“Yeni Müsavat”ın dərc etdiyi xəbərdə qeyd olunur ki, beynəlxalq konvensiyalar 2020-ci il və sonrasında Qarabağda dağıntılara məruz qalan kilsələrin ləğvini tələb edir. Xəbərdə deyilir ki, işğal dövründə ərazilərimizdəki “mədəni-dini abidə” adı ilə inşa olunmuş digər qanunsuz obyektlər ləğv edilib. Çünki bunu həm də beynəlxalq konvensiyalar tələb edir. Eyni məzmunlu xəbərlər vaxtaşırı olaraq digər media qurumları tərəfindən də dərc edilir.
“Fakt Yoxla” mövzunun əhəmiyyətini nəzərə alaraq araşdırma aparıb.
İşğal dövründə tikilmiş abidələr ilə bağlı iddia
Xəbərdə haqqında danışılan “Holy Ascension Church” kilsəsi 1998-ci ildə Laçında tikilib, ancaq Azərbaycan tərəfi bu kilsəni söküb. Azərbaycan mənbələrinə görə, kilsənin tikildiyi yer əvvəllər Azərbaycan vətəndaşı Qubad İbrahimova məxsus ev olub.
IV Cenevrə Konvensiyasına (1949) görə (Mülki şəxslərin müharibə zamanı müdafiəsi haqqında) İşğalçı dövlət mülki şəxslərə və ya özünə aid olmayan ictimai və ya özəl mülkiyyətə aid binaları, yalnız hərbi zərurət olduqda dağıda bilər (Maddə 53) Bu maddəyə görə, işğal zamanı mülki evlərin sökülməsi və yerində yeni tikililərin inşası yalnız hərbi zərurətlə əsaslandırıla bilər, əks halda bu qanunsuz hesab olunur.
Azərbaycan mülki qanunvericiliyi və Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanun məhv olmuş daşınmaz əmlakın dövlət qeydiyyatının ləğvini nəzərdə tutsa da, bunu əmlakın mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edildiyi halda və üstəlik onun məhkəməyə ərizəsi ilə şərtləndirir. Laçın sakini Qubad İbrahimova məxsus ev isə onun iradəsindən kənar sökülüb və belə olan halda da onun evə mülkiyyət hüququnun qeydiyyatı ləğv edilə bilməzdi. Əlavə olaraq Laçında tikilmiş kilsənin heç bir hərbi zərurətlə əlaqəsi olmayıb. Yəni Q.İbrahimova məxsus ev hərbi zərurətlə əlaqədar dağıdılmayıb.
Beləliklə, işğaldan azad edən ölkələrin dini-mədəni abidələri qorumaq öhdəliyi olsa da, həmin kilsənin xüsusi mülkiyyətə aid ərazidə tikilməsi problemin məzmununu dəyişir. Belə ki, yuxarıda göstərdiyimiz kimi, işğalçı dövlət işğal etdiyi ərazidə xüsusi mülkiyyətə hörmətlə yanaşmalıdır. Həmçinin, işğaldan azad etdikdən sonra həmin xüsusi mülkiyyətin sahibi öz mülkiyyəti ilə bağlı qərar vermə hüququna malikdir.
Lakin Qarabağ ərazisindəki bütün kilsələr 1992-2020-ci illər aralığında tikilməyib. Onlardan daha qədim olanları da var.
Amaras Monastırı (4-cü əsr), Gəncəsər (Gandzasar) Monastırı (1216–1238), Xudavəng (Dadivank) Monastırı (IX–XIII əsrlər), Ktişvəng (Gtichavank) Monastırı (1248), Ağoğlan (Tsitsernavank) Monastırı (V–VI əsrlər), Üç Körpə (Yerits Mankants) Monastırı (XVII əsr), Xatirəvəng (Khatravank) Monastırı (XIII əsr), Ağ (Spitak) Xaç Monastırı (XIV əsr) müharibə dövründə Azərbaycan tərəfinin nəzarətinə keçib. Ermənistan tərəfinin iddiasına görə, bunlar erməni Apostol Kilsəsinə məxsus abidələrdir, Azərbaycan tərəfinə görə isə bu abidələr Qafqaz Albaniyasına məxsusdur.
Qarabağda müharibə dövründə zərər görmüş və ya dağıdılmış abidələrə gəlincə, beynəlxalq media və təşkilatların qeydə aldığı hadisələr aşağıdakı kimidir.
Şuşada yerləşən Qazançı (Qazançetsots) - Müqəddəs Xilaskar Katedralı (XIX əsr) 8 oktyabr 2020-ci ildə iki dəfə raket atəşinə tutulub. “Human Rights Watch” bu hücumun müharibə cinayəti ola biləcəyini bildirib. Müharibədən sonra 2024-cü ildə tamamilə dağıdılan kilsənin dağıntılarını “Caucasus Heritage Watch” (CHW) peyk görüntüləri ilə sənədləşdirib. Şuşada yerləşən digər kilsə olan Müqəddəs Yəhya Kilsəsinin (Kanach Zham) (XIX əsr) peyk görüntüləri 2020-ci ilin dekabrında kilsənin hələ də mövcud olduğunu, lakin 2021-ci ilin aprelində artıq dağıdıldığını göstərir. “CHW” peyk görüntüləri ilə bu dağıntını da sənədləşdirib. Daşaltıda yerləşən Müqəddəs Məryəm Ana Kilsəsi – Karintak kilsəsi 2024-cü ilin aprelində yayımlanan peyk görüntülərinə görə, sökülüb. “Azad Avropa Radioları”nın məlumatına görə, ərazidə yeni məscid inşası aparılır. XIX əsrə aid Tandzatap Kilsəsinin damı və cənub divarı 2023-cü ilin oktyabrı ilə 2024-cü ilin aprel ayları arasında çöküb. “CHW” tərəfindən yayımlanan peyk görüntüləri bu çökməni sənədləşdirib. Hadrutda yerləşən Müqəddəs Sərkis Kilsəsi (XVIII əsr) 2022-ci ilin mart ayında tamamilə dağıdılıb. “Christian Post” tərəfindən yayımlanan peyk görüntüləri kilsənin dağıdılmasını sənədləşdirib. “CHW”nin 2024-cü ilin iyun ayında yayımladığı 7-ci monitorinq hesabatına əsasən, 2021-ci ildən bəri 6 abidə tamamilə dağıdılıb, 7-si isə ciddi təhlükə altında hesab edilir.
Azərbaycanın ratifikasiya etdiyi Haaqa Konvensiyası (“Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında” konvensiya) silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunmasını təmin etməyi tələb edir. Konvensiyaya görə mədəni mülkiyyət memarlıq, incəsənət və ya tarix abidələr, arxeoloji sahələr, sənət əsərləri və s. kimi obyektlərdir. Tərəf dövlətlər öz ərazilərində və ya nəzarət etdikləri ərazilərdə yerləşən mədəni mülkiyyəti qorumaq və ona qarşı düşmənçilik hərəkətlərindən çəkinmək öhdəliyi götürürlər. Azərbaycanın ratifikasiya etdiyi digər benəlxalq sənəd olan UNESCO Konvensiyası (“Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında” konvensiya) da dünya mədəni və təbii irsinin qorunmasını təmin etməyi hədəfləyir. Tərəf dövlətlər öz ərazilərində yerləşən mədəni və təbii irsi müəyyən etmək, qorumaq, bərpa etmək və gələcək nəsillərə ötürmək öhdəliyi daşıyırlar.
Bəs beynəlxalq təşkilatlar bu mövzuda nə deyir?
2020-ci ilin noyabrında UNESCO-ya məktub ünvanlayaraq Qarabağ bölgəsindəki erməni dini və mədəni abidələrinin qorunmasının vacibliyini vurğulayan “Ümumdünya Kilsələr Şurası” (WCC) bölgədə təxminən 4,000 tarixi, dini və mədəni abidənin olduğunu bildirib.
Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell 2020-ci ildə Avropa Parlamentində çıxış edərək Qarabağda dini və mədəni irsin qorunmasının vacibliyini vurğulayıb və UNESCO-nun texniki qiymətləndirmə missiyasının bölgəyə buraxılmasını dəstəkləyib. Avropa Parlamenti 2022, 2023 və 2024-cü illərdə qəbul etdiyi qətnamələrdə Azərbaycanın Qarabağ bölgəsindəki erməni mədəni irsini məhv etməsini və bu irsin Qafqaz Albaniyası irsi kimi təqdim olunmasını pisləyib. Qətnamələrdə bu cür tarix saxtakarlığının və mədəni irsin silinməsinin beynəlxalq hüquqa zidd olduğu qeyd edilib.
BMT-nin Mədəni Hüquqlar üzrə Xüsusi Məruzəçisi Azərbaycanın Qarabağ bölgəsindəki erməni mədəni və dini abidələrin məhv edilməsi və onların tarixinin saxtalaşdırılması ilə bağlı ciddi narahatlığını ifadə edib. UNESCO da münaqişə zonalarında mədəni irsin qorunmasının vacibliyini vurğulayıb və bölgəyə müstəqil ekspert missiyası göndərməyi təklif edib. Lakin bu missiyanın həyata keçirilməsi hələki baş tutmayıb.
Azərbaycan tərəfi isə tarixi kilsə və monastırların Qafqaz Albaniyasına məxsus olduğunu, bu abidələrin qorunduğunu və bərpa ediləcəyini bildirir. Prezident İlham Əliyev 2020-ci ilin noyabrında bəyan edib ki, azad olunmuş ərazilərdəki xristian məbədləri qorunacaq və xristianlar bu məbədlərdən istifadə edə biləcəklər. Azərbaycan Daxili İşlər Nazirliyi 2023-cü ilin oktyabrında açıqlama verib ki, Qarabağ bölgəsindəki bütün dini və mədəni abidələr polis tərəfindən qorunur. Mədəniyyət Nazirliyi bildirib ki, işğaldan azad olunmuş ərazilərdəki xristian abidələri dövlət tərəfindən qorunur və bərpa olunur. Nazirlik, bu abidələrin “Albaniyanın tarixi irsi” olduğunu və onların ermənilər tərəfindən “erməniləşdirildiyini” iddia edir. Abidələrdə yekunlaşan bərpa işləri ilə bağlı isə hələlik hər hansı məlumat yoxdur.
Beləliklə, “Holy Ascension Church” kilsəsinin nümunəsindən göründüyü kimi, işğal dövründə xüsusi mülkiyyət ərazisində tikilən mədəni abidələrin taleyi ilə bağlı qərar xüsusi mülkiyyət sahibinin səlahiyyətində qalır. Lakin, 1992-ci ildən əvvəl inşa edilmiş abidələrin dağıdılması ilə bağlı beynəlxalq təşkilatların hesabatlarında detallı məlumatlar var. Azərbaycan hökumətinin beynəlxalq konvensiyalara görə bu abidələri qorumaq öhdəliyi var.