logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Əli Hüseynli: “Azərbaycan diktatura rejimindən qurtulmuş oldu”.

Əli Hüseynli: “Azərbaycan diktatura rejimindən qurtulmuş oldu”.

Xəbərin qısa icmalı

Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bunu iyunun 14-də Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsi haqqında danışarkən deyib ki, Azərbaycan demokratiya şüarları ilə hakimiyyətə gəlmiş diktatura rejimindən qurtulmuş oldu.

- Heydər Əliyevdən əvvəl hakimiyyətdə Əbülfəz Elçibəy (Əliyev) olub. Əbülfəz Elçibəy 1992-ci il iyunun 7-də baş tutan prezident seçkisində 5 namizəd arasından təxminən 59,4% səs toplayaraq prezident seçilib. Onun əsas rəqibi Nizami Süleymanov 33% səs toplasa da, digər namizədlərin heç biri 5%-dən artıq səs yığa bilməmişdi. Elçibəy Azərbaycanda ən az səs toplayaraq qalib gələn prezidentdir. Beynəlxalq müşahidəçilər Əbülfəz Elçibəyin prezident seçildiyi seçkini Azərbaycanın ilk azad seçkisi kimi qiymətləndirib.

- Beynəlxalq hesabatlara görə, Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəlməmişdən öncə iqtidarda olan Elçibəy höküməti diktator rejimi hesab olunmurdu.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib. Belə ki, 1993-cü ilin may-iyun aylarında ölkə daxilində siyasi hadisələrin kəskinləşməsi nəticəsində hökumət rəhbərliyi Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət edib. İyunun 15-də Ali Sovetin 628 saylı qərarı ilə Heydər Əliyev Ali Sovetin sədri seçildi ki, məhz bu səbəbə görə iyunun 15-i rəsmi şəkildə Milli Qurtuluş Günü kimi qeyd olunur.

  “Azərbaycan demokratiya şüarları ilə hakimiyyətə gəlmiş diktatura rejimindən qurtulmuş oldu”.

Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bunu iyunun 14-də Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsi haqqında danışarkən deyib. 

 “Fakt Yoxla” Heydər Əliyevdən əvvəlki iqtidarın diktatura rejimi xüsusiyyətləri daşıyıb-daşımadığını araşdırıb. 

Diktatura tək bir şəxsin və ya partiyanın ölkədə mütləq gücə malik olduğu bir hökumət növüdür. Diktatura idarəetməsi olan ölkələrdə təməl insanlar hüquqları sıxışdırılır, müxalifət repressiyalarla üzləşir, hakimiyyətin saxlanılması üçün zorakı üsullar tədbiq edilir. Diktatura idarəetməsində ictimai təşkilatlar, demokratik institutlar, siyasi partiyaların açılması və fəaliyyəti qadağan edilir.

Qeyd edək ki, Heydər Əliyevdən əvvəl hakimiyyətdə Əbülfəz Elçibəy (Əliyev) olduğuna görə iddianın Elçibəy hakimiyyəti dövrünə aid edildiyi başa düşülür.

 Əbülfəz Elçibəy 1992-ci il iyunun 7-də baş tutan prezident seçkisində 5 namizəd arasından təxminən 59,4% səs toplayaraq prezident seçilib. Onun əsas rəqibi Nizami Süleymanov 33% səs toplasa da, digər namizədlərin heç biri 5%-dən artıq səs yığa bilməmişdi. Elçibəy Azərbaycanda ən az səs toplayaraq qalib gələn prezidentdir.

 Beynəlxalq müşahidəçilər Əbülfəz Elçibəyin prezident seçildiyi seçkini Azərbaycanın ilk azad seçkisi kimi qiymətləndirib.

 ATƏT-in (həmin vaxtı ATƏM) dərc etdiyi sənəddə qeyd olunurdu ki, beynəlxalq müşahidəçilərin çoxuna görə, seçkilər, əsasən, azad, ədalətli və demokratik şəraitdə keçirilib.  

 Demokratiya, siyasi azadlıqlar və insan hüquqları ilə bağlı beynəlxalq qeyri-hökumət təşkilatı olan “Freedom House” da hesabatında (səh.133) Elçibəyin demokratik yolla hakimiyyətə gəldiyini bildirmişdi.  

Bir sözlə, beynəlxalq hesabatları və rəyləri əsas götürərək demək olar ki, Elçibəy legitim və demokratik şəraitdə baş tutan seçkilərlə hakimiyyətə gəlib. 

