Sosial şəbəkələrdə Kəlbəcərdə bəbir görünməsi ilə bağlı video yayılıb. Baku TV, azxeber.com, oxu.az və digər səhifələr tərəfindən dərc edilən xəbər minlərlə izləyiciyə çatıb.
Skrinşot azxeber.com-un instaqram səhifəsindən götürülüb.
“Fakt Yoxla” xəbərin doğru olub-olmadığını yoxlayıb.
Kəlbəcərdə əvvəllər də bəbirlərin görüntülənməsi ilə bağlı xəbərlər yayılmışdı. Belə ki, ETSN, İDEA İctimai Birliyi və WWF tərəfindən aparılmış mütəmadi izləmələr nəticəsində Kəlbəcər rayonunda bir bəbirin yüksək keyfiyyətli foto və videosu əldə edilmişdi. Ancaq, yeni yayılan videoda görünən bəbir əvvəllər qeydə alınmış bəbir növü olan “Panthera pardus” yox, qar bəbiri kimi tanınan “Panthera uncia”-dır.
Qar bəbiri (Panthera uncia)
Skrinşot “Britannica” ensiklopediyasından götürülüb
Görüntülər “Cuckoo’s World” adlı “YouTube” kanalından götürülüb.
Video təqribən bir həftə əvvəl xarici istifadəçilər tərəfindən “Youtube” platformasına yüklənib. Lakin, videonun harada çəkilməsi ilə bağlı məlumat yoxdur. İstifadəçi kommunikasiya üçün heç bir əlaqə vasitəsi təqdim etməyib. Ancaq videonun məlumat bölməsində Urdu dilində “vəhşi həyat” yazılıb. İstifadəçinin digər videolarının da Pakistandan olması bəbir videosunun da Pakistanda qeydə alınması ehtimalını gücləndirir.
Bundan əlavə, qar bəbirinin yayılma arealı da göstərir ki, bu növ Azərbaycan təbiətinə məxsus heyvan deyil.
Qar bəbirinin yaşama arealı
Foto World Wildlife Fund vebsəhifəsindən götürülüb
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, videonun Kəlbəcərdə qeydə alınması xəbəri saxtadır.