logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Kanada 30 il ərzində Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına göz yumub?

Kanada 30 il ərzində Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına göz yumub?

Xəbərin qısa icmalı

-  Deputat Bəhruz Məhərrəmov deyib ki, Kanada 30 il ərzində Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına göz yumub, 30 il Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığının qəsb olunmasına, habelə qarşılaşdığı separatizmlə bağlı susub. 

- Kanada müxtəlif illərdə Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğal edildiyini, həmin ərazidə yaradılan qondarma Dağlıq Qarabağ Respublikasını və orada keçirilən seçkiləri tanımadığını bəyan edib.Yəni, Kanada Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığının qəsb olunmasına, habelə separatizmlə bağlı susmayıb. Həmçinin, müharibədən sonra minatəmizləmə fəaliyyətinə Azərbaycana yardımlar edib. 

“BMT-nin Təhlükəsizlik Şurasının dörd, Baş Assambleyasının bir qətnaməsi fonunda 30 il ərzində Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına göz yuman, 30 il Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığının qəsb olunmasına, habelə qarşılaşdığımız separatizmlə bağlı susan Kanada bu gün Azərbaycanın yaratdığı yeni reallıqda nəinki söz sahibi ola bilər, ümumiyyətlə, rəy bildirmək haqqına da malik deyil”.

Bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov “Report.az”-a açıqlamasında deyib.

Bəs Kanada Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığının qəsb olunmasına, habelə separatizmlə bağlı susubmu?

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.

2012-ci ildə Kanada XİN bəyanatında bildirib ki, Kanada Dağlıq Qarabağdakı separatçı rejimin müstəqilliyini tanımır.     

2019-cu ilin aprel ayında Kanadanın Xarici İşlər, Ticarət və İnkişaf Departamenti Azərbaycanın notasına cavab olaraq qeyd edib ki, Kanada beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Departament qondarma “Dağlıq Qarabağ Respublikası” və ya onun rəsmilərini tanımadığını bəyan edib.

2020-ci ilin martin 31-də tanınmamış Dağlıq Qarabağda keçirilən seçkilər haqqında Kanada səfirliyi (Türkiyədəki) açıqlamasında bildirib ki, Kanada Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və martın 31-də Dağlıq Qarabağda keçirilən qondarma “seçkiləri” tanımır. “Bu cür “seçkilər” Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, o cümlədən ATƏT-in Minsk Qrupu vasitəsilə həlli səylərinə xələl gətirir” -deyə açıqlamada vurğulanıb. 

2020-ci ildə Kanadanın Dağlıq Qarabağın müstəqilliyini tanıması istiqamətində bir sıra cəhdlər olub. Belə ki, həmin il Kanada parlamentarisi Leo Husakos Kanada Parlamentinə təqdim edilən təklifdə Kanadanı tanınmayan Dağlıq Qarabağın müstəqilliyini tanımağa və separatçı ermənilərin məskunlaşdığı əraziyə qarşı “Azərbaycan-Türkiyə birgə təcavüzünü dərhal pisləməyə” çağırmışdı

Lakin həmin ilin dekabrın 8-də Kanada Parlamenti Ermənistan və tanınmayan Dağlıq Qarabağa qarşı Azərbaycan-Türkiyə təcavüzünü pisləmək, Türkiyəyə hərbi ixraca daimi qadağanı dəstəkləmək, tanınmayan Dağlıq Qarabağ Respublikasının öz müqəddəratını təyin etmək hüququnu və müstəqilliyini tanımaq təklifini rədd etdi.

Əlavə olaraq bildirək ki, 2020 müharibəsindən sonra Kanada dövləti Qarabağda minaların və partlayıcı qalıqların təmizlənməsi işləri üçün 400 min dollar vəsait ayırıb. Bundan başqa, 2021-ci ilin dekabrında ANAMA ilə Böyük Britaniyanın MAG (Mines Advisory Group) qeyri-hökumət təşkilatı Anlaşma Memorandumu imzalayıb. Bu humanitar minatəmizləmə layihəsi ABŞ və Kanada dövlətlərinin maliyyə vəsaiti hesabına həyata keçirilib.

Beləliklə, Kanada müxtəlif illərdə Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğal edildiyini, həmin ərazidə yaradılan qondarma Dağlıq Qarabağ Respublikasını və orada keçirilən seçkiləri tanımadığını bəyan edib.Yəni, Kanada Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığının qəsb olunmasına, habelə separatizmlə bağlı susmayıb. Həmçinin, müharibədən sonra minatəmizləmə fəaliyyətinə Azərbaycana yardımlar edib. 

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, deputatın iddiası yanlışdır.

Yanlış
  • 30 Noyabr, 2023
  • 1010

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə