Deputat Tamam Cəfərova Şamaxıda keçirilən “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfransın açılış mərasimində bildirib ki, Azərbaycan mediası beynəlxalq informasiya məkanında rəqabət gücünə malikdir.
“Fakt Yoxla” bu iddianının doğru olub-olmadığını yoxlayıb.
Hüquqi və institusional çərçivə: Rəqabətə dəstək, yaxud məhdudiyyət?
2021-ci ildə qəbul edilən və medianın fəaliyyətini tənzimləyən əsas sənəd olan “Media haqqında” qanun beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurasının Venesiya Komissiyası tərəfindən sərt şəkildə tənqid edilib. Komissiya qanunun ifadə azadlığını və medianın ictimai nəzarət funksiyasını ciddi şəkildə məhdudlaşdırdığını, jurnalistlərin dövlət nəzarətindəki media reyestrinə daxil edilməsinin isə müstəqil jurnalistikanın inkişafına zərbə vurduğunu bildirib.
Yeni qanuna görə yalnız Medianın İnkişafı Agentliyində (MEDİA) qeydiyyatdan keçmiş subyektlər rəsmi media orqanı hesab olunur. Jurnalist vəsiqələrinin də dövlət orqanı tərəfindən mərkəzləşdirilmiş şəkildə verilməsi müstəqil media subyektlərinin hüquqi statusunu qeyri-müəyyən vəziyyətdə saxlayır. Belə ki, reyestrə daxil edilməyən KİV-lər və onların əməkdaşları rəsmi olaraq media subyektləri və jurnalistlər hesab edilmir, başqa sözlə, onlar “qanundan kənar” elan olunurlar. Həmin qanuna əsasən, “İnzibati Xətalar Məcəlləsi”ndə (İXM) dəyişiklik edilərək yerli media orqanlarının təkzib, cavab və düzəliş verilməsi qaydasını pozmasına görə yeni cərimələr təsdiqlənib. İXM-in 388-ci maddəsinin 2023-cü ildə dəyişdirilməsi isə media subyeklərinin və jurnalistlərin qeyri-müəyyən və geniş sui-istifadəyə əsas verən bəhanələrlə inzibati təqibə məruz qalmasınına yeni əsaslar yaradıb.
Beynəlxalq hesabatlar: Azərbaycan mediası harada dayanır?
Azərbaycanın media mühitinin beynəlxalq səviyyədə rəqabətə nə dərəcədə hazır olduğunu qiymətləndirmək üçün nüfuzlu beynəlxalq təşkilatların redaksiya müstəqilliyi, informasiya keyfiyyəti, jurnalist təhlükəsizliyi, rəqəmsal transformasiya və qlobal auditoriyaya çıxış meyarları üzrə hesabatlarına baxmaq kifayət edir.
Sərhədsiz Reportyorlar (RSF) təşkilatının 2024-cü il Dünya Mətbuat Azadlığı İndeksinə əsasən, Azərbaycan ötən illə müqayisədə 3 pillə geriləyərək 180 ölkə arasında 167-ci yerdə qərarlaşıb. Bu indeks mətbuatın hüquqi mühiti, iqtisadi və siyasi təzyiqlər, redaksiya azadlığı, media sahiblərinin müxtəlifliyi, jurnalistlərin təhlükəsizliyi kimi amilləri nəzərə alır. Azərbaycanın göstəricisi – 25.47 – onu mediası azad olmayan ölkələr kateqoriyasına daxil edir. Bu da göstərir ki, ölkədə fəaliyyət göstərən medianın müstəqilliyi və azad rəqabət mühiti qlobal media meyarlarına cavab vermir.
2019–2024-cü illər arasında Azərbaycanda onlarla jurnalist, bloger və media fəalı təhqir və hədə-qorxuya məruz qalıb, barələrində cinayət işi açılıb, Azadlıq Radiosu, Abzas Media, Meydan TV, Azadlıq Qəzeti kimi media orqanları isə bloklanıb. 2023-cü ilin noyabrından etibarən “Toplum TV”nin, “Abzas Media”nın və “Meydan TV”nin əməkdaşları qanunsuz maliyyə ittihamları ilə saxlanılıb, redaksiyaların ofisləri qapadılıb. Hazırda 27 jurnalist həbsdədir. Abzas Media işi üzrə həbs olunan 7 jurnalist bu ilin iyun ayında ümumilikdə 59 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu hal “Sərhədsiz Reportyorlar” tərəfindən jurnalistikaya sistematik təzyiq nümunəsi kimi qəbul edilib.
ABŞ-də yerləşən “Freedom House” təşkilatının həm “Freedom in the World” (Dünyada Azadlıq) hesabatında, həm də “Freedom on the Net” (İnternet Azadlığı) indeksində Azərbaycan uzun illərdir ki, “azad olmayan ölkə” kimi qiymətləndirilir. 2024-cü il hesabatına əsasən, Azərbaycan 100 baldan cəmi 10 bal toplayaraq azad olmayan informasiya mühitinə sahib ölkə kimi xarakterizə olunur.
Hesabatda bir sıra mənfi hallar qeyd olunur:
- Müstəqil medianın qeydiyyata alınmasında məhdudiyyətlər;
- Onlarla jurnalistin siyasi motivli ittihamlarla həbsi;
- Onlayn mediaya qarşı bloklamalar və hücumlar;
- Özünü senzura və dövlət təzyiqi altında fəaliyyət.
Beynəlxalq media ilə müqayisə
Beynəlxalq rəqabət gücünün əsas şərtlərindən biri də informasiyanın ixracı və beynəlxalq auditoriyaya təsiridir. Məsələn, Britaniya mərkəzli “BBC”, Fransada yerləşən “France24”, yaxud Almaniyada yerləşən “DW” qlobal informasiya dövriyyəsində böyük həcmdə iştirak edir.
Azərbaycan mediası isə beynəlxalq aləmdə əsasən dövlət kanalları (AzTV, CBC, AZƏRTAC və s.) vasitəsilə tanıdılır. Lakin bu orqanlar əsasən dövlət mövqeyini təbliğ etdiyindən, qlobal media istehlakçıları və beynəlxalq jurnalistika icması üçün etibarlı və balanslı mənbə sayılmırlar.
Məsələn, “BBC Monitoring”, “Reuters Fact Check” və “New York Times” kimi qurumlar Azərbaycan mənşəli məlumatlara nadir hallarda istinad edir və bu da Azərbaycan mediasının qlobal informasiya bazarında payının az olduğunu göstərir.
Bundan əlavə, əksər yerli media qurumları yalnız Azərbaycan dilində fəaliyyət göstərir, ingilisdilli kontent çox məhduddur. Halbuki beynəlxalq informasiya məkanında rəqabət üçün dil əlçatanlığı və aydınlıq əsas şərtdir.
Yuxarıda göstərilən beynəlxalq indekslər, hesabatlar və media mühiti ilə bağlı faktlar göstərir ki, Azərbaycanın yerli mediası beynəlxalq informasiya məkanında rəqabət gücünə malik deyil.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, deputat Tamam Cəfərovanın iddiası yanlışdır.