Avqustun 18-də ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə əvvəlcə ikitərəfli, sonra Avropanın bir sıra liderlərinin iştirakı ilə çoxtərəfli görüş keçirib.
Tramp və Zelenski mətbuat nümayəndələrinin suallarını cavablandırandan sonra bağlı qapılar arxasında danışıqlar davam edib. Bu zaman bir sıra teleqram kanalları və sosial şəbəkə hesabları Avropa liderlərinin dəhlizdə görüşün sonunu gözlərkən çəkildiyi iddia edilən fotosunu paylaşıb.
Foto minlərlə izləyicisi olan “Baku TV”, “axar.az”, “Azerbaijan 7/24” teleqram kanallarında, həmçinin feysbukda və instaqramda paylaşılıb.
Skrinşot “Baku TV”nin teleqram kanalından götürülüb
Skrinşot “axar.az” saytının teleqram kanalından götürülüb
"Fakt Yoxla" fotonun doğru olub-olmadığını yoxlayıb.
Fotoda Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz, NATO Baş katibi Mark Rutte və digərləri görünür. Ancaq foto həqiqi deyil. Belə ki, fotonun süni intellekt alətləri vasitəsilə hazırlandığını göstərən bir sıra elementlər var.
Süni intellektlə yaradılan fotolarda bəzən insanların barmaqları düzgün əks olunmur.
Bu fotoda da Makronun barmaqlarının uyğunsuz olduğunu görmək mümkündür. Həmçinin fotoda əlavə "ayaqların" olduğu da aydın görünür.
Foto “Gettyimages”dən götürülüb
Tramp və Zelenskinin Avropa liderləri ilə görüşünün başlamasından sonra Leyen və Meloninin iddia olunan fotodakı geyimlərinin fərqli olduğu məlum olub.
"Fakt Yoxla"nın gəldiyi qənaətə görə, Avropa liderlərinin Tramp-Zelenski görüşü zamanı dəhlizdə gözləməsini göstərən foto saxtadır.