Azərbaycan Dövlət Televiziyası (AzTV)-nın “Ermənistanın əsl məqsədi nədir” adlı video buraxılışında bildirilir ki, Vaşinqtonda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə Ermənistanın Baş naziri Nikol Paşinyan “Türkiyə ilə sərhədlərin açılması Azərbaycanla münasibətlərin normallaşdırılmasından keçir” cavabı alıb.
“Fakt Yoxla” dövlət televiziyasının bu iddiasının doğru olub-olmadığını yoxlayıb.
Türkiyə Ermənistanla sərhədlərini 1993-cü ildə Qarabağ müharibəsi gedişində bağlayıb. Bu illər ərzində sərhədlər bağlı qalıb və diplomatik münasibətlər olmayıb. Sərhədlərin açılması və iki ölkə arasında münasibətlərin normallaşması üçün Türkiyə Ermənistana Qarabağın işğalını sonlandırması şərtini qoyub. Bu şərt yerinə yetirilmədiyinə görə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan Zurix protokolları da daxil olmaqla normallaşma cəhdləri uğursuz olub.
Münasibətlərin bərpa edilməsi üçün ən real şans Ermənistan işğalını sonlandıran ikinci Qarabağ müharibəsindən sonra yaranıb. Hər iki ölkənin təyin etdiyi xüsusi nümayəndələrin ilk görüşündə ölkələr heç bir ön şərt olmadan normallaşma üçün danışıqları davam etdirməyə razılaşıblar, sonrakı görüşlərdə isə ölkələr arası birbaşa təyyarə uçuşları, karqo daşıması və sərhəddin üçüncü ölkə vətəndaşları, eləcə də diplomatik pasportu olan şəxslər üçün açılması haqqında razılıqlar əldə olunub.
Bu mərhələdə normallaşma ilə bağlı Türkiyənin ritorikasından Azərbaycanla bağlı ön şərt tədricən çıxıb və dialoqun ön şərtsiz davam etdirildiyi vurğulanıb. Ən son 30 iyul 2024-cü ildə xususi nümayəndələrin görüşü ilə əlaqədar rəsmi açıqlamasında Türkiyə XİN heç bir ön şərt olmadan iki ölkə arasında normallaşma prosesinin davam etdirilməsi haqqında razılıq əldə olunduğunu bildirib. Xəbər Azərbaycan mətbuatında sərt tənqidlə qarşılanıb.
Vaşiqntonda Prezident Rəcəb Tayyib Ərdoğanla Baş nazir Nikol Paşinyan arasında 24 sentyabrda baş tutmuş görüşə gəldikdə isə, görüşlə bağlı rəsmi açıqlama Ərdoğanın ön şərtsiz normallaşma istiqamətində əhəmiyyətli məsafə qət edildiyi və prosesə dəstək ifadə etdiyi bildirilib. Bundan əlavə, bu ay İstanbulda 3+3 regional platformasının Nazirlər Kabinetinin iclasında Türkiyə və Ermənistan Gümrü-Qars dəmir yolunun işə salınması üçün texniki tələblərin birgə qiymətləndirilməsi barədə razılıq əldə edib.
Hətta, Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytındakı məlumatda bildirilir ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması siyasəti 2-ci Qarabağ müharibəsindən sonra heç bir ön şərt olmadan davam etdirilir.
Beləliklə, faktlar onu göstərir ki, 2021-ci ilin sonundan başlayan Türkiyə - Ermənistan normallaşma prosesində ölkələr arasında bir neçə məsələdə razılıq əldə edilib və proses indi də davam edir. Bu dövrdə Türkiyənin rəsmi ritorikasında əvvəlki kimi Azərbaycanla bağlı ön şərt yoxdur, əvəzində ardıcıl olaraq normallaşma dialoqunun ön şərtsiz davam etdiyi bildirilir. Bunu AzTV-nin iddiasının əksinə Nikol Paşinyanla görüşdə Ərdoğan da ifadə edib.
“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, dövlət televiziyasının verdiyi xəbər yanlışdır.