logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Fazil Mustafa: “Sosial şəbəkələrdə tənqidi fikirlərinə görə kiməsə hər hansı söz deyən də yoxdur”.

Fazil Mustafa: “Sosial şəbəkələrdə tənqidi fikirlərinə görə kiməsə hər hansı söz deyən də yoxdur”.

Xəbərin qısa icmalı

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib: "Azərbaycanda müxalifət olduğuna görə kiminsə həbs olunması deyə bir tendensiya, ümumiyyətlə, yoxdur… Sosial şəbəkələrdə tənqidi fikirlərinə görə kiməsə hər hansı söz deyən də yoxdur”.

Beynəlxalq insan haqları təşkilatı “Human Rights Watch” (HRW), “Amnesty International”, “Freedom House”, “Sərhədsiz Reportyorlar” təşkilatının hesabatlarında bu mövzuya toxunublar və Azərbaycanda belə halların yaşandığını hesabatlarında təəssüflə qeyd ediblər.

“Azərbaycanda müxalifət olduğuna görə kiminsə həbs olunması deyə bir tendensiya, ümumiyyətlə, yoxdur… Sosial şəbəkələrdə tənqidi fikirlərinə görə kiməsə hər hansı söz deyən də yoxdur”.

Bunu Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa “Pravda.az”-a açıqlamasında deyib.

“Fakt Yoxla” deputat Fazil Mustafanın iddiasının doğru olub-olmadığını yoxlayıb.

Beynəlxalq insan haqları təşkilatı “Human Rights Watch” (HRW) 11 yanvar 2024-cü ildə Dünya Hesabatını dərc edib. Hesabatda Azərbaycanda 2023-cü il ərzində baş vermiş insan haqları pozuntularından da bəhs olunub. HRW vurğulayıb ki, hökumət ifadə, toplaşma və təşkilatlanma azadlıqlarını sərt bir şəkildə məhdudlaşdırmağa davam edib. Azərbaycanda sosial mediada yazdıqları postlara, müsahibələrinə görə təqib olunan insanlar var. Məsələn, 2023-cü ilin fevral ayında AXCP üzvü Orxan Baxışlı ictimai fəal Bəxtiyar Hacıyevin həbsini tənqid edən müsahibə verdikdən 1 gün sonra saxlanıb. Müstəqil jurnalist Vəli Şükürzadə jurnalist təhqiqatı üçün informasiya istədikdən, AXCP fəalı Zaur Usubov Facebook postları yazandan, sosial media fəalı Əmrah Təhməzov isə Facebookda Əlzamin Salayevin azad olunması ilə bağlı Prezidentə çağırış etdikdən sonra saxlanılıblar. İyun ayında Söyüdlü kəndindəki etirazların polis tərəfindən zorakılıqla yatırılmasını tənqid etdiklərinə görə ictimai fəallar Elmir Abbasov və Qiyas İbrahimov 32 və 20 sutkalıq müddətə həbs olunublar. Sosial şəbəkələrdə Qarabağdakı 19 sentyabr əməliyyatını tənqid etdikdən sonra fəallar Cavid Əhmədov və Əmrah Təhməzov Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıblar. Əmrah Təhməzova sentyabrın 20-də 30 sutka inzibati həbs cəzası verilib. Həmçinin, müharibəni sosial şəbəkədə tənqid edən Emin İbrahimov, Nemət Abbasov, jurnalist Nurlan Qəhrəmanlı da 30 sutka həbs cəzası alıblar.

Avropa Şurasının insan hüquqları üzrə Komissarı Dunya Miyatoviç Söyüdlü kəndində baş verən etiraz aksiyaları ilə bağlı tənqidi fikir səsləndirdiyinə görə fəallar Qiyas İbrahimov və Elmir Abbasovun saxlanıldığını, jurnalistlər Nigar Mübariz, Nərgiz Absalamova və Elsevər Muradzadənin peşə fəaliyyətlərini yerinə yetirərkən saxlanıldığı və təzyiqə məruz qaldığını bildirib.

“Amnesty International” ən son dərc olunan 2022-ci ilə dair hesabatında bildirib ki, Azərbaycanda media ciddi şəkildə məhdudlaşdırılıb, müxalif fikirləri dərc edən veb-saytlar bloklanıb, sosial mediada tənqidi fikirlər səsləndirən istifadəçilər cəzalandırılıb və mühakimə olunub. Fatimə Mövlamlı və Sevinc Sadıqova həlak olmuş azərbaycanlı hərbçilərin analarının aksiyalarını işıqlandırarkən saxlanılıb,  digər jurnalist Aytən Məmmədova liftdə naməlum şəxs tərəfindən bıçaqla hədələnib. İctimai fəal Əhməd Məmmədli Ermənistan və Azərbaycan arasında toqquşmalardan sonra Prezident Əliyevi tənqid etdikdən sonra 30 sutkalıq həbs edilib. Qeyd edək ki, bloklanan saytlara Azadlıq Radiosunun, Azadlıq qəzetinin, MeydanTV-nin, TuranTV-nin və Azərbaycan saatı televiziya proqramının saytları daxildir

“Freedom House” 2023-ci il hesabatında “İnternetdə Azadlıq” hesabatında Azərbaycanın azad ölkə olmadığını bildirib. Təşkilat əvvəlki hesabatlarında da "İnternet Azadlığına görə” Azərbaycanı eyni qrupa aid edib və sosial şəbəkə istifadəçilərinin həbs olunduğunu vurğulayıb.

“Sərhədsiz Reportyorlar” təşkilatının 2023-ci il üzrə yaydığı Media Azadlıq İndeksinə əsasən Azərbaycan 180 ölkə arasında 151-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, bənzər faktlar əvvəllər də müşahidə olunub və pozuntular davamlı hər il baş verib. Məsələn, Demokratik Təşəbbüslər İnstitutu (IDI) 2021-ci ildə “Azərbaycanda İfadə Azadlığının Vəziyyətinə dair” Araşdırma Sənədində bildirib ki, həmin il ərzində Azərbaycanda 6 nəfər paylaşımlarına və fikirlərinə görə cinayət məsuliyyətinə cəlb edilib. AHİM-in 2021-ci ildə Azərbaycana qarşı çıxarılan 6 qərarında ifadə azadlığı hüququnun pozuntusu tanınıb. IDI-nin 2020-ci ildə “Azərbaycanda sosial şəbəkələrdə ifadə azadlığının vəziyyətinə dair” araşdırma sənədində sosial şəbəkə paylaşımlarından sonra azı 9 nəfərin polis bölməsinə çağırıldığını, bəzilərinin telefonlarının alınıb, paylaşımlarının silindiyini və onlara xəbərdarlıqlar edildiyini, azı 9 nəfərin inzibati, 6 nəfərin isə cinayət məsuliyyətinə cəlb olunduğunu müəyyən edib. Monitorinq nəticəsində müəyyən edilib ki, 2020-2021-ci illərdə 88 nəfər siyasi motivlər əsasında inzibati qaydada həbs olunub.

Beləliklə, sosial şəbəkələrdə tənqidi fikirlər səsləndirdikdən sonra  insanlar təqib olunub, polis bölməsinə çağırılıb, inzibati və cinayət məsuliyyətinə cəlb olunublar.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Fazil Mustafanın iddiası yanlışdır.

“pravda.az”, Fazil Mustafa: “Azərbaycanda müxalifət olduğuna görə həbs olunma tendensiyası yoxdur”

“hrw.org”, Azerbaijan Events of 2023

“rm.coe.int”, Ref: CommHR/DM/sf 022-2023

“amnesty.org”, AZERBAIJAN 2022

“toplum.tv”, Azərbaycanda ifadə azadlığının vəziyyətində irəliləyiş əldə olunmayıb - Araşdırma

“amerikaninsesi.org”, Azərbaycanda ifadə azadlığında irəliləyişin olmadığı bildirilir

“meydan.tv”, Azərbaycanda ifadə azadlığının durumu: 6 nəfər cinayət məsuliyyətinə cəlb edilib

“arqument.az”, Azərbaycanda ifadə azadlığı: 6 nəfər cinayət məsuliyyətinə cəlb edilib

“freedomhouse.org”, Internet Freedom Status

“freedomhouse.org”, FREEDOM ON THE NET 2020 Azerbaijan

“idi-aze.org”, AZƏRBAYCANDA SOSİAL ŞƏBƏKƏLƏRDƏ İFADƏ AZADLIĞININ VƏZİYYƏTİNƏ DAİR ARAŞDIRMA SƏNƏDİ

“rsf.org”, Media Azadlıq İndeksi

“toplum.tv”, IDI Azərbaycanda siyasi motivli inzibati həbslərlə bağlı hesabat yayıb

“amerikaninsesi.org”, İctimai fəal Əmrah Təhməzova 30 sutka inzibati həbs cəzası verilib

“azadliq.org”, Qarabağda 'antiterror' əməliyyatı başladı. TikTok bloklandı

“amerikaninsesi.org”, İctimai fəal Əmrah Təhməzova 30 sutka inzibati həbs cəzası verilib

 “bbc.com”, Azərbaycanda müharibə əleyhinə çağırışçıların həbsi "hökumətə ziyandır"

“amerikaninsesi.org”, İctimai fəal Nemət Abbasovun apellyasiya şikayəti təmin olunmayıb

“amerikaninsesi.org”, "Azərbaycanda bloklanan 5 sayta giriş imkanı yaradan resurslar da bloklana bilər"- ekspertin şərhi

Yanlış
  • 2 Fevral, 2024
  • 2064

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə