İyunun 22-də ABŞ İranın nüvə obyektlərinə B-2 təyyarələri ilə zərbələr endirib. “Midnight Hummer” adlandırılan əməliyyat zamanı İranın Fordo, Natanz və İsfahan nüvə obyektlərinin hədəfə alındığı bildirilir. Elə həmin gün “qafqazinfo.az” saytında ABŞ ordusunun zərbələrini əks etdirdiyi iddia edilən görüntülər yayılıb.
“Sualtı qayıqlardan Natanz və İsfahandakı nüvə obyektinə 30 qanadlı TLAM raketi ilə zərbə endirilib. İrandakı Fordo, Natanz və İsfahan daxil olmaqla, üç nüvə obyektinə endirilən zərbələrin videosunu təqdim edirik”, - xəbərdə belə deyilir.
Skrinşot “qafqazinfo.az” saytından götürülüb
Qeyd edək ki, eyni xəbəri “bizim.media”, “redaktor.az”, “gununsesi.info”, “bakivaxti.az” və digər portallar da dərc edib.
“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.
“ABŞ İranın nüvə obyektlərini belə vurub” başlıqlı xəbərdə “Fox News” kanalının yutub səhifəsindən video yerləşdirilib.
Ancaq videoda ABŞ ordusunun zərbələri göstərilməyib. 10 dəqiqədən artıq davam edən videoda müxbirlər ABŞ-ın zərbələri, İsrail və İran arasındakı toqquşma barədə məlumat verirlər və ara-sıra iki ölkənin zərbələrini əks etdirən görüntülər nümayiş etdirilir.
Xəbərin əsas fotosunda istifadə edilən görüntü isə videoda istifadə edilən aşağıdakı kadrdan götürülüb.
Skrinşot “Fox News” kanalının yutub səhifəsindən götürülüb
Ancaq süjetdə həmin kadrın İsrail ordusunun cümə günü İsfahana endirdiyi zərbələrə aid olduğu qeyd olunub. Həqiqətən, həmin görüntülər iyunun 20-də (həftənin cümə günü) İsrail ordusunun “X” hesabında paylaşılıb.
Skrinşot İsrail ordusunun “X” hesabından götürülüb.
Paylaşımda İsrail ordusunun İsfahana və İranın qərbinə zərbələr endirdiyi qeyd olunur.
“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, videonun ABŞ-ın İrana zərbələrini əks etdirməsi barədə xəbərlər saxtadır.