logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Hikmət Hacıyevin yanlış iddiası: USAID heç vaxt Cənubi Qafqazda humanitar fəaliyyətlə məşğul olmayıb

Hikmət Hacıyevin yanlış iddiası: USAID heç vaxt Cənubi Qafqazda humanitar fəaliyyətlə məşğul olmayıb

Xəbərin qısa icmalı

- Prezidentin köməkçisi Hikmət Hacıyev USAID-in Cənubi Qafqazda heç vaxt humanitar fəaliyyətlə məşğul olmadığını bildirib. 

USAID koronovirusla mübarizəyə qarşı  Azərbaycana 6,6 milyon, Ermənistana 13,9 milyon, Gürcüstana isə 27,2 milyon dollar dəstək göstərib. Azərbaycana edilən yardım səhiyyə müəssisələrinin gücləndirilməsi, tibbi avadanlıq və qoruyucu vasitələrin təminatı, həmçinin əhalinin virusla bağlı maarifləndirilməsi üçün xərclənib. 

Birinci Qarabağ müharibəsindən sonra Azərbaycandakı böhran vəziyyətinə humanitar yardım göstərən əsas təşkilat USAID olub. Qurum 1992-ci ildən 2017-ci ilədək Azərbaycanın məcburi köçkün, qaçqın və müharibədən zərər çəkmiş əhalisinə 140 milyon dollardan artıq humanitar yardım ayırıb.  

Təşkilat 1988-ci ildə baş vermiş Spitak zəlzələsi nəticəsində evlərini itirmiş 3 mindən çox ailə üçün mənzil tikib və yardımlar göstərib. Ümumillikdə, USAID 1992-ci ildən 2018-ci ilədək Ermənistan əhalisinə tibbi və sosial ehtiyaclar üzrə 1 milyard dollardan çox humanitar yardım edib, səhiyyə xidmətlərinin gücləndirilməsi, ərzaq və tibbi təminat, sığınacaq və sosial dəstək proqramlarını dəstəkləyib. 

2008-ci ildə Rusiyanın Gürcüstanı işğalı zamanı xüsusilə məcburi köçkün və zərərçəkmişlərin tibbi müdafiəsi zamanı qurum ərzaq, məskunlaşma yerlərində sığınacaq və infrastrukturun bərpası layihələrinə 40 milyon dollar həcmində humanitar yardım göndərib. Geniş tərkibdə isə USAID 1992-ci ildən bəri Gürcüstana 1,9 milyard dollardan artıq vəsait ayıraraq səhiyyə, təhsil, sosial dəstək və infrastruktur layihələrini dəstəkləyib. 

Bir neçə ildir ki, rəsmi Bakı və hökumətyönlü media ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) sərt tənqid edir. “Fakt Yoxla” daha öncə mövzu ilə bağlı bəzi saxta iddiaları müəyyən etmişdi.

Bu məzmunda yeni bir iddianı Prezidentin köməkçisi Hikmət Hacıyev irəli sürüb. O, USAID-in Cənubi Qafqazda heç vaxt humanitar fəaliyyətlə məşğul olmadığını bildirib. İddia bir çox yerli saytlar tərəfindən xəbər başlığı kimi təqdim edilib. 

“Fakt Yoxla” iddianın doğru olub-olmadığını araşdırıb.

USAID 1990-cı illərin əvvəllərindən etibarən Azərbaycan, Ermənistan və Gürcüstana müxtəlif sosial-iqtisadi inkişaf layihələri həyata keçirib. Humanitar yardım proqramı isə təşkilatın hər üç ölkədəki fəaliyyətinin əsas istiqamətlərindən biri olub.

Qurumun Cənubi Qafqazdakı irimiqyaslı humanitar yardımlarını bariz şəkildə nümayiş etdirən ən yaxın dövr COVID-19 pandemiyası illəridir. USAID koronovirusla mübarizəyə qarşı  Azərbaycana 6,6 milyon, Ermənistana 13,9 milyon, Gürcüstana isə 27,2 milyon dollar dəstək göstərib. Azərbaycana edilən yardım səhiyyə müəssisələrinin gücləndirilməsi, tibbi avadanlıq və qoruyucu vasitələrin təminatı, həmçinin əhalinin virusla bağlı maarifləndirilməsi üçün xərclənib.

Birinci Qarabağ müharibəsindən sonra Azərbaycandakı böhran vəziyyətinə humanitar yardım göstərən əsas təşkilat USAID olub. Qurum 1992-ci ildən 2017-ci ilədək Azərbaycanın məcburi köçkün, qaçqın və müharibədən zərər çəkmiş əhalisinə 140 milyon dollardan artıq humanitar yardım ayırıb. Təkcə 1997-2001-ci illərdə USAID-in dəstəyi ilə fəaliyyət göstərən bir neçə təşkilatdan biri olan “World Vision” birliyi 126,000 nəfərə ərzaq yardımı edib, 27,000 nəfər üçün əsas sanitariya qurğuları inşa edib və 10,000 nəfərə qış geyimi paylayıb. Eyni illərdə dəstəklənmiş digər proqramı olan "Save the Children" vasitəsilə isə 20 mindən artıq azyaşlıya tibbi xidmət, on minlərlə ailəyə ərzaq və toxum yardımları göstərilib. 

USAID humanitar missiyasını Ermənistanda da yerinə yetirib. Təşkilat 1988-ci ildə baş vermiş Spitak zəlzələsi nəticəsində evlərini itirmiş 3 mindən çox ailə üçün mənzil tikib və yardımlar göstərib. Ümumillikdə, USAID 1992-ci ildən 2018-ci ilədək Ermənistan əhalisinə tibbi və sosial ehtiyaclar üzrə 1 milyard dollardan çox humanitar yardım edib, səhiyyə xidmətlərinin gücləndirilməsi, ərzaq və tibbi təminat, sığınacaq və sosial dəstək proqramlarını dəstəkləyib.

USAID-in humanitar yardım proqramları Gürcüstanı da əhatə edib. Xüsusilə, bu dəstək 2008-ci ildə Rusiyanın Gürcüstanı işğalı zamanı xüsusilə məcburi köçkün və zərərçəkmişlərin tibbi müdafiəsi zamanı özünü göstərib. Belə ki, qurum ərzaq, məskunlaşma yerlərində sığınacaq və infrastrukturun bərpası layihələrinə 40 milyon dollar həcmində humanitar yardım göndərib. Geniş tərkibdə isə USAID 1992-ci ildən bəri Gürcüstana 1,9 milyard dollardan artıq vəsait ayıraraq səhiyyə, təhsil, sosial dəstək və infrastruktur layihələrini dəstəkləyib. 

USAID-in Cənubi Qafqaz ölkələrinə etdiyi yardımların məzmunu barədə Foreignassistance.gov adlı platformadan detallı məlumat əldə etmək mümkündür.

Beləliklə, USAID Cənubi Qafqazda yerləşən hər üç ölkədə humanitar layihələr icra edib, bu ölkələrə humanitar yardımlar edib. Yuxarıda da paylaşılan məlumatlardan Hikmət Hacıyevin iddiasının yanlış olduğunu görmək olar.

“Fakt Yoxla”nın qənaətincə, Hikmət Hacıyevin iddiası yanlışdır.

Yanlış
  • 27 Avqust, 2025
  • 75

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə