət prosessual qanunvericiliyin, həm Ali Məhkəmənin Plenum qərarının, həm də Prezidentin imzaladığı sərəncamın tələblərini pozmaqla həyata keçirilib. Bir sıra beynəlxalq təşkilatlar və qurumlar Azərbaycan hökümətinə səslənərək ictimai fəalın azad edilməsini tələb edib. 

Beləliklə, Azərbaycanda hələ də siyasi baxışlarına görə həbsdə olan şəxslər var. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə Cavid Osmanovun iddiası yalandır.

Yalan
  • 3 Aprel, 2023
  • 1440

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə