Yerli mediada Qərb ölkələrinə və təsisatlarına dair yanlış xəbərlərə müntəzəm rast gəlinir.
“Fakt Yoxla” onların bir neçəsini daha öncə araşdırıb. Bənzər iddianı dərc edən “Səs” qəzeti iddia edib ki, Almaniya Hitler irsindən imtina etməyib və yeni müharibəyə hazırlaşır.
“Almaniya kimi son iki yüz il ərzində bəşəriyyətə fəlakətlər gətirmiş dövlət nüvə silahı əldə edərsə, bu, artıq dünyanın sonu olacaq. Çünki bu dövlət Hitlerin irsindən və təlimatından heç zaman imtina etməyib. Hətta Almaniyanın yeni kansleri F.Mertz … Bundestaqda çıxışı zamanı Almaniyanın İkinci Dünya müharibəsi zamanı ərazilərinin ilhaq edildiyini və zəbt olunmuş torpaqların geri qaytarılmasının zamanı çatdığını bildirib”.
“Fakt Yoxla” iddiaların doğruluğunu yoxlayıb.
Almaniyanın siyasi sistemi İkinci Dünya müharibəsindən sonra tamamilə yenidən qurulub. Müharibə nəticəsində ikiyə bölünmüş Qərbi və Şərqi Almaniyada nasizmin bütün qurumları ləğv edilmiş və önəmli şəxsləri mühakimə edilmişdi. 1945-ci il Potsdam razılaşması ilə başlayan proses nəticəsində Almaniya tərksilah edilmiş və nasist rejimi təftiş olunmuş, müharibə cinayətlərinin mühakiməsi isə Nürnberq prosesi ilə davam etmişdi. Beynəlxalq Hərbi Tribunal tərəfindən 161 nasist azadlıqdan məhrum edilib, digər 37 nəfər isə ölüm hökmünə məhkum olunub.
Almaniya Konstititusiyası nasizm və digər qeyri-demokratik cərəyanları qanunvericiliyə zidd sayır. “Siyasi partiyalar” adlı 21-ci maddədə qeyd olunan təşkilatların fəaliyyəti qanunsuz hesab olunub. Maddənin ikinci bəndində “...demokratik nizamı pozmağa və ya ləğv etməyə çalışan və ya Almaniya Federativ Respublikasının mövcudluğunu təhlükə altına atmağa çalışan partiyalar konstitusiyaya zidd hesab ediləcək”,- deyə bildirilib.
Almaniya Cinayət Məcəlləsi də nasizmi qadağan edir. Məcəllənin 86-cı maddəsi nasist simvolların istifadəsi və təbliğinə görə üç ilədək həbs cəzası nəzərdə tutub. Habelə, 130-cu maddəyə görə də milli, irqi, dini və etnik nifrət çağırışı məsuliyyət yaradır. Hətta bu maddənin 3-cü bəndində ictimai şəkildə nasizm rəğbəti göstərən şəxslərin 5 ilədək azadlıqdan məhrum ediləcəyi göstərilib.
Müxtəlif dövrlərdə alman siyasi rəhbərliyi nasist keçmişə görə üzr istəyib. 1970-ci il dekabrın 7-də Almaniya kansleri Villi Brandt Varşava Gettosunun memorialında diz çökərək müharibəyə görə almanların bağışlanmasını diləmişdi. 1985-ci ildə kansler Helmut Koll da Almaniyanın “Nasist cinayətlərinə görə tarixi məsuliyyəti” qəbul etdiyini bildirib. Bu addımı atan digər kansler isə Angela Merkeldir. O, 2019-cu ildə Yunanıstanda olarkən Almaniyanın öz məsuliyyətini dərk edərək təəssüfləndiyini demişdi. Yunan xalqından üzr istəyənlərdən biri isə sabiq Almaniya prezidenti Yoahim Qaukdur. O 2014-cü ildə bu ölkəyə səfərdə olarkən üzrxahlıq edib.
Qəzetin Fridrix Mertzin dünyanı hədələməsi ilə bağlı iddiası da əsassızdır. Onun Bundestaqda belə bir çıxışı olmayıb. Kansler hətta Nasist Almaniyasına qarşı Normandiya əməliyyatını “Bu mənim ölkəmin nasist diktaturasından azad edilməsi idi” deyə qiymətləndirmişdi.
Almaniya hökuməti nüvə silahı əldə edəcəyini da təkzib edib. Kansler Fridrix Mertz belə bir niyyətlərinin olmadığını söyləyib. Həmçinin, Almaniyanın nüvə silahına sahib olması hüquqi cəhətdən də mümkün deyil. Çünki, İkinci Dünya Müharibəsindəki təcavüzkar rolunun nəticəsi olaraq Almaniya nüvə silahı əldə etməmək öhdəliyi götürüb və bu səbəbdən sadəcə NATO-nun silah bölgüsü sazişlərində iştirak edir.
Nəticə etibarilə, Almaniyanın Hitler irsindən imtina etməməsi, müharibədə itirdiyi torpaqları geri alacağı və nüvə silahı əldə edəcəyi ilə bağlı xəbərlərin saxta olduğunu görə bilərik.
“Fakt Yoxla”nın qənaətincə, xəbər anti-Qərb propaqandasıdır.