Milli Məclisin deputatı Naqif Həmzəyev “Bakıvaxtı.az”a açıqlamasında bildirib ki, bugünədək sadəcə Böyük Britaniya tərəfindən Azərbaycanda minatəmizləmə proseslərinə dəstək görmüşük. Deputat bu iddianı Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kosun Ağdam şəhərinə səfərini və rayon ərazisində minatəmizləmə fəaliyyəti ilə tanış olmasını şərh edərkən səsləndirib.
"Fakt Yoxla" iddianın doğru olub-olmadığını yoxlayıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) 2025-ci ilin yanvarında açıqladığı rəsmi məlumatlar göstərir ki, son 4 il ərzində (2021-2024-cü illər) 179 186 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib və bu prosesdə müxtəlif ölkələr və beynəlxalq təşkilatlar ANAMA-ya dəstək göstərib. Belə ki, ANAMA rəsmi veb-saytının “Dəstək və Əməkdaşlıq” bölməsində Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Krallıq, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Kanada, Fransa, Xorvatiya, Almaniya, Macarıstan, Belçika, Yaponiya, Avropa İttifaqı bayraqları və onlarla beynəlxalq təşkilat və QHT-lərin loqoları yerləşdirilib.
Birləşmiş Krallıq müharibədən sonrakı illərdə Azərbaycanıın minatəmizləmə işinə 1.5 milyon fund sterlinq dəyərində yardım edib.
ABŞ-nin Azərbaycandakı Səfirliyi 2023-cü ildəki açıqlamasında bildirib ki, 1993-cü ildən bəri ABŞ Azərbaycanda ərazilərin minalardan təmizlənməsi humanitar proqramlarına dəstək olaraq 35 milyon dollardan çox vəsait yönəldib.
Türkiyə Müdafiə Nazirliyinin 2020-ci ildəki məlumatına əsasən, 136 nəfər mina təmizləmə üzrə mütəxəssis mina təmizləmə prosesinə dəstək və Azərbaycan Ordusundakı mütəxəssislərə təlim vermək üçün Azərbaycana göndərilib.
2024-cü ildə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında anlaşma memorandumu imzalanıb və Birləşmiş Ərəb Əmirlikləri Azərbaycandakı mina təmizləmə fəaliyyətlərinə 5 milyon dollar dəyərində yardım ayırıb.
2024-cü ildə Belçika Xarici İşlər Nazirliyi Azərbaycanda mina təmizləmə işlərinə dəstək üçün “APOPO” təşkilatına 250 min avro dəstək ayırıb.
Həmçinin, İtaliya Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) əməliyyat ianəsi üçün 500 000 avro, Almaniya Cənubi Qafqazda minaların qadağasını və Ottava Konvensiyasına qoşulmağı təşviq edən layihə üçün 560 000 avro, Fransa ANAMA-ya metal detektorları və 310 minatəmizləmə dəstinin verilməsi üçün 500 000 avro, Sloveniya ANAMA ilə 2022-ci ilin aprelində imzalanmış əməkdaşlıq sazişi çərçivəsində 50 000 avro, Estoniya BQXK tərəfindən aparılan minalardan təmizləmə fəaliyyətlərinə 50 000 avro, Macarıstan ANAMA-ya əməliyyat ianəsi üçün 25 000 avro ayırıb. Xorvatiya isə Azərbaycana mina aşkarlayan itlər verib. Avropa İttifaqının Üzv Dövlətlərinin ümumi məbləği təxminən 2,75 milyon avro olan planlaşdırılmış əlavə töhfələrini isə İtaliya, Almaniya, Fransa, Xorvatiya, Hollandiya və Litva verəcək.
2023-cü ildə Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Azərbaycanda məcburi köçkünlərin təhlükəsiz qayıdışının dəstəklənməsi məqsədilə yeni layihəyə başlayıb. Avropa İttifaqı layihə üçün 4,25 milyon avro maliyyə töhfəsi verib.
Beləliklə, Azərbaycanda minatəmizləmə fəaliyyətinə Böyük Britaniyadan başqa ABŞ, Türkiyə, Belçika, İtaliya və bir neçə digər dövlət də dəstək göstərib.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Deputat Naqif Həmzəyevin iddiası yanlışdır.