logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Kaliforniya yanğınları xəritədə Qəzzaya bənzəyir?

Kaliforniya yanğınları xəritədə Qəzzaya bənzəyir?

Xəbərin qısa icmalı

- Yanvarın 14-də “BakuPost” yutub kanalı təqdim etdiyi fotoda Qəzza ilə Kaliforniya xəritələrində bənzərlik olduğuna dair iddia səsləndirib. Xəbər buraxılışı ilə ortaq başlıqdan istifadə edən “Axar.az” və “Globalinfo.az” saytları da “Los-Ancelesdə yanğın və Qəzza xəritəsi şok etdi” adlı material dərc edib.

- Qəzza zolağının və Kaliforniya ərazisinin forması süni şəkildə bir-birinə uyğunlaşdırılıb. Xəbər platformalarının yaydığı təsvir də süni intellekt vasitələri ilə hazırlanıb.

Los-Ancelesdə baş vermiş yanğınlar mediada bu məzmunda saxta xəbərlərin artmasına təkan vermişdi. “Fakt Yoxla” ötən həftələrdə həmin xəbərlərdən bəzilərinin saxta olduğunu oxucularına təqdim edib. 

Digər media portallarında isə Kaliforniya yanğınların ərazisi ilə Qəzza bölgəsinin xəritəsi arasında oxşarlıq olduğu xəbər verilib. Məsələn, yanvarın 14-də “BakuPost” yutub kanalı təqdim etdiyi fotoda Qəzza ilə Kaliforniya xəritələrində bənzərlik olduğuna dair iddia səsləndirib. Xəbər buraxılışı ilə ortaq başlıqdan istifadə edən “Axar.az” və “Globalinfo.az” saytları da “Los-Ancelesdə yanğın və Qəzza xəritəsi şok etdi” adlı material dərc edib. Eyni şəklin əks olunduğu yazıda yanğınlarla HƏMAS-İsrail müqayisəsi aparılır: 

“Yanğın fəlakəti ilə mübarizə aparan ABŞ-ın Kaliforniya əyalətinin xəritəsi ilə HƏMAS-İsrail müharibəsi nəticəsində dağıntılara məruz qalan Qəzza zolağının xəritəsi arasında oxşarlıq gündəm olub”. 

“Fakt Yoxla” xəbərin doğru olub-olmadığını yoxlayıb.

Skrinşot “BakuPost” kanalından götürülüb.

2025-ci il yanvarın 7-dən 31-dək Kaliforniya ştatında davam edən meşə yanğınları quraqlıq şəraiti, aşağı rütubət və bəzi yerlərdə şiddətli külək səbəbilə daha geniş ərazilərə sıçrayaraq təkcə Palisadesdə 23 min hektara çatmışdı. Hadisənin yerli əhali üçün humanitar böhran yaratması isə davam etməkdə olan İsrail-HƏMAS müharibəsi kontekstində ABŞ-lə bağlı müxtəlif müqayisələrə yol açıb. Buna baxmayaraq, peyk görüntülərini və baş vermə periodlarını nəzərə alsaq Qəzzayla paralellik iddiaları reallığı əks etdirmir. 

Əvvəlcə qeyd etmək yerinə düşər ki, Kaliforniya əyalətindəki meşə yanğınları bölgədə intensiv xarakter daşıyır. Məsələn, eyni ərazidə 2018-ci ilin noyabrında 85 nəfərin həyatına son qoyan yanğınlar 18 804 obyekti kül edərək statistik cəhətdən 2025-ci il yanğınlarından daha geniş arealı bürümüşdü. Təkcə bu müqayisə yanğınların 7 oktyabr 2023-cü ildən başlamış Qəzza hərbi əməliyyatlarından öncə də baş verdiyini göstərir. 

2018-ci il noyabr yanğınları

Ümumiyyətlə, Kaliforniya ştatındakı yanğınların rəsmi statistikası fəlakətin bölgədə davamlı olduğunu sübut edir. Məsələn, bu ştatda 2017-ci ilin oktyabrında 5636, 1991-ci ilin oktyabrında 2900, 2003-cü ilin eyni ayında isə 2820 yanğın aktı baş verib. 

Qeyd edilən faktlar Kaliforniyadakı irimiqyaslı fəlakətin bölgə üçün ilk hal olmadığını və hadisələrin dəyişkən iqlim şəraiti ilə bağlı olduğunu izah edir. Hərçənd, Qəzza münaqişəsi və yanğınların eyni dövrə təsadüf etməsi bu fərziyyələri gücləndirib. Bununla belə, təhlil zamanı Qəzza və Kaliforniya xəritələrinin eyniləşdirildiyi, habelə süni intellekt vasitələri ilə müdaxilə edildiyi sezilir.

Fakt Yoxla

Bu görüntüdə Qəzzanın əslində düzxətli sahil bölgəsinə sahib olduğunu və iddia edilmiş digər foto ilə arasındakı bir çox coğrafi fərqlilikləri müşahidə etmək olar.

Fakt Yoxla

Kaliforniya yanğınlarının yayılma arealına da nəzər yetirdikdə, müqayisə edilən fotonun real olmadığını və təbii fəlakətin bütün ştatı əhatə etmədiyini görmək mümkündür.

Detecting-AI

Materialın süni intellekt yoxlanışının nəticələri də ciddi müdaxiləyə məruz qaldığını göstərir. 

Beləliklə, xəritələrin müqayisəsi sübut edir ki, Qəzza zolağının və Kaliforniya ərazisinin forması süni şəkildə bir-birinə uyğunlaşdırılıb. Xəbər platformalarının yaydığı təsvir də süni intellekt vasitələri ilə hazırlanıb.

 “Fakt Yoxla”nın gəldiyi nəticəyə görə fotolar saxtadır.

Saxta xəbər
  • 28 Mart, 2025
  • 85

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə