2025-ci ilin yanvar ayının əvvələrində ABŞ-nin Kaliforniya ştatında meşə yanğınları baş verib. Geniş ərazini əhatə edən yanğın 29 nəfərin həyatına son qoyub.
Yanvarın 9-da Azərbaycanda bir sıra xəbər saytları, həmçinin sosial media hesabları məşhur “Hollywood” yazısının da yandığını iddia edən xəbərlər və görüntülər yayıb.
Skrinşot “musavat.com” saytından götürülüb
“Bizim.media”, “musavat.com”, “ajans.az” və digər saytlarda, eləcə də “oxu.az” saytının feysbuk və instaqram səhifələrində, həmçinin “TikTok” platformasında görüntülər paylaşılıb.
Sktinşot “oxu.az” saytının instaqram səhifəsindən götürülüb
“Fakt Yoxla” iddiaların doğru olub-olmadığını yoxlayıb.
Los-Ancelesdəki meşə yanğınları yanvarın 8-də Hollivud təpələrinə çatsa da “Hollywood” işarəsinin yanması barədə görüntülər real deyil.
Belə ki, “Hollywood” işarəsinə nəzarət edən “Hollywood Sign Trust” təşkilatı yayılan fotoların real olmadığı bildirib. Təşkilatın sədri Jeff Zarrinnam “Reuters” agentliyinə açıqlamasında da işarənin yanmadığını və təhlükəsiz olduğunu bildirib. İşarənin yerləşdiyi Qriffit Parkı təhlükəsizlik səbəbindən müvəqqəti olaraq bağlanıb.
Foto AFP agentliyinin müxbiri tərəfindən 2025-ci il yanvarın 9-da çəkilib
AFP agentliyinin jurnalistinin yanvarın 9-da çəkdiyi fotoşəkildə də “Hollywood” işarəsinin sağlam olduğu görünür. “Deep fake” texnologiyası ilə hazırlanan fotoları aşkarlayan “GetReal Labs” şirkətinin ekspertləri AFP-yə açıqlamalarında görüntülərin süni intellektlə hazırlandığını bildiriblər.
“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, “Hollywood” işarəsinin yanmasını əks etdirən görüntülər və bu barədə xəbərlər saxtadır.