logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

İlham Əliyev: “Ermənistan ordusunda fərarilərin sayı 10 mini ötüb”

İlham Əliyev: “Ermənistan ordusunda fərarilərin sayı 10 mini ötüb”

Prezident İlham Əliyev noyabrın 20-də Ağdamın işğaldan azad olunması münasibətilə xalqa müraciətində Azərbaycan və Ermənistan ordusunu müqayisə edib, Ermənistan ordusunda fərarilik halları haqqında danışıb.

“Fərarilik edənlərin sayı 10 mini ötüb, özü də bunu onlar özləri deyirlər, onların rəsmi şəxsləri deyirlər”, ‒ deyə Prezident vurğulayıb. 

“Fakt Yoxla” İlham Əliyevin iddiasının doğru olub-olmadığını yoxlayıb.

51 580 aktiv heyəti olan Ermənistan ordusuna həqiqi hərbi xidmətə çağrış yaşı 18-27, orduda xidmət müddəti isə 2 ildir. Hərbi xidmətə çağırış ildə iki dəfə olmaqla 6 aydan bir həyata keçirilir. 

Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin sabiq rəisi, general-polkovnik Movses Akopyanın bildirdiyinə görə, 44 günlük müharibə zamanı Ermənistan ordusunda səfərbərlik faizi Dağlıq Qarabağda 78%, Ermənistanda isə 52% təşkil edib. Akopyan bu açıqlamanı istefa ərizəsi yazandan bir gün sonra verib. O, istefasının səbəbini Ermənistanın Baş Naziri Nikol Paşınyanın noyabrın 15-da Dağlıq Qarabağdakı əsgərləri Yerevana çağırması ilə izah etmişdi. 

Ermənistan ordusunda fərariliklə bağlı məlumatlar İkinci Qarabağ müharibəsindən əvvəl də olub. “regnum.ru” saytının Ermənistanın hüquq-mühafizə orqanlarına istinadən yaydığı məlumata görə, 2017-ci ilin yanvarına qədər axtarışa verilən 12 698 nəfərin 10 741 nəfəri hərbi xidmətdən boyun qaçıranlar olub. Onlar barəsində Cinayət Məcəlləsinin 327-ci maddəsi ilə cinayət işi açılıb. 

Sentyabrın 27-də Dağlıq Qarabağ müharibəsi başlayandan sonra Ermənistanın Cinayət Məcəlləsinə sərtləşdirici dəyişikliklər təklif olunub. Ermənistanın müdafiə nazirinin sabiq müavini Qabriel Balayan tərəfindən təqdim edilən layihə oktyabrın 28-də parlamentin fövqəladə iclasında birinci oxunuşda qəbul edilib. Yeni dəyişikliklərə görə, müharibə dövründə hərbi xidmətdən, təlim düşərgələrindən və səfərbərlikdən yayınma 6-12 il müddətinə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Dəyişikliklərə qədər bu pozuntu halına görə 4-8 il həbs cəzası nəzərdə tutulurdu. 

Müharibə dövründə əmrə tabe olmamağa görə həbs cəzası 5 ildən 8 ilə artırılıb. Bu əmələ görə ən yuxarı cəza həddi 15 ildir. Hərbi vəziyyət, müharibə və ya döyüş vəziyyətində fərarilik edənlər isə 8 ildən 15 ilədək həbs cəzası alacaqlar. Əvvəllər bu pozuntu halına görə 6 ildən 12 ilədək həbs cəzası verilirdi.

Noyabrın 11-də separatçı Dağlıq Qarabağ Respublikasının prezidenti Arayik Harutyunyan deyib ki, oktyabrın 3-də Qarabağın şimalındakı döyüş mövqelərindən birinə gələndə ordunun bir hissəsi geri çəkilib, arxa cəbhəni təmin etmək üçün kifayət qədər resursun olmadığını bəhanə gətirən bəzi bölmələr irəlidə mövqe tutmaqdan imtina ediblər. 

Noyabrın 13-də Ermənistan ordusunun keçmiş baş qərargah rəisinin müavini, keçmiş hərbi komissar, general-mayor Levon Stepanyan “Sputnik Armenia”ya bildirib ki, çoxsaylı döyüş iştirakçıları və hüquq mühafizə orqanlarından aldığı məlumatlara görə, ordu sıralarından minimum 10 min əsgər fərarilik edərək döyüşü tərk edib. 

Noyabrın 19-da BBC-nin rus xidməti yazıb ki, Movses Akopyan artıq müharibənin 5-ci günündə 1500 əsgərin fərarilik etdiyini demişdi. General əlavə edib ki, onları Qarabağda saxlayıblar kı Ermənistana qayıdıb çaxnaşma yaratmasınlar.

Beləliklə, Ermənistan ordusunda fərarilərin sayının 10 mini ötdüyünə dair açıqlamalar mülahizələrdən ibarət olub. Bu açıqlamanı verən Levan Stepanyan hazırda rəsmi şəxs deyil. Separatçı rejimin prezidenti Arayik Harutyunyanın bu yöndə açıqlamaları olsa da, “Fakt Yoxla” iddianı təsdiqləyən rəsmi məlumat əldə edə bilməyib.

“Fakt Yoxla” Prezidentin bu iddiasını qiymətləndirərkən qərarsız qalıb.

Qərarsız
  • 16 Dekabr, 2020
  • 4168

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə