logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Məzahir Pənahov: Vətəndaşın razılığı yoxdursa heç kimin səsvermə günü seçki məntəqələrində onu çəkmək hüququ yoxdur

Məzahir Pənahov: Vətəndaşın razılığı yoxdursa heç kimin səsvermə günü seçki məntəqələrində onu çəkmək hüququ yoxdur

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bələdiyyə seçkilərindən sonra Komissiyanın iclasında bildirib ki, vətəndaşın razılığı yoxdursa, heç kimin səsvermə günü seçki məntəqələrində onu çəkmək hüququ yoxdur.

Fakt Yoxla” vətəndaşın razılığı olmadan seçki məntəqələrində çəkiliş aparılmasının qanun pozuntusu olub-olmadığını araşdırıb.

Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsinin, eləcə də ölkənin tərəfdar olduğu Avropa İnsan Hüquqları Konvensiyasının (AHİK) 8-ci maddəsinin tələbinə görə,  fərdin şəxsi və ailə həyatı sirrini təşkil edən foto və video görüntülərinin, səs yazılarının və digər bu cür məlumatların yayılması qadağandır.  “Media haqqında” Qanunun 14.1.8-ci maddəsi və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13-2.3.9-cu maddəsi şəxsi həyatın gizliliyini pozan məlumatların yayılmasını qadağan edir. Bu cür məlumatların internetdə və ya digər şəbəkələrdə yayımlanması İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsinə əsasən inzibati tənbehlə nəticələnir. Eyni zamanda, belə məlumatları əks etdirən sənədlərin yayılması, habelə satılması, başqasına verilməsi, qanunsuz toplanılması isə Cinayət Məcəlləsinin 156-cı maddəsinə görə cinayət əməli hesab olunur

Lakin qanunvericilik hər zaman şəxsin foto və video görüntülərinin yayımlanmasını qadağan etmir. Yayımlanan materialların məzmunu “şəxsi həyat” anlayışının çərçivəsinə daxil olarsa, yayımlanması qanunla qadağan edilə bilər. Şəxsi həyat fərdin həyatının gizli qalmalı olan tərəflərini və həmin şəxsin digər insanlarla əlaqələrini əhatə edir.

Belə olan halda sual yaranır ki, səsvermə günü seçki məntəqəsində vətəndaşın foto və video görüntüsünün çəkilməsi onun şəxsi həyatının gizli qalmalı olan aspektlərinə daxildirmi? 

“Aksel Şpringer AG Almaniyaya qarşı” işində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) şəxsi həyatın toxunulmazlığı hüququ ilə Konvensiyanın 10-cu maddəsi ilə qorunan ictimaiyyətin məlumat almaq hüququ arasında balansın qorunmalı olduğunu vurğulayıb. Məhkəmə hüquqlar arasında balans qorunarkən nəzərə alınmalı olan aşağıdakı əsas amilləri göstərib: dərc olunan material cəmiyyətdə maraq doğuran məsələlərin müzakirəsinə nə dərəcədə töhfə verir; barəsində material dərc olunmuş şəxs nə dərəcədə tanınır və materialın mövzusu nədən ibarətdir; həmin şəxsin əvvəlki davranışları; materialın məzmunu, forması və nəticələri; fotoşəkillərin hansı şəraitdə çəkilməsi; və tətbiq edilən sanksiyanın ağırlığı. 

Seçki prosesi bütöv cəmiyyəti maraqlandıran və ölkənin müəyyən dövr üçün idarəetməsini formalaşdıran məsələ olduğuna görə onun şəffaflığı ictimai maraq doğuran məsələ hesab olunur. Seçki pozuntularını əks etdirən materialların yayılması cəmiyyətdə seçki prosesi haqqında müzakirələrə böyük təsir göstərir, seçkilərin ədalətli və şəffaf keçirilməsi məsələsinə dair ciddi ictimai müzakirələr yaradır. Üstəlik, beynəlxalq təşkilatlar yaydığı bəyanatlarda seçki prosesinin qeyri-şəffaf keçirilməsi və çoxsaylı pozuntularla müşahidə edilməsi ilə bağlı hər dəfə irad bildirsə də, bu nöqsanların aradan qaldırılmasına cəhd göstərilmir. Əksinə həmin pozuntulara narazılığını bildirən, ictimailəşdirən şəxslərə qarşı təzyiqlər olunur. Bu halda seçki prosesində çəkilişin aparılmasının əhəmiyyəti daha da artır.