 Elçibəy dövründə diktatura rejmininin prinsiplərinə zidd olaraq çox partiyalı sistem mövcud olub. Belə ki, bu dövrdə Azərbaycanda 17 siyasi partiya fəaliyyətə başlayıb. 

 Digər tərəfdən, “Freedom House” hesabatında Elçibəy hakimiyyəti dövründə bir sıra müxalif qüvvələrin, xüsusilə də Milli İstiqlal Partiyası fəallarının təzyiqlərə məruz qaldığını bildirib. Fevral ayında polis Bakıdakı oteldə bir fəalı öldürülmüşdü (səh.133). Lakin, məhz Elçibəy dövründə Daxili İşlər Naziri çoxsaylı insan haqları pozuntularına yol verdiyinə görə dəyişdirilmişdi (səh.136).

Human Rights Watch” təşkilatı 1992-ci il hesabatında bildirir ki, Azərbaycan höküməti Dağlıq Qarabağdakı müharibənin işıqlandırılmasını çıxmaq şərti ilə mətbuata məhdudiyyətlər qoymayıb. Belə ki, hökümət hərbi sirlərin yayılmasının qarşısını almaq üçün yalnız Azərbaycan Müdafiə Nazirliyinin analitik informasiya mərkəzində və Azərbaycan televiziyasında çalışan jurnalistlərə Dağlıq Qarabağa və ətraf ərazilərə çıxışa icazə verib.

Lakin təşkilat qeyd edir ki, yayda bakılı jurnalist və onun həyat yoldaşının şübhəli ölümləri qeyri-rəsmi hərbiləşdirilmiş qrupların mətbuata təzyiq göstərməsi ilə bağlı narahatlığa əsas verir. 

Hesabatda bildirilib ki, DİN rəhbəri İ.Həmidovun oktyabrın 1-də dərc olunmuş tənqidi məqaləyə cavab olaraq “Mirror” qəzetinin əməkdaşlarını sərt şəkildə döyüb. Lakin, “Prezident Elçibəy Azərbaycanda azad mətbuatla bağlı narahatlıqlarını ifadə etmək üçün döyülmələrə etiraz edən 36 jurnalistdən ibarət qrupla görüşüb”-deyə HRW əlavə edib. 

HRW həmçinin Elçibəyin prezidentliyi dövründə Azərbaycanda insan hüquqları sahəsində baş verən mənfi halları da qeyd edib.

Belə ki, həmin vaxt Sosial Demokrat Partiyasının lideri olan Araz Əlizadə prezident Elçibəyi faşist adlandırmaqda ittiham edilsə də, bu ittihamlar sonradan geri götürüldü. AXCP-nin narazı üzvü Miralim Baxronovun prezidenti təhqir etdiyinə görə cərimələnib və icazəsiz nümayiş təşkil etdiyinə görə həbs edilib. 

Hesabatda qeyd edilib ki, Azərbaycanda dil islahatına etiraz edən nümayişçilərin polis tərəfindən döyülüb. Azərbaycan polisi 1992-ci ilin iyunundan 1993-cü ilin iyununa qədər  ən azı on nümayişi dağıdıb, nümayişçiləri ya həbs edib, ya da cərimələyib.

Lakin, yuxarıda da qeyd edildiyi kimi, məhz Elçibəy dövründə Daxili İşlər Naziri çoxsaylı insan haqları pozuntularına yol verdiyinə görə dəyişdirilmişdi (səh.136).

HRW-nın hesabatında əlavə edilib ki, Helsinki Watch da daxil olmaqla xarici insan haqları üzrə monitorinq qrupları Azərbaycanda təzyiqlərə məruz qalmayıb.

 “Freedom House” təşkilatının hesabatlarına əsasən Azərbaycan Elçibəyin hakimiyyəti dövründə qismən azad(səh.112) ölkələr sırasına daxil olarkən, Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra azad olmayan(səh.130) ölkələr sırasına daxil edilib.   

 Beləliklə, Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəlməmişdən öncə iqtidarda olan Elçibəy höküməti diktator rejimi hesab olunmurdu.

  “Fakt Yoxla”nın gəldiyi qənaətə görə deputatın iddiası yanlışdır.

Yanlış
  • 4 Avqust, 2023
  • 289

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə