logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Prezidentin yanlış iddiası: ABŞ Azərbaycana yardımı qadağan edən 907-ci düzəlişi ləğv edib

Prezidentin yanlış iddiası: ABŞ Azərbaycana yardımı qadağan edən 907-ci düzəlişi ləğv edib

Xəbərin qısa icmalı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda verdiyi müsahibə zamanı iddia edib ki, ABŞ Azərbaycana yardımı qadağan edən 907-ci düzəlişi ləğv edib. 

- Avqustun 8-də Vaşinqtonda İlham Əliyevin Donald Tramp ilə görüşü zamanı 907-ci düzəliş ABŞ tərəfindən bir il müddətinə yenidən dondurulub. Bu addım düzəlişin tamamilə ləğvi yox, yalnız müvəqqəti dayandırılması deməkdir.

- ABŞ qanunvericiliyinə görə, düzəliş yalnız onu qəbul edən orqan — Konqres tərəfindən ləğv oluna bilər. Prezidentin səlahiyyəti sadəcə düzəlişi bir il müddətinə dondurmaqla məhdudlaşır. Yəni prezident Konqresin qərarı olmadan bu düzəlişi ləğv edə bilməz.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda verdiyi müsahibə zamanı iddia edib ki, ABŞ Azərbaycana yardımı qadağan edən 907-ci düzəlişi ləğv edib: 

“...907-ci düzəlişin ləğv edilməsi tarixi hadisədir. Strateji əməkdaşlıq formatına başlamağımız da, hesab edirəm ki, tarixi hadisədir”, - deyə o bildirib.

Fakt Yoxla” 907-ci düzəlişin ləğv edilib-edilmədiyini araşdırıb.

907-ci düzəliş nədir?

1992-ci ildə ABŞ Konqresi post-sovet ölkələrinə yardımı nəzərdə tutan "Azadlığa Dəstək Aktı"nı qəbul edib. Sənəd SSRİ-in dağılmasından sonra Rusiya və müstəqil olmuş digər post-Sovet ölkələrində demokratik idarəetmə və azad bazar iqtisadiyyatının formalaşdırılmasına yardım etməyi nəzərdə tutur. Bura daha sonra humanitar, təhlükəsizlik və terrorizmlə mübarizə istiqamətləri də əlavə olunub. Həmin qanun müxtəlif istiqamətlərdə yol xəritəsi olmaqla geniş fəaliyyətlər paketidir. Elə həmin il Konqres akta Azərbaycanı yardım alan ölkələr siyahısından çıxarmağı nəzərdə tutan 907-ci düzəlişi əlavə edib. Bu düzəliş ABŞ hökumətinin Azərbaycan hökumətinə və yerli özünüidarəetmə qurumlarına birbaşa yardımını qadağan edir. Düzəlişin qəbul edilməsində əsas arqument olaraq Azərbaycan hökumətinin Dağlıq Qarabağ ermənilərini blokadada saxlaması göstərilmişdi. Buna görə də ABŞ Konqresi 907-ci düzəlişlə bildirirdi ki, ABŞ Prezidenti Azərbaycan hökumətinin blokadanı aradan qaldırmaq və güc tətbiqini dayandırmaq istiqamətində ciddi addımlar atdığını müəyyən etməsə və bu barədə Konqresə hesabat verməsə, Azərbaycana birbaşa yardım göstərilə bilməz. Nəticədə, 1992-ci ildən 2002-ci ilə qədər 907-ci düzəliş Azərbaycana ABŞ-dan birbaşa yardımın göstərilməsinin qarşısını alıb. 

Bununla belə, 2001-ci il 11 sentyabr terror hadisələrindən sonra Azərbaycanın ABŞ-ın Əfqanıstanda apardığı müharibəyə dəstəyini nəzərə alan ABŞ Konqresi prezidentə bu düzəlişi hər növbəti il üçün dondurmaq səlahiyyəti verib. ABŞ prezidentləri də 2002–2023-cü illərdə hər il bu hüquqdan istifadə edərək 907-ci düzəlişi dondurublar.

2023-cü ilin dəyişiklikləri və hazırkı vəziyyət

2023-cü ildə Azərbaycanın Dağlıq Qarabağda apardığı lokal hərbi əməliyyatlardan sonra ABŞ Senatı 907-ci düzəlişin istisnasını 2024 və 2025-ci illər üçün ləğv edən qanun layihəsini qəbul edib. Nəticədə Azərbaycan həmin illərdə Azadlığa Dəstək Aktından faydalana bilməyib.

Avqustun 8-də Vaşinqtonda İlham Əliyevin Donald Tramp ilə görüşü zamanı 907-ci düzəliş ABŞ tərəfindən bir il müddətinə yenidən dondurulub. Bu addım düzəlişin tamamilə ləğvi yox, yalnız müvəqqəti dayandırılması deməkdir.

Bundan əlavə, ABŞ qanunvericiliyinə görə, düzəliş yalnız onu qəbul edən orqan — Konqres tərəfindən ləğv oluna bilər. Prezidentin səlahiyyəti sadəcə düzəlişi bir il müddətinə dondurmaqla məhdudlaşır. Yəni Prezident Konqresin qərarı olmadan bu düzəlişi ləğv edə bilməz.

Beləliklə, ABŞ Prezidenti Donald Trump 907-ci düzəlişi ləğv etməyib, sadəcə bir il müddətinə dondurub. Düzəlişi Konqres qəbul etdiyi üçün ABŞ prezidentlərinin ümumiyyətlə bu düzəlişi ləğv etmək hüququ yoxdur.

Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, İlham Əliyevin 907-ci düzəlişin ləğv edildiyi ilə bağlı iddiası yanlışdır.

Yanlış
  • 21 Avqust, 2025
  • 115

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə