Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, keçmiş deputat Çingiz Qənizadə Avropa Parlamentinin iclaslarında 60-70 nəfərin iştirak etdiyi hallarda belə Azərbaycana qarşı sənədlər qəbul edildiyini iddia edib. Keçmiş deputat bunu qurumun Azərbaycana qarşı qərəzi kimi qiymətləndirir: “750 deputatı olan Avropa Parlamentinin iclasında hətta 60-70 nəfər deputat iştirak edəndə belə, həmin iclasda Azərbaycana qarşı sənədlər qəbul edirlər və yayırlar. Bu, artıq açıq-aşkar qərəzdir. 750-yə nisbətdə hətta 70 deputat iştirak etsə də, qəbul etdikləri qərarı rəsmi sənəd kimi yayırlar”, - deyə o, Yeni Müsavat qəzətinə bildirib.
“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.
Avropa İttifqanın (Aİ) qanunverici orqanı olan Avropa Parlamentinin hazırda 720 üzvü var. Qurumun əvvəllər 751 üzvü olsa da, Birləşmiş Krallığın 2020-ci ildə Aİ-dən çıxmasından sonra parlamentarilərin sayı azaldılıb, 2024 seçkilərində isə bir qədər artırılaraq 720-ə çatdırılıb.
Avropa Parlamentində imperativ öhdəlik yaratmayan qətnamələrin qəbulu üçün sadə səs çoxluğu kifayət edir və minimum iştirakçı sayı tələbi yoxdur. Bunun səbəbi Avropa Parlamentinin iş yükünün çox olmasıdır. Belə ki, hər plenar sessiyada onlarla sənəd müzakirəyə çıxarılır və bütün deputatlar hər mövzu ilə maraqlanmadığı üçün real iştirakçı sayı çox dəyişkən olur. Buna görə də, qətnamələrin qəbulu zamanı yalnız səsvermədə iştirak edənlərin sayı əsas götürülür.
Bununla belə, real praktikada, xüsusilə Strasburqda keçirilən plenar iclaslarda yüzlərlə deputat iştirak edir, 60–70 nəfər ilə qətnamələrin qəbulu nadir hallarda, əsasən texniki və ya prosedur məsələlərdə baş verir.
Azərbaycanla bağlı qətnamələr isə plenar sessiyalarda qəbul edildiyindən, zalda hər zaman yüzlərlə deputat olur. Avropa Parlamentində Azərbaycanla bağlı tənqidi məzmunda qəbul olunan son 5 qətnamənin iştirakçı sayını təqdim edirik:Mənbə: Avropa Parlamenti
Göründüyü kimi, qətnamələrin qəbulu üçün yetərsay tələbinin olmaması Avropa Parlamentinin iş prosedurlarından irəli gəlir. Bununla belə, Azərbaycana qarşı qəbul olunan qətnamələr deputatların 70-80% iştirakı ilə qəbul olunub. Yəni, Avropa Parlamentində Azərbaycana qarşı sənədlər iştirakçı sayının çoxluğu ilə qəbul edilib.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Çingiz Qənizadənin iddiası yanlışdır.
Qeyd: Xəbərdə ilkin olaraq Çingiz Qənizadə deputat olaraq təqdim edilmişdi, izləyicilərimizin qeydi əsasında aparılan araşdırmadan məlum olub ki, Çingiz Qənizadə hazırda deputat deyil. O əvvəlki çağırışlarda deputat olub. Bu səbəbdən, deputat sözü keçmiş deputat sözü ilə əvəzlənib. İddianın fakt-metrində heç bir dəyişiklik yoxdur.