Azərbaycanın sabiq maliyyə naziri, "Ekonomiks" adlı QHT-nin sədri Fikrət Yusifov “Reaksiya TV”nin efirində iddia edib ki, ABŞ müstəqillik illərində Ermənistana 1,5 milyard, Azərbaycana 500 milyon dollar yardım ayırıb. (verilişin 16:20-cı saniyəsində)
“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.
Azərbaycan və Ermənistan müstəqilliklərini 1991-ci ildə elan edib, növbəti il ABŞ hər iki ölkənin müstəqilliyini tanıyıb.
ABŞ-ın xarici ölkələrə yardımlarının ilbəil qeyd olunduğu “foreignassistance.gov” platformasının məlumatlarına əsasən ABŞ Ermənistan və Azərbaycana USAID (ABŞ Beynəlxalq İnkişaf Agentliyi), Dövlət Departamenti və digər qurumlar vasitəsilə yardımlar ayırıb. Platformada 2001-ci ildən bu yana ABŞ-ın Azərbaycan və Ermənistana ayırdığı vəsaitləri ilbəil görmək mümkündür.
Apardığımız hesablamalara görə, ABŞ 2001-2024-cü illərdə Azərbaycana 1 milyard dollar yaxın, Ermənistana 1.7 milyard dollar yaxın yardım ayırıb. Azərbaycana ayrılan vəsait əsasən hökumət və vətəndaş cəmiyyətinə, səhiyyə, biznes, təhlükəsizlik sektorlarına sərf olunub. Qeyd edək ki, 2024-cü ili əhatə edən rəqəmlər yarımçıqdır və bütün ili əhatə etmir.
Şəkil: ABŞ-ın 2001-2024-cü illərdə Azərbaycan və Ermənisana ayırdığı yardımlar (milyon dollarla)
Qeyd: 2024-cü ilin rəqəmləri bütün ili əhatə etmir və yarımçıqdır.
Müstəqilliyin bütün illərini əhatə edən rəqəmlər isə bir sıra rəsmi açıqlamalarda ifadə olunub. Belə ki, ötən il sentyabr ayında USAID-in Ermənistan missiyasının direktoru Con Allelo bildirib ki, 1992-ci ildən bəri ABŞ Ermənistanın inkişafına dəstək üçün təxminən 3 milyard dollar ayırıb. 2024-cü ilin may ayında isə ABŞ-ın Azərbaycandakı səfirliyi bəyan edib ki, ABŞ Azərbaycana müstəqillik illərində 1.5 milyard dollar yardım ayırıb.
Beləliklə, müstəqillik illərində ABŞ Ermənistana 3 milyard, Azərbaycana isə 1,5 milyard dollar yardım ayırıb.
“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Fikrət Yusifovun ABŞ-ın Ermənistana və Azərbaycana ayırdığı yardımla bağlı iddiası yanlışdır.