Foto və videoları dərc olunan şəxslər səsvermə hüququnu həyata keçirən sıravi vətəndaşlardır və ictimaiyyət tərəfindən tanınmırlar. Səsvermə günü məntəqələrdə çəkilən materiallar, hər hansı bir vətəndaşın şəxsi hərəkətlərini deyil, yalnız ümumi səsvermə prosesini əks etdirir. Burada məqsəd şəxsi həyatın sirrini pozmaq, kiminsə həyatının gizli saxlamaq istədiyi tərəflərini aşkara çıxarmaq deyil, seçki prosesinin bütövlükdə necə keçdiyini nümayiş etdirmək, mümkün seçki saxtakarlıqlarını və qanun pozuntularını ictimailəşdirməkdir. Materiallar yalnız seçki prosesinin necə keçirilməsi ilə bağlı ictimai marağın təmin olunması üçün yayımlanır. Həmin görüntülərdə bir nəfərin birdən çox məntəqədə səs verməsi, qutuya topa bülleten atması, müşahidəçilərə və müstəqil jurnalistlərə təzyiq göstərməsi kimi hallar da var. Görüntülər fərdin şəxsi həyatı haqqında hansısa məlumatın ictimailəşdirilməsinə yox, məhz həmin pozuntu faktlarının aşkarlanmasına yönəlib. Bu halda şəxsi məlumatlar qorunaraq yalnız ictimai marağa xidmət edən məlumatlar paylaşılır. Bu materialların yayımlanması cəmiyyəti məlumatlandırmağa, ictimai nəzarətin, seçki komissiyalarının fəaliyyətinə nəzarətin gücləndirilməsinə kömək edir. 

Göründüyü kimi səsvermə günü yayılan materiallar şəxsi həyatın toxunulmazlığını pozan və yayılması qadağan edilən məlumatlar hesab edilə bilməz. Vətəndaşların çəkildiyi görüntülərin dərc edilməməsi üçün seçki prosesini çəkməyin qadağan edilməsi seçkinin şəffaflığına zərər vuracaq və ictimaiyyətin seçki prosesi haqqında məlumat əldə etmək hüququndan məhrum edəcək.

AİHM-nin Friedl Avstiryaya qarşı işində Komissiya ərizəçinin ictimai mitinqdən çəkilmiş fotoşəkillərini ictimai hadisə ilə bağlı olduğunu və nümayişin asayişinə nəzarət etmək məqsədilə çəkildiyini nəzərə alaraq həmin görüntülərin 8-ci maddənin pozulması kimi tanımayıb. Seçki prosesi də ictimai məkanda baş verən bir hadisə olduğuna görə foto və video görüntülər seçkinin şəffaflığına nəzarət etməyə xidmət edən vasitə kimi qiymətləndirilir. Həmçinin, bu materiallarda şəxslərin adı və ya digər şəxsi məlumatlar açıqlanmır. Bu halda həmin materiallar şəxsi həyatın toxunulmazlığını pozmuş hesab oluna bilməz.

MSK sədri heç kimin səsvermə günü vətəndaşın razılığı olmadan foto və videoların çəkilməsinə hüququ olmadığını qeyd etsə də, Seçki Məcəlləsində, göstərilir ki, mətbuat azadlığına hörmət bəsləmək, səlahiyyətli şəxslərə və müşahidəçilərə hörmət bəsləmək və onlarla əməkdaşlıq etmək seçkilərdə iştirakın əsas prinsipidir (2.6.1-ci və 2.6.8-ci maddələr). 

Seçki Məcəlləsinə görə seçki ilə bağlı şikayətləri yoxlayan ekspert qrupunun üzvünün səlahiyyətlərinə zəruri hallarda video yazılar, yazılı materiallar və s. əldə etmək də daxildir (maddə 112-1.4.4). Çəkiliş qadağan olunduğu halda təhlükəsizlik kameralarının olmadığı məntəqələrdə seçki hüququnu pozan hərəkətlərin sübutetmə vasitəsi də aradan qalxır. Üstəlik, Seçki Məcəlləsinin tələbinə görə seçki komissiyasının fəaliyyəti seçicilər üçün şəffaf olmalı və müşahidə açıq aparılmalıdır (maddə 40.1 və 41.1.3) Pənahovun fikri isə bütövlükdə seçki komissiyalarının fəaliyyətində aşkarlığı təhdid edir. Bu müddəalar göstərir ki, qanunvericiliyə görə seçki məntəqələrində çəkiliş qadağan edilməyib. 

Fakt Yoxla”nın gəldiyi qənaətə görə səsvermə prosesinin, eləcə də seçki hüququnu pozan hərəkətlərin foto və video çəkilişinin aparılması və yayımlanması şəxsi həyat sirrini təşkil edən məlumatlar hesab olunmadığı üçün qanunvericilikdə qadağan edilməyib. Bu halların gəlcəkdə qadağan edilməsi isə ictimaiyyətin məlumat əldə etmək azadlığının pozuntusudur və ölkənin beynəlxalq konvensiyalarla götürdüyü öhdəliklərə və Konstitusiyaya ziddir.

“report.az”, Məzahir Pənahov açıqlaması

“E-qanun”, Azərbaycan Respublikasının Konstitusiyası

“Hudoc.echr”, Avropa İnsan Hüquqları Konvensiyası

“E-qanun”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanun

“E-qanun”, İnzibati Xətalar Məcəlləsi

“E-qanun”, Cinayət Məcəlləsi

“Hudoc.az”, AİHM-nin Friedl Avstiryaya qarşı işində Komissiya 

“E-qanun”, Seçki Məcəlləsi

ATƏT-in 7 fevral 2024-cü il prezident seçkiləri ilə bağlı bəyanatı

“Hudoc.az”, “Aksel Şpringer AG Almaniyaya qarşı” işi

Analiz
  • 21 Fevral, 2025
  • 24

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə