logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

XİN-in hərbi əsirlər açıqlaması

XİN-in hərbi əsirlər açıqlaması

Avropa İttifaqının (Aİ) sözçüsü Peter Stano şəxsi tvitter hesabında 5 erməni əsirin qaytarılması ilə bağlı paylaşdığı tvitdə digər əsirlərin də dərhal geri qaytarılmasının vacibliyini və bunun sülhün davamlılığına töhfə verəcəyini bildirib.

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Aİ sözçüsünün bu açıqlamasına münasibət bildirib: “Nə beynəlxalq humanitar hüquqa, nə də heç bir konvensiyaya əsasən bu şəxslər hərbi əsir hesab edilirlər. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, terror aktları törədən bu insanlar cinayət məsuliyyətinə cəlb olunublar və onların istintaqı davam etdirilir”.

“Fakt Yoxla” XİN-in bu açıqlamasını analiz edir. 

Azərbaycan, Ermənistan və Rusiya arasında bağlanmış 10 noyabr Bəyanatının 8-ci bəndinə əsasən tərəflər arasında hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir. Bəyanatın bu bəndi 44 günlük müharibə dövründə hərbi əsir düşmüş şəxsləri nəzərdə tutur.    

Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda isə deyilir ki, dekabrın 11-də, səhər saatlarında Azərbaycan Silahlı Qüvvələri Rusiya sülhməramlılarının bölgəyə yerləşməməsindən istifadə edərək Hin Tager və Xtsaberd (Böyük Tağlar və Çaylaqqala) istiqamətində hücuma keçmiş, nəticədə 6 nəfər qondarma DQR hərbçisi öldürülmüşdür. 

Separatçı DQR “Müdafiə Nazirliyi”nin məlumatına görə isə Hadrut bölgəsinin Hin Tager (Böyük Tağlar) və Xtsaberd (Çaylaqqala) kəndləri istiqamətində bir neçə döyüş mövqeyinin şəxsi heyəti ilə əlaqə itib. 

Rəsmi Bakı isə 13 dekabrda bununla bağlı bildirib ki, Hadrut qəsəbəsinin şimal-qərb hissəsində qalmış bəzi erməni silahlı birləşmələri son günlər Azərbaycan tərəfdən mülki şəxslərə və hərbi qulluqçulara qarşı terror-təxribat və diversiya əməlləri törətmişlər

Lakin Azərbaycan tərəfi hadisənin Xocavənd rayonunun Sur kəndində baş verdiyini bildirir. Müdafiə Nazirliyi (MN) və Dövlət Təhlükəsizlik Xidməti (DTX) bildirir ki, 2020-ci il noyabrın 26-da işğaldan azad olunmuş Xocavənd rayonunun Sur kəndində azərbaycanlı hərbçilərə qəfil hücum nəticəsində 3 hərbi qulluqçumuz öldürülmüş, 2 nəfər yaralanmış, dekabrın 8-də isə bir hərbçi öldürülmüş və bir mülki şəxs ağır yaralanmışdır. DTX həmin ərazidə anti-terror əməliyyatı keçirmək məcburiyyətində qalmışdır.

Bundan sonra - dekabrın 13-ü rus sülhməramlıları həmin əraziyə daxil olub və ərazini nəzarətə götürüblər

15 dekabrda yayımlanan xəritədə isə həmin kəndlər Azərbaycanın nəzarətinə qaytarılıb.

Rusiya rəsmiləri xəritə barədə şərh verməsələr də, Kremlin mətbuat katibi Dmitri Peskov  deyib: “Dağlıq Qarabağda narahatedici vəziyyət yaşanıb, lakin bu, çox operativ şəkildə aradan qaldırılıb".

Azərbaycanın dekabrın 28-də BMT-nin Baş Katibinə ünvanladığı məktubda isə saxlanılan 62 nəfərin Ermənistanın Şirak bölgəsindən gəlmiş hərbçilər olduğu, onların Azərbaycan ərazisinə terror törətmək məqsədilə göndərildiyi bildirilir

Ermənistan Xarici İşlər Nazirliyinin yanvarın 9-da yayılan açıqlamasında əsir götürülən şəxslərin hərbi əsirlər olduğu və icraçı şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyi bildirilir

Ümumiyyətlə, hərbi əsir statusu beynəlxalq hüquqda və konvensiyalarda aşağıdakı kimi izah edilir:

Beynəlxalq humanitar hüquqa əsasən “Döyüşənlər hücumda və ya hücuma hazırlıq əməliyyatında olarkən mülki əhalidən fərqlənməlidirlər. Bunu etmədikləri təqdirdə, hərbi əsir statusu almaq hüququ yoxdur”(Qayda 106). 

Düşmən yaxınlaşdıqda özlərini nizami silahlı qüvvə halına gətirməyə vaxt tapmadan işğalçılara müqavimət göstərmək üçün silah götürən insanlar açıq şəkildə silah gəzdirdikləri və beynəlxalq humanitar hüquqa hörmət etdikləri təqdirdə müharibə əsiri statusu ala bilərlər. Bu, Lieber Məcəlləsində, Brüssel Bəyannaməsində və Haaqa Reqlamentində tanınmış beynəlxalq adət hüququdur. Bu qayda Üçüncü Cenevrə Konvensiyasında da təsbit edilib. 

Hərbi əsirlər ilə rəftara dair 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasına görə, hərbi əsir kateqoriyasına düşən şəxslər belə sadalanır: Silahlı qüvvələrin üzvləri (müharibə adətlərinə və qanunlarına riayət edirlərsə, məsuliyyət daşıyan başçıları varsa, açıq şəkildə silah gəzdirirlərsə və uzaqdan seçilən fərqləndirmə nişanları varsa); silahlı qüvvələrin üzvləri olmayan, amma onlar tərəfindən icazə verilmiş şəxslər (hərbi təyyarə heyətlərinin mülki üzvləri, hərbi müxbirlər, təchizatçılar); ticarət donanması üzvləri. 

Üçüncü Cenevrə Konvensiyasının ikinci protokolu Cenevrə Konvensiyasına əlavə birinci protokolun əhatə etmədiyi bütün silahlı münaqişələr üçün keçərlidir. Bu protokol daha çox dissident qruplarla münaqişəni tənzimləyir. Dissident qruplar bu şərtləri ödəsə, hərbi əsir hesab oluna bilərlər: vahid komandanlıq altında olsalar, ərazinin bir hissəsində nəzarət onların əlində olsa və koordinasiyalı silahlı əməliyyatlar həyata keçirsələr. 

Təbii ki, yuxarıda hərbi əsirlər üçün sadalanan kriteriyalar dissident qruplara da şamil olunur. Lakin, bu protokol dissident qrupun törətdiyi təsadüfi zorakılıq aktını silahlı münaqişə kimi qəbul etmir və ona görə də o qrup üzvləri hərbi əsir hesab olunmurlar. 

Mövcud vəziyyəti nəzərə alsaq, konvensiyalarda hərbi əsir statusu almaq üçün lazım olan şərtlərin bu halda nə qədər ödənildiyini demək mümkün deyil. Saxlanılan şəxslərin vahid komandanlıq altında olub-olmadığı, uzaqdan seçilən fərqlənmə nişanlarına sahub olub-olmadıqları qeyri-müəyyəndir. Əməliyyatların aparıldığı ərazi də məlum deyil. 

Azərbaycan tərəfi hərbçilərin işğaldan azad edilmiş ərazilərdə, erməni tərəfi isə Köhnə Tağlar və Çaylaqqala kəndlərində saxlandığını bildirir. 

Həmin ərazilərdə beynəlxalq monitorinq olmadığı üçün tərəflərin açıqlamaları yekun nəticəyə çatmaqda yanıldıcı ola bilər. Rusiya tərəfi də baş verən hadisələrlə bağlı detallı açıqlama verməyib.

“Fakt Yoxla” saxlanılan şəxslərin hərbi əsir olub-olmadığı barədə qərarsızdır

Maraq toqquşması: “Fakt Yoxla” qəbul edir ki, dövlətlər rəsmi açıqlamalarında öz maraqlarını nəzərə ala bilərlər. Məhz bu səbəbdən, etimad olunan müstəqil və tərəfsiz qurumlar və yaxud tərəflərdən hər hansı biri təkzibolunmaz faktlar təqdim etmədikcə, “Fakt Yoxla”nın iddiaları qiymətləndirməsi mümkün olmur və bu iddiaların hansısa birinə üstünlük vermək “IFCN”in prinsiplər kodeksi əsasında fəaliyyət göstərən “Fakt Yoxla”nın missiyasına ziddir. 

 

 

Beynəlxalq humanitar hüquq,

https://ihl-databases.icrc.org/customary-ihl/eng/docs/v1_rul_rule106

Üçüncü Cenevrə konvensiyası

https://ihl-databases.icrc.org/ihl/full/GCIII-commentary

Üçüncü Cenevrə Konvensiyasının ikinci protokolunun birinci maddəsi 

https://www.ohchr.org/en/professionalinterest/pages/protocolii.aspx

 

 

Qərarsız
  • 18 Mart, 2021
  • 1017

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə