logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Elman Nəsirov: “Fransa parlamentinin hər iki palatası qondarma separatçı rejimin müstəqilliyini tanıyıb”

Elman Nəsirov: “Fransa parlamentinin hər iki palatası qondarma separatçı rejimin müstəqilliyini tanıyıb”

“Fransa parlamentinin hər iki palatası qondarma separatçı rejimin müstəqilliyini tanıyıb… Fransa dövləti, onun ali siyasi rəhbərliyi Qarabağdakı separatçı rejimin müstəqilliyini açıq şəkildə tanıyır”. 

Bunu Milli Məclisin deputatı Elman Nəsirov Fransa parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib.

“Fakt Yoxla” deputatın bu iddiasının nə dərəcədə əsaslı olduğunu analiz edib. 

Fransa yarı prezident sistemi ilə idarə olunan unitar respublikadır. 

Ölkədə dövlətin icra qolları Fransa Prezidenti və Hökumətdən ibarət olmaqla iki qanada bölünür. 

Hökumətə prezidentlə birlikdə onun tərəfindən təyin olunan baş nazir rəhbərlik edir. Baş nazir həm də hökümətin əsas icraedici orqanı olan Nazirlər Şurasının rəhbəridir. Bu iki idarəetmə qanadı Fransanın ali siyasi rəhbərliyi hesab olunur. 

Fransa Konstitusiyasına görə, hökumət ölkənin siyasətini istiqamətləndirir və qərarlar verir. Bütün qanunlar və bəzi fərmanlar Nazirlər Şurası tərəfindən təsdiq edilməlidir. 

Nazirlər Şurası həm də hökumətin kollektiv siyasi istiqamətini müəyyən edir və bu yöndə əməli addımlar atır. 

Qanunverici orqan olan parlamenti isə iki palatadan –  Fransa Milli Assambleyası və Senatdan ibarətdir. 

Parlamentin verdiyi qərarları Fransa prezidenti təsdiqləyir. Prezident bu səlahiyyətini həyata keçirərkən Baş Nazirlə yanaşı digər nazirlər də qərarın təsdiqlənməsində iştirak edirlər.  

Parlament qətnamə qəbul edib Fransa hökümətini bu qətnamə ilə razılaşmağa çağıra bilər. Amma hökümətin bu çağırışı qəbul etməmək və qətnamə ilə razılaşmamaq səlahiyyəti var. 

Qətnamələr tövsiyə xarakterli olduğundan Konstitusiya hökumətin üzərinə onları icra etmək öhdəliyi qoyulmur.

“Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qanun layihəsi Fransa Milli Assambleyasına 2020-ci il oktyabrın 14-də təqdim edilib. 

Qanun layihəsinin təqdimatı Azərbaycanla Ermənistan arasında İkinci Qarabağ müharibəsinin alovlandığı dövrə təsadüf edirdi. Nəticədə, Fransa Parlamentinin hər iki palatası Fransa hökumətini qondarma rejimi tanımağa çağıran qətnaməni qəbul etdi.

2020-ci ilin sonunda Fransa Respublikası qondarma rejimi tanımağa çox yaxın olsa da  hər iki qətnamə Fransa Prezidenti və höküməti tərəfindən dəstəklənməyib. Beləcə, “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyi tanınmayıb (səh. 38).

Hələ o zaman Fransa XİN-in rəhbəri Jan-İv Le Drian bildirmişdi ki, Dağlıq Qarabağın tanınmasını danışıqlar prosesi üçün faydalı hesab etmir. 

O, Fransa Milli Assambleyasının Dağlıq Qarabağın müstəqilliyini tanımaq çağırışını rədd etmişdi. 

Həmin qətnamələrin qəbulundan 3 gün əvvəl, Fransa prezidenti Emmanuel Makron yerli erməni icması ilə görüşündə Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi xarakterizə etmişdi.

“Beynəlxalq hüquqa əsasən, Dağlıq Qarabağ və ona bitişik digər rayonlar Azərbaycan ərazisi hesab olunur. Buna görə suveren dövlətin istəyi olmadan onun işlərinə müdaxilə etmək yolverilməzdir”, - deyə prezident bildirmişdi.

Xatırladaq ki, münaqişə başlayandan etibarən, BMT üzvü olan heç bir dövlət “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımayıb. Beynəlxalq hüquqa əsasən, bu ərazilər Azərbaycanın tərkibinə daxildir.

Heç Ermənistanın özünün də müstəqil olaraq tanımadığı bu rejimi yalnız Abxaziya, Cənubi Osetiya və Dnestryanı Moldova Respublikalarının separatçı hökumətləri tanıyıb. 

Buyaxınlarda Fransa Senatının yeni qətnamə qəbul etməsi sözügedən müzakirələri yenidən aktuallaşdırdı. 

Noyabrın 14-də qəbul olunan və Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan qətnamədə yenidən qeyd edilib ki, “Dağlıq Qarabağ Respublikası”nın müstəqilli tanınmalıdır. 

Elman Nəsirovun açıqlaması da bu qətnamənin qəbulundan sonraya təsadüf edir.

Beləliklə, Fransa Parlamenti iki il əvvəl qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanıyan qətnamələr qəbul etsə də, Fransa höküməti və prezidenti, bu qətnamələrə razılıq verməyib və qondarma rejimin müstəqilliyini tanımayıb. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə,“Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin tanınması yekun olaraq Fransa hökümətinin səlahiyyətində olduğundan, Nazirlər Kabineti 14 noyabr qətnaməsinin də tələblərini yerinə yetirməyə bilər. 

Analiz
  • 14 Dekabr, 2022
  • 3320

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə