Yerli mediada ABŞ-nin münaqişələri qızışdırmaqda ittiham edilməsi geniş yayılmış anti-Qərb ritorikasının bir parçasıdır. “Fakt Yoxla” əvvəlki yazılarının birində oxşar məlumatların məqsədyönlü şəkildə təhrif edildiyini araşdırmışdı.
Növbəti iddianı sabiq deputat Elşad Mirbəşiroğlu irəli sürüb. O, martın 13-də "Sherg.az" portalında dərc edilmiş açıqlamasında bildirib ki, demokratların hakimiyyəti dövründə Amerika və Azərbaycan münasibətlərində neqativ elementlər açıq şəkildə müşahidə olunurdu:
"...Həmin vaxt (İkinci Qarabağ müharibəsi – red.) Azərbaycana qarşı siyasi hücumu ilk təşkil edən Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti və Konqresi oldu. Konqresdə Azərbaycana qarşı bir sıra qətnamələr qəbul edildi. Demokratlar Ermənistandan özlərinin geosiyasi məqsədlərinin bir aləti kimi istifadə etmək niyyətindəydilər. Eyni zamanda Cənubi Qafqaz regionunda münaqişənin qalmasında maraqlıydılar".
"Fakt Yoxla" açıqlamanı təhlil edib.
ABŞ-nin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və münaqişənin dayandırılması prosesində ATƏT-in Minsk Qrupunun vasitəsilə münaqişənin sülh yolu ilə həllini vurğuladığını rəsmi sənədlərdə görə bilərik. Xüsusilə, 2001-ci il Ki-Vest sülh danışıqlarından etibarən ABŞ-nin aparıcı müzakirəçi olaraq dialoqda iştirakı və eləcə də, 2004-cü il Praqa və 2007-ci il Madrid razılaşmalarının əldə olunmasındakı tərəfdaşlığı buna nümunədir.
Müsahibədəki iddiadan fərqli olaraq İkinci Qarabağ müharibəsi ərzində ABŞ Konqresi Azərbaycana qarşı hər hansı qətnamə qəbul etməyib. Həmin dövrdə Demokratlar partiyasından olan senator Bob Menendez 11 nəfər həmkarı ilə birgə sabiq dövlət katibi Mayk Pompeoya məktub göndərərək Azərbaycana təhlükəsizlik yardımını dayandırmağa çağırış etsə də, yekun nəticə baş tutmamışdı. ABŞ Müdafiə Nazirliyi Azərbaycana edilən yardımın rəsmi Vaşinqtonun milli təhlükəsizlik maraqlarına uyğun olduğunu qeyd etmişdi.
Açıqlamadakı ittihamın əksinə 2020-ci il Qarabağ müharibəsinin ilk günündə Dövlət Departamenti sülhə nail olmaq üçün tərəflərə kömək etməyə sadiq qaldığını bildirən açıqlama yayıb. Bəyanatda kənar qüvvələrin təsiri ilə artan şiddətin faydasız olacağı və regional gərginliyi daha da artıracağı vurğulanıb. Ardınca sentyabrın 29-da keçmiş ABŞ Dövlət Katibi Mayk Pompeo hər iki tərəfi zorakılığı dayandıraraq danışıqlara qayıtmağa çağırmışdı.
Eyni zamanda, sabiq deputat demokratların Ermənistandan istifadə etmək niyyəti ilə onlara təsir etdiyini bildirsə də, İkinci Qarabağ müharibəsi zamanı Senatda say üstünlüyü, həmçinin də prezidentlik respublikaçılarda olub. Demokratlar 2020-ci il prezident seçkilərində qələbə qazandıqdan sonra da Qarabağ münaqişəsinin sülh yolu tənzimlənməsi prosesinə töhfəsini davam etdirib. Belə ki, sabiq prezident Co Bayden 19 mart 2021-ci ildə İlham Əliyevə göndərdiyi məktubda Azərbaycan-Ermənistan arasında barışığa çağırış etmişdi.
Qeyd edək ki, müharibə dövründəki ABŞ-Azərbaycan münasibətlərinin mülayimliyi Ermənistan ictimaiyyətində mənfi ictimai rəyə də səbəb olmuşdu. Belə ki, Konqres və Dövlət Departamentinin fəaliyyəti ABŞ-dəki erməni icması tərəfindən etiraz aksiyaları ilə müşayiət edilmişdi.
Xülasə, 2019-cu ildə ABŞ təmsilçilərinin ATƏT-dəki həmsədrliyi ilə bağlı konqresə verdikləri hesabatda Cənubi Qafqazda sülh və stabilliyin xarici siyasətinin əsas predmeti olaraq bəyan edilib. Eləcə də, münaqişənin həm atəşkəs, həmçinin aktiv hərbi dövrlərində ABŞ Dövlət Departamentinin bəyanatlarında regional təhlükəsizliyə çağırış olunub.
Qeyd olunan faktlar iddianın əssasız olduğunu sübut edir.
“Fakt Yoxla”nın qənaətincə, sabiq deputatın şərhi anti-Qərb propaqandasıdır.