logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Deputatın yanlış iddiası: Ölkədə keçirilən bütün referendumların əsasında insan hüquqları və azadlıqlarının qorunması durub

Deputatın yanlış iddiası: Ölkədə keçirilən bütün referendumların əsasında insan hüquqları və azadlıqlarının qorunması durub

Xəbərin qısa icmalı

Milli Məclisin deputatı Ziyafət Əsgərov iddia edib ki, keçirilən referendumların əsasında insan hüquqları və azadlıqlarının qorunması durub. “Azərbaycanda keçirilən refendumlara, orda çıxarılan məsələlərə baxsanız, onların tam əksəriyyəti insan hüquqları ilə bağlıdır”, – deyə deputat bildirib.

- 2002-ci ildəki referendumda səsverməyə çıxarılan daha əhəmiyyətli məsələlər ölkənin siyasi idarəetməsi ilə bağlı idi və onların qəbulu ölkədə demokratik idarəçiliyə vurulan zərbə hesab edilirdi. Bu referendumda ümumilikdə 56 dəyişiklikdən cəmi 6-sı birbaşa insan haqqları ilə bağlı idi və onun vəziyyətini yaxşılaşdıran dəyişiklik hesab edilə bilərdi.

- 2009-cu ildəki referendumda qəbul edilən 41 əlavə və dəyişikliklərdən 14-ü sırf insan haqları ilə bağlı olsa da, bu səsvermədə də siyasi baxımdan ən əhəmiyyətli məsələ prezidentin 2 dəfədən artıq seçilməsi qadağasının ləğv edilməsi və prezidentin səlahiyyətlərinin artırılması idi. Venesiya Komissiyasının referendumla bağlı hesabatında dəyişikliklər mənfi yöndə və demokratik cəhətdən geriyə addım kimi qiymətləndirilib.

- 2016-ci ildə keçirilən referendumda da qəbul edilən 54 dəyişiklikdən 16-sı birbaşa insan hüquqları ilə bağlı idi. Ancaq bu referendumun da əsas mövzusu ölkədə demokratik idarəetməni daha da pisləşdirən dəyişikliklər oldu. Bu dəfə prezidentlik müddəti 5 ildən 7 ilə qaldırıldı, prezidentlik üçün lazım olan yaş həddi (35 yaş) ləğv edildi, həmçinin prezidentin səlahiyyətləri Milli Məclisi buraxmaq da daxil olmaqla genişləndirildi. Əlavə olaraq vitse prezidentlik vəzifəsi yaradıldı ki, ora da prezidentin həyat yoldaşı Mehriban Əliyeva təyin edildi. Venesiya Komissiyası öz qiymətləndirməsində sonuncu referendumdakı insan haqqları ilə bağlı qəbul edilən dəyişikləri əsasən çox geniş və ümumi ifadə edildiyini, onların bəzilərinin arxasında yatan məqsədin aydın olmadığını bildirib və ona görə də onların praktiki təsirinin yerli məhkəmələrin şərhindən asılı olacağını qeyd edib. Xüsusilə insan haqları baxımından ən neqativ hal 29-cu maddədə mülkiyyət hüquqi ilə bağlı qəbul edilən dəyişiklik idi. Bu dəyişikliyin mülkiyyət hüququnun pozulmasını legitimləşdirməsi kimi qiymətləndirilirdi, çünki dəyişiklikdə qeyd edilən “sosial öhdəlik” hüquqi cəhətdən aydın olmayan və sui-istifadəyə yol açan ifadə kimi dəyərləndirilirdi.

Milli Məclisin deputatı Ziyafət Əsgərov “İki Sahil” qəzetinin youtube kanalına verdiyi müsahibədə Azərbaycanda keçirilən referendumlarla bağlı danışıb və iddia edib ki, keçirilən referendumların əsasında insan hüquqları və azadlıqlarının qorunması durub (22:50). “Azərbaycanda keçirilən refendumlara, orda çıxarılan məsələlərə baxsanız, onların tam əksəriyyəti insan hüquqları ilə bağlıdır”, – deyə deputat bildirib.

“Fakt Yoxla” deputatın iddiasının doğru olub-olmadığını araşdırıb.

Azərbaycanda ilk referendum 24 avqust 2002-ci ildə keçirilib. Refendumda konstitusiyanın 39 maddəsinə 56 əlavə və dəyişiklik qəbul edilib. Dəyişikliklər ümumi 8 mövzu üzrə qruplaşdırılmışdı. Mövzulardan biri - Azərbaycan Respublikasının İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulmasından irəli gələn dəyişikliklər - bir başa insan haqları ilə bağlı olub. Bu mövzu daxilində təklif edilən dəyişiklər ilk baxışda insan hüquqlarının müdafiəsini gücləndirməyə xidmət edən dəyişikliklər kimi görülürdü. İnsan haqqları ilə əlaqəli qəbul edilən əlavə və dəyişikliklər maddə və bəndlər üzrə aşağıdakılardır.

Maddə 27. 4. “Fövqəladə və hərbi vəziyyət zamanı səlahiyyətli şəxsin verdiyi əmrin yerinə yetirilməsi” öhdəliyinin çıxarılması

Maddə 76. Alternativ xidmətin yaradılması, 76.2. “Alternativ hərbi xidmət sözləri, alternativ xidmətlə əvəzlənsin”

Maddə 155.  İnsan azadlığı və hüquqlarının “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması”-nın qadağan edilməsi.

Dəyişiklik edilən 8 mövzudan biri də Azərbaycan Respublikasının Avropa Şurası qarşısında öz üzərinə götürdüyü öhdəliklərdən irəli gələn dəyişikliklər mövzusu idi ki, bunların da bir neçəsi insan haqları ilə əlaqəli idi.

130-cu maddəyə əlavə edilmiş 5, 6 və 7-ci dəyişikliklərdə Konstitusiya Məhkəməsinə fərdi şikayət və sorğuların verilməsi hüququ təsbit edilirdi ki, bu da özlüyündə hüquqların genişləndirilməsi kimi qiymətləndirilirdi.

Əlavə olaraq 71-ci maddədə “İnsan və vətəndaş hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər” cümləsindən “yalnız” sözünun çıxarılması insan hüquqları prizmasından neqativ qiymətləndirildi, çünki vətəndaşlarının hüquqlarının digər hüquqi aktlarla da məhdudlaşdırılmasını ehtiva edirdi.

Bununla belə, 2002-ci ildəki referendumda səsverməyə çıxarılan daha əhəmiyyətli məsələlər ölkənin siyasi idarəetməsi ilə bağlı idi və onların qəbulu ölkədə demokratik idarəçiliyə vurulan zərbə hesab edilirdi. Buraya prezidentin yoxluğunda hakimiyyətin Milli Məclisin sədrindən Baş nazirə verilməsi, prezident seçkilərində səsvemənin üçdə iki səs çoxluğundan sadə (50+1) səs çoxluğuna dəyişdirilməsi, həmçinin parlament seçkilərində qismən proporsional sistemdən tam majoritar sistemə keçid idi. Bu dəyişikliklər hakim qüvvənin seçkilərdə qələbəsini asanlaşdıran və hakimiyyəti əlində cəmləşdirməsini təmin edən dəyişikliklər kimi qiymətləndirilirdi. Beləliklə, bu referendumda ümumilikdə 56 dəyişiklikdən cəmi 6-sı birbaşa insan haqqları ilə bağlı idi və onun vəziyyətini yaxşılaşdıran dəyişiklik hesab edilə bilərdi.

2009-ci il 18 martda keçirilən ikinci referenduma 29 maddədə 41 dəyişiklik çıxarılmışdı. Bu referendumda insan haqları ilə bağlı əlavə və dəyişikliklər maddə və hissələr üzrə əlavə və dəyişikliklər aşağıdakılardan ibarət idi:
  

17-ci maddə
3. - Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər.
4. - Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır.
5. - 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər.

25-ci maddə
2. – İqri, dini və milli kimliyinə görə heç kəsə zərər verilə bilməz.
3. - Dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.

32-ci maddə
2. - Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.
3. - Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
5. -  Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır.

48-ci maddə
5. - Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.

50-ci maddə
3. - Hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir.

67-ci maddə
2. - Cinayət törədilməsində təqsirləndirilən hər bir şəxs məhkum edilməzdən əvvəl dinlənilməlidir.

71-ci maddə
2. - Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır.
9. - Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz.

96-cı maddə 

6. -  Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası qanunla müəyyən edilir.

Ümumilikdə 2009-cu ildəki referendumda qəbul edilən 41 əlavə və dəyişikliklərdən 14-ü sırf insan haqları ilə bağlı olsa da, bu səsvermədə də siyasi baxımdan ən əhəmiyyətli məsələ prezidentin 2 dəfədən artıq seçilməsi qadağasının ləğv edilməsi və prezidentin səlahiyyətlərinin artırılması idi. Venesiya Komissiyasının referendumla bağlı hesabatında dəyişikliklər mənfi yöndə və demokratik cəhətdən geriyə addım kimi qiymətləndirilib.

Ölkədə sonuncu referendum isə 2016-ci il 26 sentyabrda keçirildi. Konstitusiyanın 29 maddəsində 54 dəyişiklik qəbul edilən referendumda sırf insan haqları ilə bağlı dəyişiklər aşağıdakılardır:

24.1  İnsan ləyaqəti qorunur və ona hörmət edilir

25.4 Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar

29.5 Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.  

29.6 Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.

32.6 Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır.

32.7 Məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar, ayrıseçkiliyə yol verməmək şərtilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz.

36.4 Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, lokaut qadağandır

49.2 İctimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə,” sözləri əlavə edilsin.

Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır

60.1 Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

60.2 Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.

60.3 Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır.

60.4 Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.”.

68.1 Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır.

68.4 Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır.

71.2 Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən  nəticəyə mütənasib olmalıdır

Sonuncu referendumda da qəbul edilən 54 dəyişiklikdən 16-sı birbaşa insan hüquqları ilə bağlı idi. Ancaq bu referendumun da əsas mövzusu ölkədə demokratik idarəetməni daha da pisləşdirən dəyişikliklər oldu. Bu dəfə prezidentlik müddəti 5 ildən 7 ilə qaldırıldı, prezidentlik üçün lazım olan yaş həddi (35 yaş) ləğv edildi, həmçinin prezidentin səlahiyyətləri Milli Məclisi buraxmaq da daxil olmaqla genişləndirildi. Əlavə olaraq vitse prezidentlik vəzifəsi yaradıldı ki, ora da prezidentin həyat yoldaşı Mehriban Əliyeva təyin edildi. Venesiya Komissiyası öz qiymətləndirməsində sonuncu referendumdakı insan haqqları ilə bağlı qəbul edilən dəyişikləri əsasən çox geniş və ümumi ifadə edildiyini, onların bəzilərinin arxasında yatan məqsədin aydın olmadığını bildirib və ona görə də onların praktiki təsirinin yerli məhkəmələrin şərhindən asılı olacağını qeyd edib. Xüsusilə insan haqları baxımından ən neqativ hal 29-cu maddədə mülkiyyət hüquqi ilə bağlı qəbul edilən dəyişiklik idi. Bu dəyişikliyin mülkiyyət hüququnun pozulmasını legitimləşdirməsi kimi qiymətləndirilirdi, çünki dəyişiklikdə qeyd edilən “sosial öhdəlik” hüquqi cəhətdən aydın olmayan və sui-istifadəyə yol açan ifadə kimi dəyərləndirilirdi.

Ümumilikdə, 3 referendumda qəbul edilən 152 dəyişiklikdən yalnız 36-sı birbaşa insan haqqları ilə əlaqəli dəyişikliklər hesab edilə bilər. Bununla belə, bu dəyişikliklərin də bir qismi beynəlxalq təşkilatlar və ekspertlər tərəfindən neytral, anlaşılmaz və hətta məhdudlaşdırıcı xarakter daşıyan dəyişiklər kimi xarakterizə edilib. Əsasən hər üç referendumda insan haqqları ilə bağlı məsələlərin səsverməyə qoyulan əsas siyasi dəyişikliyi ört-basdır etmək məqsədilə irəli sürüldüyü bildirilib.

Beləliklə, “Fakt Yoxla”nın gəldiyi qənaətə görə Ziyafət Əsgərovun referendumlarla bağlı səsləndirdiyi iddia yanlışdır.

Yanlış
  • 27 Oktyabr, 2025
  • 106

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə