logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Bəhruz Məhərrəmov: “Gəncə, Bərdə, Tərtərdə dinc insanlar Ermənistan tərəfindən raket atəşinə tutularkən Avropa təşkilatları susurdu”

Bəhruz Məhərrəmov: “Gəncə, Bərdə, Tərtərdə dinc insanlar Ermənistan tərəfindən raket atəşinə tutularkən Avropa təşkilatları susurdu”

Xəbərin qısa icmalı

- Deputat Bəhruz Məhərrəmov bildirib ki, Avropa İttifaqı və Avropa Şurası Gəncə, Bərdə, Tərtərin raket hücumlarına məruz qalarkən susublar. 

- Avropa İttifaqı yalnız bir açıqlamasında sözcü səviyyəsində Gəncəyə raket hücumunu qınamış, digər ərazilərin bombalanmasını xüsusi vurğulamasa da, həmin ərazilərin bombalanmasından sonra mülki əhalinin öldürülməsindən narahatlığını bildirib. Avropa Şurasının isə həmin ərazilərin bombalanması barədə heç bir xüsusi açıqlamasına rast gəlinməyib. 

“Biz çox yaxşı xatırlayırıq ki, cəmi üç il öncə Gəncə, Bərdə, Tərtərdə dinc insanlar Ermənistan tərəfindən raket atəşinə tutularkən, yüzlərlə mülki şəxs, qadınlar, qocalar, uşaqlar məhz azərbaycanlı olduqları üçün müharibə cinayətlərinə qurban gedərkən bu riyakarlar necə və niyə susurdu”.

Bunu “APA”-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Kontekstə baxdıqda məlum olur ki, iddia Avropa İttifaqı və Avropa Şurasının Gəncə, Bərdə, Tərtərin raket hücumlarına məruz qalmasına susması ilə bağlıdır.

Bəs bu təşkilatlar həqiqətən sözügedən ərazilərin vurulmasına susublarmı?

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını araşdırıb.

İlk olaraq qeyd edək ki, İkinci Qarabağ müharibəsinin gedişində erməni silahlı qüvvələrinin Gəncə şəhərinə 4, 5, 8, 11, 17 oktyabr tarixlərində raket zərbələri endirməsi nəticəsində 26 dinc sakin həyatını itirib, azı 140 nəfər yaralanıb, 3 mindən çox obyektə isə ziyan dəyib. 2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinə, oktyabrın 28-də isə Bərdə şəhərinə olan raket hücumları nəticəsində 26 qadın, 72 kişi, 14 azyaşlı olmaqla 112 nəfər xəsarət alıb, 29 nəfər isə həlak olub. Oktyabrın 28-də Tərtərə edilən raket zərbələri nəticəsində 16 mülki şəxs həlak olub, 63 nəfər yaralanıb.

Avropa İttifaqının sözcüsü yalnız Gəncə 5-ci dəfə bombalandıqdan sonra oktyabrın 17-də Gəncəyə olunan raket hücumunu qınadığını, mülki şəxlərin və obyektlərin hədəf alınmasının dayandırılmalı olduğunu bildirmişdi. Qeyd edilmişdi ki, təşkilat 16-dan 17-nə keçən gecə Azərbaycanın Gəncə şəhərinə endirilmiş və mülki əhalinin tələfatı və ciddi xəsarət alması ilə nəticələnən zərbələrdən təəssüflənir. Bu bəyanatda bombalayan tərəfin adı çəkilməyib, hər iki tərəf sivil hədəflərə yönəlməməyə çağırılıb.

Avropa İttifaqı 2020-ci il oktyabrın 7-də dərc olunan açıqlamasında bildirib ki,  Aİ əhalinin məskunlaşdığı ərazilərə, mülki vətəndaşların ölümünə səbəb hücumların artdığına dair son dərəcə narahatedici reportlar görüb. “Biz tərəfləri dinc əhalinin müdafiəsi ilə bağlı beynəlxalq öhdəliklərinə tam əməl etməyə çağırırıq” – açıqlamada qeyd edilib.  Lakin burada da konkret hansı ərazilərin və hansı ölkə tərəfindən hücuma qaldığı qeyd edilməyib və mülki əhalinin vurulması ümumi şəkildə təsvir edilib. Buna səbəb kimi göstərilib ki, ATƏT ərazidəki monitorinqi dayandırdığına görə, Aİ-nin orada müşahidəçiləri yoxdur. “Ətraflı məlumat azdır və çoxlu saxta xəbərlər var” - deyə bildirilib. Aİ-nin həmçinin oktyabrın 11-də dərc edilən bəyanatında mülki hədəflərə qarşı davam edən hərbi fəaliyyətlərlə bağlı reportları narahatlıqla izlədiklərini bildirib. 

Aİ Bərdəyə və Tərtərə edilən raket hücumlarından bir gün sonra dərc etdiyi bəyanatda bildirib ki, mülki şəxslərin getdikcə daha çox hədəfə alınması qəbuledilməzdir. Bu bəyanat qadağanedilmiş smerç raketinin Bərdəyə atılmasından sonra edilsə də, Tərtərdəki bombalanmaya toxunulmayıb.

Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin prezidenti Anders Knape 29 oktyabrda, münaqişə nəticəsində mülki əhalinin öldürülməsindən narahatlığını qeyd (səh.6) etsə də, raket hücumları olan ərazilər haqqında danışmayıb.  

Beləliklə, Avropa İttifaqı yalnız bir açıqlamasında sözcü səviyyəsində Gəncəyə raket hücumunu qınamış, digər ərazilərin bombalanmasını xüsusi vurğulamasa da, həmin ərazilərin bombalanmasından sonra mülki əhalinin öldürülməsindən narahatlığını bildirib. Avropa Şurasının isə həmin ərazilərin bombalanması barədə heç bir xüsusi açıqlamasına rast gəlinməyib. 

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə deputatın iddiası əsasən doğrudur.

Əsasən doğru
  • 30 Noyabr, 2023
  • 915

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə