logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Zahid Oruc: “Qərbi azərbaycanlıların qaçqınlıq statusu ləğv olunmayıb”

Zahid Oruc: “Qərbi azərbaycanlıların qaçqınlıq statusu ləğv olunmayıb”

Milli Məclisin İnsan hüquqları komitəsinin təşkilatçılığı ilə martın 3-də parlamentdə “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda keçirilən ictimai dinləmədə çıxış edən komitə sədri Zahid Oruc bildirib ki, “Qərbi azərbaycanlıların qaçqınlıq statusu ləğv olunmayıb”.

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını araşdırıb.

Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Qanuna əsasən, Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən şəxs qaçqın adlanır.

Qərbi azərbaycanlılar dedikdə birinci Qarabağ müharibəsinədək Ermənistanda yaşayan, amma münaqişəyə görə qaçqın düşən azərbaycanlılar nəzərdə tutulur. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin açıqladığı məlumata görə, 1988-1992-ci illərdə 250 min nəfər etnik azərbaycanlı Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində yaşadıqları yeri tərk etməyə məcbur qalıb və Azərbaycana gəlib.

1998-ci ildə qəbul edilmiş “Azərbaycan vətəndaşlığı haqqında”Qanun əsasında Ermənistandan gələn qaçqınlara kütləvi şəkildə Azərbaycan vətəndaşlığı verilib. Qanunun 5-ci Maddəsinin 3-cü bəndində bildirilir ki, 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan ərazisində məskunlaşmış qaçqınlar Azərbaycan vətəndaşı sayılırlar. Həmin dövrdən etibarən, Ermənistandan Azərbaycana köçən qaçqınlara Azərbaycan vətəndaşlığı verilib. “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Qanunun 14-cü Maddəsinə görə, Azərbaycan vətəndaşlığı alan qaçqınlar qaçqın statuslarını itirirlər. 

Ermənistandan Azərbaycana gəlmiş qaçqınlara 1999-cu ildən etibarən vətəndaşlıq verildikdən sonra onların adları BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının siyahısından da çıxarılıb. Ən son məlumatına görə, hazırda Azərbaycanda qaçqın statusu olan şəxslərin sayı 6466 nəfər ki, onların da 92 faizini Ukrayna və Əfqanıstan mənşəli şəxslər təşkil edir.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Zahid Orucun iddiası yanlışdır

Yanlış
  • 30 Mart, 2023
  • 1559

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə