“Oxu.az” və “anews.az” saytları tərəfindən yayımlanan xəbərlərdə qeyd olunur ki, dövlət büdcəsindən deputatı olan partiyalara əlavə 1 milyon manat ayrılacaq: “2025-ci ildə Milli Məclisinin deputatlarının təmsil etdiyi siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün 5 milyon manat nəzərdə tutulmuşdu”, -deyə xəbərdə bildirilir.
"Fakt Yoxla" xəbərin doğru olub-olmadığını yoxlayıb.
2025-ci ilin dövlət büdcəsinə əsasən, siyasi partiyalara 5 milyon manat yox, 6 milyon manat vəsait ayrılıb. Yəni, siyasi partiyalara ayrılan müvafiq maliyyə yardımı artırılmayıb, eyni məbləğdə saxlanılıb.
Bundan əlavə, siyasi partiyalara ayrılan dövlət vəsaiti yalnız deputatı olan siyasi partiyalara ayrılmır. Siyasi partiyalar haqqında Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə görə seçkilərdə partiya kimi iştirak edib ancaq heç bir deputatı seçilməyən partiyalar da dövlət vəsaitinin 5 faizini əldə edirlər.
Beləliklə, dövlət büdcəsindən 2025-ci ildə siyasi partiyalara ayrılan vəsait 5 milyon deyil, 6 milyon olub. Bundan əlavə vəsait yalnız deputatı olan siyasi partiyalara ayrılmayıb.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, xəbər yanlışdır.