logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Səttar Möhbalıyev: “Bir milyondan artıq məcburi köçkünün tapdanmış hüquqları AŞPA-nı maraqlandırmadı”

Səttar Möhbalıyev: “Bir milyondan artıq məcburi köçkünün tapdanmış hüquqları AŞPA-nı maraqlandırmadı”

Xəbərin qısa icmalı

Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib ki, bir milyondan artıq məcburi köçkünün tapdanmış hüquqları üçün AŞPA bir dəfə də olsun səsini çıxarmayıb.

- Almaniya və İspaniya sosialist qruplarının təmsilçiləri tərəfindən AŞPA-ya təqdim olunan 7182 saylı “Dağlıq Qarabağ münaqişəsi” adlı hesabat nəticəsində 1994-cü il noyabrın 10-da AŞPA Dağlıq Qarabağdakı münaqişəyə dair 1047 (1994) saylı qətnamə qəbul edib.

- Fransanın Avropa Xalq Partiyası Qrupundan Jean Seitlingerin AŞPA-ya təqdim etdiyi 7793 saylı hesabata əsasən, 1997-ci il aprelin 22-də AŞPA Cənubi Qafqazdakı münaqişələrə dair 1119 (1997) saylı qətnamə qəbul edib. Qətnamənin 10-cu bəndində qeyd olunub ki, AŞPA münaqişənin siyasi yolla nizama salınmasına nail olmağa, bunun sayəsində işğal olunmuş ərazilərin azad edilməsinə, qaçqınların və köçkünlərin geri qayıtmasına çağırır.

- AŞPA-nın Miqrasiya, Qaçqınlar və Əhali üzrə Komitəsindən İsveçrəli məruzəçi Ruth-Gaby Vermotun 9480 saylı 2002-ci il tarixli “Ermənistan, Azərbaycan və Gürcüstanda qaçqın və köçkünlərin vəziyyəti” adlı hesabatı əsasında həmin il AŞPA-nın 1570 saylı tövsiyyə qərarını qəbul edilib. Hesabatda bildirilib ki, Cənubi Qafqazda 1 milyondan artıq insan öz yurd-yuvasından didərgin düşüb ki, bu rəqəmin təqribən 900 mini Azərbaycandadır.

- AŞPA-nın 2005-ci ildə qəbul etdiyi “ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə” adlı 1416(2005) saylı Qətnaməsində bildirilib ki, yüz minlərlə insan hələ də köçkün və acınacaqlı şəraitdə yaşayır, Azərbaycan ərazisinin xeyli hissəsi hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altındadır və separatçı qüvvələr hələ də Dağlıq Qarabağ bölgəsinə nəzarət edir.

- AŞPA-nın Miqrasiya, Qaçqınlar və Əhali üzrə Komitəsindən Latviyalı məruzəçi Boriss Cilevics tərəfindən 2006-ci il fevralın 6-da təqdim olunan “Ermənistan, Azərbaycan və Gürcüstanda qaçqın və məcburi köçkünlər” adlı 10835 saylı hesabata əsasən 2006-cı il aprelin 13-də AŞPA eyni adlı 1497 saylı qətnamə qəbul edib. Bildirilib ki,  Ermənistan, Azərbaycan və Gürcüstan qaçqınların və köçkünlərin öz doğma yerlərinə təhlükəsiz və ləyaqətlə könüllü qayıtmaları üçün şərait yaratmaq məqsədilə bütün səylərini regionda münaqişələrin sülh yolu ilə həllinə yönəltməlidir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib ki, bir milyondan artıq məcburi köçkünün tapdanmış hüquqları üçün AŞPA bir dəfə də olsun səsini çıxarmayıb.

Burada “səsini çıxarmadı” ifadəsi AŞPA-nın məcburi köçkünlər haqqında açıqlama verməməsi, onların hüquqlarından danışmaması başa düşülür.

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb. 

Almaniya və İspaniya sosialist qruplarının təmsilçiləri tərəfindən AŞPA-ya təqdim olunan 7182 saylı “Dağlıq Qarabağ münaqişəsi” adlı hesabat nəticəsində 1994-cü il noyabrın 10-da AŞPA Dağlıq Qarabağdakı münaqişəyə dair 1047 (1994) saylı qətnamə qəbul edib. Qətnamənin 2-ci bəndində qeyd olunub ki, 1988-ci ildə başlanmış bu münaqişə nəticəsində 1 milyondan çox insan öz yerlərindən didərgin düşüb. 6-cı bənddə bildirilib ki, 1251 saylı tövsiyədə nəzərdə tutulduğu üzrə, AŞPA birinci dərəcəli iş kimi tərəfləri qaçqınların doğma torpaqlarına qayıtmaları üçün şərait yaratmağa və azlıqların hüquqlarına hörmət etməyə çağırır.

Fransanın Avropa Xalq Partiyası Qrupundan Jean Seitlingerin AŞPA-ya təqdim etdiyi 7793 saylı hesabata əsasən, 1997-ci il aprelin 22-də AŞPA Cənubi Qafqazdakı münaqişələrə dair 1119 (1997) saylı qətnamə qəbul edib. Qətnamənin 10-cu bəndində qeyd olunub ki, AŞPA münaqişənin siyasi yolla nizama salınmasına nail olmağa, bunun sayəsində işğal olunmuş ərazilərin azad edilməsinə, qaçqınların və köçkünlərin geri qayıtmasına çağırır. Həmçinin, qətnamənin 5-ci bəndində bildirilib ki, qaçqınların və köçkünlərin geri qayıtmaq hüququ və insan hüquqlarına hörmət əsasında onların yenidən inteqrasiyası 1975-ci il Helsinki Yekun Aktının və 1990-cı il Paris Xartiyasının prinsiplərinə uyğun olaraq razılaşdırılmalıdır.

AŞPA-nın Miqrasiya, Qaçqınlar və Əhali üzrə Komitəsindən İsveçrəli məruzəçi Ruth-Gaby Vermotun 9480 saylı 2002-ci il tarixli “Ermənistan, Azərbaycan və Gürcüstanda qaçqın və köçkünlərin vəziyyəti” adlı hesabatı əsasında həmin il AŞPA-nın 1570 saylı tövsiyyə qərarını qəbul edilib. Hesabatda bildirilib ki, Cənubi Qafqazda 1 milyondan artıq insan öz yurd-yuvasından didərgin düşüb ki, bu rəqəmin təqribən 900 mini Azərbaycandadır. Bildirilib ki, Azərbaycan dünyada adambaşına düşən ən böyük qaçqın və köçkün yükünə malikdir ki, onların bir qismi Dağlıq Qarabağdan və 1990-93-cü illər arasında bir neçə dalğada Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş səkkiz rayondan gəliblər. Əlavə edilib ki, daha 150 min nəfəri isə əsasən 1988-ci ildə Ermənistandan qaçan azərbaycanlı qaçqınlardır. Bu hesabat əsasında qəbul edilən tövsiyyədə bildirilib ki,  hər 3 ölkə öz doğma yerlərinə qayıtmaq istəyən bütün qaçqın və köçkünlərin geri qaytarılması məqsədi ilə regiondakı münaqişələrin sülh yolu ilə həlli istiqamətində səmimi səylərini davam etdirməlidir.

AŞPA-nın 2005-ci ildə qəbul etdiyi “ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə” adlı 1416(2005) saylı Qətnaməsində bildirilib ki, yüz minlərlə insan hələ də köçkün və acınacaqlı şəraitdə yaşayır, Azərbaycan ərazisinin xeyli hissəsi hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altındadır və separatçı qüvvələr hələ də Dağlıq Qarabağ bölgəsinə nəzarət edir. Qurum bu qətanamədə üzv dövlət tərəfindən xarici dövlət ərazisinin işğalının həmin dövlətin Avropa Şurasının üzvü kimi öz üzərinə götürdüyü öhdəliklərin ciddi şəkildə pozulması demək olduğunu xatırladıb və münaqişə ərazisindən köçkün düşmüş şəxslərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtması hüququnu təsdiq edib. Bu qətnamədə AŞPA həmçinin Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi və həmin ərazilərdə yaşayan insanların öz yerlərindən didərgin düşməsini təsdiq edən BMT TŞ-nın 822(1993), 853(1993), 874(1993) və 884(1993) saylı qətnamələrini xatırladıb. 

AŞPA-nın Miqrasiya, Qaçqınlar və Əhali üzrə Komitəsindən Latviyalı məruzəçi Boriss Cilevics tərəfindən 2006-ci il fevralın 6-da təqdim olunan “Ermənistan, Azərbaycan və Gürcüstanda qaçqın və məcburi köçkünlər” adlı 10835 saylı hesabata əsasən 2006-cı il aprelin 13-də AŞPA eyni adlı 1497 saylı qətnamə qəbul edib. Bildirilib ki,  Ermənistan, Azərbaycan və Gürcüstan qaçqınların və köçkünlərin öz doğma yerlərinə təhlükəsiz və ləyaqətlə könüllü qayıtmaları üçün şərait yaratmaq məqsədilə bütün səylərini regionda münaqişələrin sülh yolu ilə həllinə yönəltməlidir.

Əlavə olaraq qeyd edək ki, 2008-ci il iyunun 24-də AŞPA-da “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” adlı 1614 saylı qətnamə qəbul edilib. Qətnamədə xüsusi olaraq məcburi köçkünlərdən bəhs olunmasa da, qətnamənin 25.1-ci maddəsində bildirilib ki, ölkənin ərazi bütövlüyü bərpa edilmədikcə Azərbaycanda davamlı demokratik inkişaf olduqca çətin olacaq.

“Assambleya Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiq edir, onun beynəlxalq səviyyədə tanınmış sərhədlərini dəstəklədiyini bildirir və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal çıxarılmasını tələb edir” – deyə qətnamədə qeyd olunub.

Beləliklə, AŞPA məcburi köçkünlər haqqında açıqlamalar verib, qətnamələrində onların hüquqlarından danışıb. 

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, deputatın iddiası əsasən yanlışdır.

Yanlış
  • 28 Fevral, 2024
  • 1748

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə