Roma Papası Fransiskin ağ rəngli qış üst geyimində fotosu sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. “Baku.ws”, “Bizim.media” kimi saytlar bununla bağlı xəbər, İctimai Televiziya isə süjet hazırlayıb.
Fotolar “lent.az” “unikal.az” “Operativ Məlumat Mərkəzi”adlı sosial media səhifələrindən götürülüb.
“Fakt Yoxla” fotonun saxta olub-olmadığını yoxlayıb.
“İndependent” nəşri fotonun “Midjourney” adlı süni intellekt alətindən istifadə edilməklə yaradıldığını yazıb. “Midjourney” mətn təsvirləri əsasında şəkillər formalaşdırmaq üçün istifadə edilir.
Bir müddət əvvəl süni intellekt vasitəsilə ABŞ-ın sabiq prezidenti Donald Trampın da fotoları hazırlanmışdı. “Bellingcat” araşdırma qrupunun yaradıcı direktoru Eliot Hiqqins tərəfindən paylaşılan fotolarda Trampın Nyu-York hüquq-mühafizə orqanları tərəfindən necə saxlanıldığı əks olunurdu.
Xarici mediada süni intellekt alətlərinin saxta informasiyanın yayılmasını asanlaşdırdığı barədə xəbərdarlıq edilib. “Fortune” nəşrində dərc olunan məqalədə bildirilir ki, fotoların süni intellekt vasitəsilə manipulyasiyası saxta fotoların yayılmasını asanlaşdırıb.
“Forbes” jurnalına görə, fotonun süni intellekt tərəfindən yaradıldığını müəyyən etmək üçün təsvirdəki şəxsin əllərinə diqqətlə baxmaq lazımdır. Çünki “Midjourney”də insanların əllərinin təsvirini yaratmaq çətin olur.
“Midjourney” əlin təsvirini dəqiqliklə göstərə bilmir.
Beləliklə, Roma Papasının ağ qış geyimində fotosu süni intellekt tərəfindən yaradılıb.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, foto saxtadır.