Deputat Anar İsgəndərov iddia edib ki, Ermənistanın Türkiyə və İranla sərhədlərini Rusiya ordusu qoruyur: “Əgər Ermənistanın Türkiyə və İran sərhədlərini rus ordusu qoruyursa, bu ölkənin müstəqilliyindən danışmaq mümkün deyil”, - deyə o, açıqlamasında bildirib.
“Fakt Yoxla” iddianın doğru olub olmadığını yoxlayıb.
Ermənistanla Rusiya arasında 1992-ci ildə əldə olunmuş razılaşmaya əsasən, Ermənistanın İran və Türkiyə ilə sərhədlərini Rusiya hərbiçiləri qoruyurdu, həmçinin bu iki ölkə ilə sərhəd keçid məntəqələrinə Rusiyanın sərhəd xidməti nəzarət edirdi.
2024-cü il 8 oktyabrda iki ölkə arasında imzalanan yeni razılaşmaya əsasən 2025-ci ilin yanvarından etibarən rus sərhədçiləri İranla sərhəd məntəqəsi Ağaraktan çıxarılıb və onların yerini Ermənistan sərhəd xidməti tutub.
Bundan əlavə, 1 mart 2025-ci ildən etibarən Ermənistan–Türkiyə sərhədindəki yeganə keçid məntəqəsi olan Margarada da nəzarət Ermənistan hərbi qulluqçularına keçib. Bu məntəqə hazırda ümumi istifadəyə açıq olmasa da, onun mühafizəsini Rusiya deyil, Ermənistan özü həyata keçirir.
Bununla belə, Ermənistanın İran və Türkiyə ilə sərhədlərindən Rusiya hərbiçiləri tamamilə çıxarılmayıb. Bunun əvəzində, onlara Ermənistan hərbiçiləri də qoşulub. Yəni, hazırda Ermənistanın bu iki ölkə ilə sərhədində erməni və rus hərbiçiləri birlikdə keşik çəkirlər.
Onu da qeyd edək ki, 2024-cü ilin avqustundan Rusiya Yervanda yerləşən Zvartnots beynəlxalq hava limanından da öz sərhədçilərini çıxardıb.
Beləliklə, Ermənistanın Türkiyə və İranla sərhəd keçid məntəqələrinə erməni ordusu nəzarət edir. İran və Türkiyə ilə sərhəd xəttini isə Ermənistan və Rusiya hərbiçiləri birlikdə qoruyur.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Anar İsgəndərovun iddiası əsasən yanlışdır.