İyulun 30-da Rusiyanın Kamçatka vilayətində 8.8 bal gücündə zəlzələ baş verib. Güclü zəlzələyə görə bölgədə sunami xəbərdarlığı edilib.
Zəlzələdən sonra Azərbaycanda bir sıra xəbər saytları və sosial media səhifələri sunami dalğalarının ağ balinaları sahilə atdığını iddia edən görüntülər və xəbərlər paylaşıb.
“Oxu.az” saytında dərc edilən xəbərdə deyilir ki, güclü dalğalar üç balinanı sahilə atıb. Videoda sahilə çıxan ağ balinalar və 2 insan görünür. Eyni video saytın feysbuk səhifəsində də paylaşılıb.
Skrinşot “Oxu.az” saytından götürülüb
“Globalinfo.az”, “presstv.az” saytlarında, həmçinin instaqramda və teleqramda eyni video yayımlanıb.
Skrinşot “bizim.media” saytının instaqram səhifəsindən götürülüb
“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.
Paylaşılan videoda balinaların sahilə çıxdığı və insanların onlara kömək etdiyi əks olunub. Ancaq video yeni deyil və Kamçatkada baş verən son zəlzələ ilə əlaqəsi yoxdur.
Video 2023-cü ilə aiddir. Həmin dövrdə rusiyalı balıqçıları Uzaq Şərqdə yerləşən Tigil sahilində ağ balinalar görüblər və onlara kömək ediblər. Xəbər həm Rusiyaya məxsus informasiya mənbələrində, həm də “Newsweek” jurnalının saytında dərc olunub.
Skrinşot RT-nin sosial media hesabından götürülüb
“Rusiyanın şərqindəki Kamçatka yarımadasındakı Tiqilski sahillərində çimərliyə çıxan beş beluqa balina xilas edilib”, - RT-nin sosial media hesabındakı paylaşımda belə deyilir.
“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Kamçatkadakı zəlzələyə görə ağ balinaların sahilə çıxması barədə görüntülər saxtadır.