Yanvarın 30-da “yenicag.az” saytında ABŞ Prezidenti Co Baydenin hərbi geyimdə fotosu dərc edilib.
Skrinşot “yenicag.az” saytından götürülüb
Eyni foto həmin gün “Şəbəkə” (15 mindən çox izləyici), “Caucasian Live” (8 minə yaxın izləyici), “Azpolitika” teleqram kanallarında da paylaşılıb.
Skrinşot “Şəbəkə” teleqram kanalından götürülüb
“Fakt Yoxla” fotonun real olub-olmadığını yoxlayıb.
Baydenin hərbi geyimdə digər hərbçilərlə birgə oturduğunu göstərən foto ABŞ-ın İordaniyadakı bazasına hücumdan sonra Baydenin qisas alınacağını deməsinin ardınca yayılıb.
Ancaq foto real deyil. Şəkil süni intellektlə hazırlandığı üçün bir çox uyğunsuzluqlar var. Masanın üzərindəki telefonların olduqca qarışıq görünməsi, soldan üçüncü şəxsin boyun hissəsindəki pozuntular və digər uyğunsuzluqlar fotonun süni intellektlə hazırlandığını göstərir.
İnternetdə foto barədə axtarış verən zaman həmin tarixdə eyni məzmunlu başqa fotoların da olduğunu görmək mümkündür. Məsələn aşağıda təqdim edilən skrinşot “Will Schryver” adlı X hesabından götürülüb. Fotoda Baydenin sol əlində altı barmaq olduğu görünür. Süni intellektlə insanların əllərini yaratmaq çətindir.
Skrinşot “Will Schryver” adlı X hesabından götürülüb
Ağ Evin rəsmi hesablarında və Qərb mətbuatında Baydenin hərbi geyimdə olduğu iclasla bağlı heç bir məlumat verilməyib.
“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Baydenin hərbi geyimdə olduğu fotolar saxtadır.