logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Deputatın beynəlxalq seçki missiyaları haqqında iddiası

Deputatın beynəlxalq seçki missiyaları haqqında iddiası

Milli Məclisin deputatı Kamilə Əliyeva müəllimlərin seçkidə iştirakından danışarkən bildirib ki, seçkilər keçirilən zaman beynəlxalq təşkilatlar da müşahidəçi qismində dəvət olunurlar:

“Onlar da seçkiləri izləyirlər, bu günə qədər gəldikləri qənaət bu olub ki, Azərbaycanda seçkilər daim şəffaf, demokratik şəraitdə aparılıb”, – deyə deputat qeyd edib. 

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb. 

İddia seçkilərlə bağlı rəsmi mandatı olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (bundan sonra DTİHB) rəylərinə əsasən yoxlanılıb. DTİHB, Avropada seçki müşahidəsi sahəsində aparıcı təsisatdır. 

İddia yoxlanılarkən Azərbaycanda 2000, 2005, 2010, 2020-ci illərdə baş tutmuş parlament seçkiləri və 2003, 2008, 2013 və 2018-ci illərdə keçirilmiş prezident seçkiləri ilə bağlı hesabatlara baxılıb.

İddianın yoxlanılmasına 2015-ci il parlament seçkiləri daxil edilməyib. Çünki, DTİHB Azərbaycan hökümətinin qoyduğu məhdudiyyətlərə görə həmin seçkini müşahidə edə bilməyib.

5 noyabr 2000 və 7 yanvar 2001-ci il parlament  seçkiləri

DTİHB-nın hesabatında bildirilir ki, bu seçkilər Azərbaycanın Avropa Şurasına qəbulu və bundan doğan məsələlərin müşahidəsi şəraitində baş tutub. Hesabatda seçkilərə hazırlıq mərhələsində əvvəlki seçkilərə nisbətən irəliləyiş qeydə alındığı vurğulansa da, demokratik standartlara uyğun keçirilmədiyi vurğulanıb. 

“Səsverməyə çoxsaylı pozuntularla xələl gəlmiş və səslərin sayılması büsbütün düzgün aparılmamamışdır”, – deyə hesabatda qeyd edilib. 

15 oktyabr 2003-cü il prezident seçkiləri

DTİHB-nın 2003-cü ilin noyabrında dərc edilən hesabatında bildirilib ki, 2003-cü il oktyabrın 15-də keçirilmiş prezident seçkisi ATƏT-in öhdəliklərinə və demokratik seçkilərlə bağlı digər beynəlxalq standartlara cavab verməyib. Ümumi proses həqiqi seçki prosedurunu həyata keçirmək üçün kifayət qədər siyasi öhdəliyin olmadığını əks etdirib. Sənəddə seçkiqabağı dövrdə geniş hədə-qorxuların olduğu, namizədlərə qeyri-bərabər şəraitin yaradıldığı, səslərin hesablanması və nəticələrin hesablanmasında ciddi nöqsanların baş verdiyi bildirilib. 

Hesabatda qeyd olunub ki, seçki rəsmiləri və müxalifət fəallarının geniş şəkildə həbsləri ilə nəticələnən seçkidən sonrakı zorakılıqlar seçki prosesini daha da pozub. Yekun nəticələrin açıqlanmasına sayılı günlər qalmış beynəlxalq müşahidəçilərin MSK-da seçkidən sonrakı fəaliyyəti izləməsinə icazə verilməyib. İctimai mitinqlərə və yerli vətəndaş təşkilatlarının müşahidəsinə ciddi məhdudiyyətlər qoyulub.

Seçkidən sonra səsvermənin nəticələrinin saxtalaşdırıldığını iddia edən müxalifət fəalları ilə hüquq-mühafizə orqanları arasında toqquşmalar baş verib, yüzlərlə şəxs həbs edilib, bir o qədər insan yaralanıb, bir nəfər isə həyatını itirib.

6 noyabr 2005-ilin parlament seçkiləri və  13 may 2006- ilin hissəvi təkrar parlament seçkiləri

DTİHB-nın hesabatına əsasən, Azərbaycanda 6 noyabr parlament seçkiləri ATƏT-in bir sıra öhdəliklərinə və demokratik seçkilər üzrə digər beynəlxalq standartlara cavab verməyib. 125 dairədən 10-da seçkilərin nəticələri MSK tərəfindən ləğv edilib və Konstitusiya Məhkəməsi həmin dairələrdə təkrar seçkilərin keçirilməsini 2006-cı il mayın 13-nə təyin edib.

Hesabatda qeyd olunub ki, yerli icra hakimiyyətlərinin seçkilərə müdaxiləsi, kütləvi informasiya vasitələrinin hazırkı deputatların xeyrinə təbliğat aparması bütün namizədlərə bərabər şəraitin yaradılmasının təmin edilməməsi ilə nəticələnib.

“Səsvermə ümumilikdə sakit keçsə də, seçki günü olan proses səslərin sayılması və xüsusilə səslərin cədvəlləşdiriliməsi zamanı getdikcə pisləşməyə başlayıb”, – deyə hesabatda bildirilir.

15 oktyabr 2008-ci il prezident seçkiləri

DTİHB hesabatında seçkiləri sağlam rəqabətin çatışmaması, kifayət qədər fəal siyasi müzakirələrin olmaması, eləcə də məhdud media mühiti ilə xarakterizə edib.

Hesabatda qeyd olunur ki, seçki prosesi mənalı və plüralist demokratik seçkilər üçün zəruri olan prinsiplərin bəzilərini əks etdirməyib. 

“Bəzi seçicilər mitinqlərdə və yaxud səsvermədə iştirak etmək üçün təzyiqlərə məruz qalıblar və bu baxımdan, azad seçim etmiş olmaya bilərlər. Əfsuslar olsun ki, bir sıra müxalifət partiyaları münasibət və fikir ifadəsinə bərabər imkanlara qoyulan uzun müddətli maneələri əsas gətirərək, seçkilərdə iştirak etməmək qərarını vermiş və beləliklə, elektoratın güvənli seçim etmək miqyası daha da məhdudlaşmışdır”, – deyə hesabatda vurğulanır. 

O da bildirilib ki, Seçki Məcəlləsi prosesin demokratik keçirilməsinə səbəb ola bilərdi, lakin həmin məcəlləyə əməl edilməməsi buna mane olub.  

7 noyabr 2010-ci il parlament seçkiləri

DTİHB-nin hesabatında qeyd edilib ki, seçkilərin müvafiq qaydada və rəqabət şəraitində keçməsi üçün tələb olunan müəyyən şərtlərə əməl olunmayıb. Büronun bildirdiyi kimi, seçkilərin aparılması ölkənin demokratik inkişafında əhəmiyyətli irəliləyişin əldə edilməsi üçün qənaətbəxş hesab edilməyib.

“Bu seçkilərdə dinc toplaşma və ifadə kimi fundamental azadlıqlara məhdudiyyət qoyulmuş, azad və müstəqil media tərəfindən canlı müzakirələrin təşkil edilməsi, demək olar ki mümkün olmamışdır. Nöqsanlarla müşayiət olunan namizədlərin qeydiyyatı prosesi, məhdud siyasi mühit, qeyri-bərabər və qərəzli media işıqlandırması, effektiv kampaniyanın keçirilməsi üçün resurslara qeyri-bərabər çıxış, inzibati resurslardan sui-istifadə, o cümlədən yerli icra hakimiyyəti orqanları tərəfindən hakim partiya namizədlərinin xeyrinə müdaxilələr namizədlər üçün qeyri-bərabər şəraitin yaranmasına səbəb olmuşdur” – deyə hesabatda bildirilir. 

9 oktyabr 2013 – prezident seçkiləri

DTİHB-nin hesabatında deyilir ki, prezident seçkiləri fundamental azadlıqlara olan məhdudiyyətlər, bərabər fəaliyyət sahəsinin azlığı və seçki günü yaşanan mühüm problemlərlə müşayiət olunub. 

“Məhdudlaşdırıcı tələblər beynəlxalq standartlarla ziddiyət təşkil edir. Səslərin hesablanması xeyli dərəcədə mənfi hallarla səciyyələnmiş, müşahidə olunan seçki məntəqələrinin 58%-də nəticələr pis və yaxud çox pis kimi dəyərləndirilmiş və ciddi problemlərin olduğu nümayiş etdirmişdir”, – deyə hesabatda qeyd olunub. 

11 aprel 2018-ci il növbədənkənar prezident seçkiləri

DTİHB seçki prosesini ciddi pozuntu halları, şəffaflığın olmaması və müşahidəçilərin işinə maneələrin yaradılması ilə xarakterizə edib. Müşahidəçilər səsvermə zamanı ciddi pozuntu faktları, o cümlədən qutulara topa bülletenlərin atılması, bir dəfədən çox səsvermə və çox sayda oxşar imzaların olması faktlarının baş verdiyini bildiriblər. 

“Bu seçkidə həqiqi rəqabət olmayıb”,– deyə hesabatda vurğulanıb.

9 fevral 2020-ci il növbədənkənar parlament seçkiləri

DTİHB  bu seçkilər zamanı ciddi pozuntu halları aşkarlayıb və bir çox məqamda prosesin qeyri-şəffaf keçdiyini bildirib. Hesabatda qeyd olunub ki, məhdudlaşdırıcı qanunverici və siyasi mühit, namizədlərin çox olmasına baxmayaraq, seçkilərdə həqiqi rəqabətin qarşısını alıb:

“Səslərin hesablanması və protokollaşdırılması zamanı baş verən mühüm prosedur pozuntuları nəticələrin düzgünlüyünə dair narahatlıq yaratmışdır. Səsvermə günü ümumilikdə sakit şəraitdə keçmiş, lakin qaydaların pozulmasının qarşısını almaq üçün mütləq hesab olunan prosedurlara geniş mənada etinasızlıq, bir qismi məqsədli şəkildə törədilən çoxsaylı ciddi qanun pozuntuları ilə səciyyələnmişdir...Yuxarıda göstərilənlərin məcmu təsiri səslərin hesablanma prosesinin şəffaflığını xeyli dərəcədə azaltmışdır”. 

Beləliklə, hesabatlardakı rəyləri nəzərə alsaq, 2000-ci ildən etibarək keçirilən prezident və parlament seçkilərinin heç biri şəffaf, demokratik qiymətləndirilməyib. Yoxlamaya cəlb edilən seçkilərdə qeyri-şəffaflıq, pozuntu hallarının baş verməsi müşahidə edilib. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, deputatın iddiası yalandır.  

Yalan
  • 31 Oktyabr, 2022
  • 4489

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə