logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Deputatın yanlış iddiası: Ermənistan Konstitusiyasında Türkiyə və Azərbaycana qarşı ərazi iddiaları ləğv edilib

Deputatın yanlış iddiası: Ermənistan Konstitusiyasında Türkiyə və Azərbaycana qarşı ərazi iddiaları ləğv edilib

Xəbərin qısa icmalı

Deputat Arzu Nağıyev Cənubi Qafqaz regionunda kommunikasiya xəttlərinin açılması ilə bağlı açıqlamasında iddia edib ki, Ermənistan Konstitusiyasında əvvəllər Türkiyə və Azərbaycana qarşı ərazi iddiaları yer alsa da, bu iddialar hazırda ləğv edilib

- Konstitusiyaya dəyişiklik üçün referendum keçirilməlidir. Ermənistan Baş naziri Nikol Paşinyan 2026-ci ilin sonuna kimi yeni konstitusiyanın hazırlanması ilə bağlı fərman imzalayıb. Refrendumun isə 2027-ci ildə keçiriləcəyi bildirilir.

Deputat Arzu Nağıyev Cənubi Qafqaz regionunda kommunikasiya xəttlərinin açılması ilə bağlı açıqlamasında iddia edib ki, Ermənistan Konstitusiyasında əvvəllər Türkiyə və Azərbaycana qarşı ərazi iddiaları yer alsa da, bu iddialar hazırda ləğv edilib: “Hazırda bu müddəalar ləğv edildikdən sonra qarşıdurma ritorikasına əsas qalmayıb”, - deyə, deputat News365.az saytına bildirib.

Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb. 

Ermənistan Konstitusiyasında qonşu dövlətlərə qarşı ərazi iddialarının olması ilə bağlı fikirlər Konstitusiyanın Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad etməsinə görədir. Belə ki, Konstitusiyanın preambulasında bildirilir ki, “Erməni xalqı Ermənistanın müstəqilliyi haqqında Bəyannamədə təsbit olunmuş erməni dövlətçiliyinin əsas prinsiplərini” əsas götürür.

Bəyannamə isə Ermənistan SSR Ali Sovetinin 1 dekabr 1989-cu il tarixli “Ermənistan Sovet Sosialist Respublikası ilə Dağlıq Qarabağın birləşdirilməsi haqqında” qərara əsaslanır. Bəyannamənin bu hissəsi Qarabağın Ermənistana birləşdirilməsinə çağırdığı üçün Azərbaycana qarşı ərazi iddiası mahiyyəti daşıyır.  2023-cü ildə Qarabağ işğaldan tam azad edildikdən sonra Azərbaycan Ermənistanla sülh sazişi bağlamağın şərtlərindən biri kimi Ermənistanın öz konstitusiyasına dəyişiklik edilməsini irəli sürüb

Ermənistan Müstəqillik Bəyannaməsinin 11-ci maddəsində isə “Qərbi Ermənistanda 1915-ci ildə ermənilərin soyqırımı” ifadələri yer alır. “Qərbi Ermənistan” ifadəsi ilə Türkiyənin beynəlxalq səviyyədə tanınmış əraziləri nəzərdə tutulur.

Bununla belə, Ermənistan Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad hələ də mövcuddur. Belə ki,  konstitusiyaya dəyişiklik üçün referendum keçirilməlidir. Ermənistan baş naziri Nikol Paşinyan 2026-ci ilin sonuna kimi yeni konstitusiyanın hazırlanması ilə bağlı fərman imzalayıb. Refrendumun isə 2027-ci ildə keçiriləcəyi bildirilir.

Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Ermənistan Konstitusiyasında Türkiyə və Azərbaycana qarşı ərazi iddialarının ləğv olunması ilə bağlı iddia yanlışdır.

Yanlış
  • 28 Oktyabr, 2025
  • 92

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə