logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Avropa Parlamenti sülh bəyanatında Ermənistanı dəstəkləyir?

Avropa Parlamenti sülh bəyanatında Ermənistanı dəstəkləyir?

Xəbərin qısa icmalı

Martın 20-də "Xalq Qəzeti”nin dərc etdiyi  xəbərdə Avropa Parlamentinin həmişəki kimi Ermənistanı dəstəklədiyi və birgə bəyanatı “erməni avantürasının saxlanılmasına kömək” məqsədi ilə qəbul etdiyi iddia edilib.

Lakin, Avropa Parlamentinin bəyanatında Ermənistanın dəstəklənməsi nüansı yer almır. Bəyanatda Ermənistan hökumətinin Azərbaycanın irəli sürdüyü iki təklifi qəbul etməsi təqdirlayiq hesab olunsa da, rəsmi Bakının əleyhinə hər hansı müddəa qeyd olunmayıb. Mətndə Azərbaycana sazişi imzalamaq çağırışı edilib. 

Yerli mətbuatda Avropa təşkilatlarının Azərbaycan-Ermənistan sülh danışıqlarındakı vasitəçiliyi çaşdırıcı təqdimatla dərc edilir. Belə materiallar bir çox hallarda Avropa institutlarının fəaliyyətini və regional təşəbbüslərini təhrif edir. 

Martın 20-də "Xalq Qəzeti”nin dərc etdiyi bənzər xəbərdə Avropa Parlamentinin həmişəki kimi Ermənistanı dəstəklədiyi və birgə bəyanatı “erməni avantürasının saxlanılmasına kömək” məqsədi ilə qəbul etdiyi iddia edilib:

“...Avropa Parlamentinin haqqında söz açdığımız bəyanatı, həmişəki kimi, Ermənistanı dəstəkləmək, Cənubi Qafqazda erməni avantürasının saxlanılmasına kömək göstərmək mahiyyəti daşıyır. Bu yanaşma heç bir halda sülh və sabitliyin qərarlaşmasına xidmət sayıla bilməz”.

“Fakt Yoxla” iddianın doğru olub-olmadığını təhlil edib. 

13 mart 2025-ci ildə, həm Azərbaycan, həm də Ermənistanın Xarici İşlər Nazirliyi iki ölkə arasında sülh sazişi ətrafında müzakirələrin başa çatdığını elan ediblər. Avropa Parlamenti martın 18-də sülh sazişi layihəsi üzrə danışıqların yekunlaşmasına dair birgə bəyanat qəbul edib. Bəyanatda delimitasiyası prosesinin, nəqliyyat-kommunikasiya xətlərinin açılmasının və həmçinin, saziş üzrə danışıqların uğurla yekunlaşmasının önəmi vurğulanıb. 

Lakin, Avropa Parlamentinin bəyanatında Ermənistanın dəstəklənməsi nüansı yer almır. Bəyanatda Ermənistan hökumətinin Azərbaycanın irəli sürdüyü iki təklifi qəbul etməsi təqdirlayiq hesab olunsa da, rəsmi Bakının əleyhinə hər hansı müddəa qeyd olunmayıb. Mətndə Azərbaycana sazişi imzalamaq çağırışı edilib:

“Ermənistan hökuməti Azərbaycanın son iki həll olunmamış maddə üzrə təkliflərini qəbul etdiyini və sazişi mümkün qədər tez imzalamağa hazır olduğunu bəyan etmişdir. Əminik ki, Azərbaycan rəhbərliyi bu tarixi fürsətdən istifadə edərək onilliklərdir davam edən münaqişəyə son qoyacaq və danışıqlar nəticəsində yekunlaşdırılmış Sülh Sazişini imzalayıb həyata keçirməklə Cənubi Qafqazda rifahın qurulmasına töhfə verəcəkdir”.

Bəyanatın digər hissələrində isə Azərbaycanla bağlı birbaşa məqam yoxdur. Sənədin davamı regionda davamlı sülh və rifahın təşviq olunması, eləcə də icmalar arasında barışığın asanlaşdırılması və Türkiyənin danışıqlardakı mümkün rolu barədə olub.

Qəzetdə əksini tapan daha bir iddia Avropa Parlamentinin “həmişəki kimi” Ermənistanın mənafeyindən çıxış etməsi ilə bağlıdır. Bununla belə, parlamentin bundan öncə qəbul etdiyi 2024-cü il 23 oktyabr tarixli birgə sənədin 11-ci bəndində Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub

“Həm Azərbaycanın, həm də Ermənistanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiq edir və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması prinsipləri əsasında onların münasibətlərinin normallaşdırılmasını qətiyyətlə dəstəkləyirik”, - Avropa Parlamenti elan edib.

Habelə, parlament bu sənəddən öncə 2024-cü il 12 mart tarixli digər bəyanatında da Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq tərəflərə Cənubi Qafqazda mehriban qonşuluq münasibətlərinin inkişaf etdirilməsi çağırışı edib. 

Digər vacib məqam isə Avropa Parlamentinin işğal dövründə də Qarabağı Azərbaycanın ərazi bütövlüyü kimi tanıyan sənədi qəbul etməsidir. 2017-ci ilin 24 noyabr tarxili Şərq Tərəfdaşlığı Sammitinin yekun bəyannaməsində həmin il üzrə AP-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə illik hesabatına istinad verilərərək Azərbaycanın sərhədlərinə dəstək ifadə edilmişdi.  

Parlamentin Qarabağ kontekstində Azərbaycanı qınayan qətnamələri isə insan hüquqları sahəsindəki pozuntulara görədir. Təşkilat 2025-ci ilin martın 13-də qəbul etdiyi sənəddə erməni məhbuslara qarşı pis rəftarın müstəqil araşdırılmasını tələb edərək rəsmi Bakının BMT və Beynəlxalq Qızıl Xaç Komitəsinin ofislərini bağlamasından narahatlıq duyduqlarını bildirmişdi. Qətnamədə gələcək münasibətlərin insan hüquqlarına hörmətin yaxşılaşdırılması, siyasi məhbusların azad edilməsi və Ermənistanla ədalətli sülh sazişi ilə şərtləndirilməsini istəyən açıqlama yer alıb.

“Fakt Yoxla”nın qənaətincə, iddialar anti-Qərb propaqandasıdır.

Anti-qərb dezinformasiyası
  • 21 Aprel, 2025
  • 91

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə