logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Baş redaktor: “Azərbaycanda ilk demokratik mətbuatın əsası Heydər Əliyev tərəfindən qoyulub”

Baş redaktor: “Azərbaycanda ilk demokratik mətbuatın əsası Heydər Əliyev tərəfindən qoyulub”

“7news.az” xəbər portalının baş redaktoru Səbuhi Abbasov “demokrat.az” saytına verdiyi müsahibədə deyib ki, “Azərbaycanda ilk demokratik mətbuatın əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub”. 

“Fakt Yoxla” iddianın doğru olub-olmadığını araşdırıb.

Demokratik mətbuat dedikdə ictimai-siyasi mövzular daxil olmaqla bütün məsələlərlə bağlı hər hansı hakimiyyətin təsirinə qapılmadan müstəqil şəkildə fəaliyyət göstərən plüralist media başa düşülür. 

Bu baxımdan, yazıda fəaliyyətinə Azərbaycan tarixindəki iki dövrdə başlamış mətbuat qurumları araşdırılacaq: 

a) Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə fəaliyyətə başlayanlar; 
b) SSRİ-nin süqutuna yaxın Azərbaycanda demokratik hərəkatın başladığı 1989-cu ildən 1993-cü ilə qədərki dövrdə fəaliyyətə başlayanlar.

Bu iki dövrdəki mətbuata toxunmadan öncə, Azərbaycanın ilk satirik jurnalı olan, ictimai-siyası mövzularla bağlı tənqidi mövqe ortaya qoymuş “Molla Nəsrəddin” jurnalının adı çəkilməlidir

Əsası Cəlil Məmmədquluzadə tərəfindən qoyulan jurnalın ilk nömrəsi 1906-cı ildə nəşr edilib.

AXC dövründə əsası qoyulmuş mətbuat orqanları barədə jurnalist Akif Aşırlının “Azərbaycan mətbuatı tarixi” (1875-1920) adlı kitabında məlumat verilib.

Həmin mənbəyə əsasən, milli mətbuatın ilk nümunəsi olan "Əkinçi" qəzetinin yaranmasından 1918-ci ilin mayına qədərki dövrdə cəmi 40 adda qəzet çıxmışdısa, AXC-nin 23 aylıq hakimiyyəti dövründə nəşrlərin sayı 200-ə yaxın olub (səh. 117).

Sözügedən dövrdə Əhməd bəy Ağaoğlu Gəncədə "Türk yurdu" adlı qəzet nəşr edib (səh. 120).

İlk sayında Bakının işğaldan azad olunması, Qafqaz İslam Ordusunun qardaş köməyi barəsində informasiyalar verilmiş “Azərbaycan” qəzetinin ilk nüsxəsi isə 1918-ci ilin 16 sentyabrında Gəncədə çap edilib (səh. 121).

AXC dövründə çap olunan qəzetlərdən biri də "İstiqlal" olub. 

Sözügedən kitaba əsasən, bu nəşrin 1918-ci ildə 7, 1919-cu ildə 28, 1920-ci ildə isə 15 sayı işıq üzü görüb. 

"İstiqlal"ın ideya-siyasi istiqaməti, məqsəd və vəzifələri Məhəmməd Əmin Rəsulzadənin ilk nömrədə çap olunan baş məqaləsində şərh olunub (səh. 128). 

AXC dövründə çap edilməyə başlanan jurnallara nümunə kimi 1919-cu ildə nəşrə başlayan "Övraqi-nəfisə" aylıq ədəbi-bədii, ictimai-siyasi jurnalını (səh. 128), ilk sayı 1920-ci ilin əvvəlində çıxmış və 1920-ci il aprel çevrilişindən sonra çapı dayandırılan "Qurtuluş" jurnalını (səh. 129), eləcə də ilk sayı 1918-ci ilin 5 oktyabrında nəşr olunan "Şeypur" jurnalını (səh. 129) göstərmək olar.

Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının prezidenti olduğu 1993-cü ildən əvvəl də Azərbaycanda demokratik mətbuat nümunələri olub.

Azərbaycan Xalq Cəbhəsi tərəfindən əsası qoyulan və ilk baş redaktoru Nəcəf Nəcəfov olan “Azadlıq” qəzetinin ilk sayı 1989-cu il dekabrın 24-ü işıq üzü görüb.

1989-cu ildə çap olunmağa başlayan digər bir nəşr  isə Rauf Arifoğlu tərəfindən təsis edilən “Yeni Müsavat”dır.

Baş redaktoru Məzahir Süleymanzadə olan “Səhər” qəzeti də 1989-cu ildə nəşrinə başlanan mətbuat nümunələri sırasındadır.

Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulan “Azərbaycan” qəzeti də məhz 1989-cu ildə Sabir Rüstəmxanlı tərəfindən bərpa edilib.

Azərbaycanın müstəqil rusdilli qəzetlərindən hesab olunan “Zerkalo” isə 1990-cı ildə Elçin Şıxlının rəhbərliyi ilə çap edilməyə başlayıb.

Baş redaktoru Babək Hüseynoğlu olmuş “Aydınlıq” qəzeti də 1990-cı ildə yaradılanlar sırasındadır.

Keçmiş SSRİ-də ilk müstəqil agentliklərdən biri olan "Turan" İnformasiya Agentliyi 1990-cı ilin mayında bir qrup jurnalist tərəfindən Bakıda yaradılıb.

Təsisçisi Sərdar Cəlaloğlu olan “Hürriyyət” qəzetinin ilk nüsxəsi  1991-ci ildə çap edilib.

1991-ci ildə nəşrinə başlanan daha bir mətbuat nümunəsi isə redaktoru Ayaz Əhmədov olmuş “Çeşmə” satirik qəzetidir

Azərbaycan sosial-demokratlarının orqanı olan “İstiqlal” qəzetinin əsası 1990-cı ildə qoyulub, 1999-cu ilə kimi fəaliyyət göstərib. 

Həmin dövrdə çap edilməyə başlayan digər bir mətbuat nümunəsi isə “525-ci qəzet”dir. 1992-ci ildə nəşr olunmağa başlayan bu nəşrin təsisçisi isə Rəşad Məcid olub.

Adı çəkilən mətbuat qurumlarından başqa, Azərbaycanda 1993-cü ilin iyun ayındadək əsası qoyulmuş digər bir sıra demokratik mətbuat nümunələri də mövcud olub. Sadəcə, onlayn məlumat bazasında ətraflı məlumat verən mənbələrin olmaması səbəbindən həmin nəşrlər barədə yazıda əlavələr etmədik.

Beləliklə, 1906-cı ildə “Molla Nəsrəddin” jurnalının nəşrə başlaması da nəzərə alınaraq, Heydər Əliyevin Azərbaycan prezidenti olmasından əvvəl AXC dövründə, eləcə də 1980-ci illərin sonundan etibarən Azərbaycanda demokratik mətbuat nümunələri mövcud olub.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə əsasən, Səbuhi Abbasovun iddiası yalandır.

“demokrat.az”: “Qarşıdakı illərdə mediamız üçün daha yaxşı nəticələr olacaq" https://demokrat.az/az/news/116696/bas-redaktor-qarsidaki-illerde-mediamiz-ucun-daha-yaxsi-neticeler-olacaq

“musavat.com”: Azərbaycanın ilk satirik jurnalı: “Molla Nəsrəddin”-109 https://musavat.com/news/azerbaycanin-ilk-satirik-jurnali-molla-nesreddin-109_257918.html

Vəliyev Akif Abdüləzim oğlu (Akif Aşırlı) - “Azərbaycan mətbuatı tarixi” (1875-1920), Bakı, "Elm və Təhsil", 2009, 296 səh. https://www.ebooks.az/book_4Z260hLS.html

“Azadlıq” qəzetinin rəsmi “Facebook” səhifəsi https://www.facebook.com/azadliqqazeti

“musavat.com”: http://www.musavat.biz/about-us

“cenub.az”: “SƏHƏR” qəzeti 30 il əvvəl ölkəni şoka salan SİYAHINI necə çap edib? (MÜSAHİBƏ)

https://cenub.az/4797-hidlrin-adlarn-generala-gstrib-deputatla-namizdlrdir-dedim-shr-qzeti-30-il-vvl-lkni-oka-salan-syahn-nec-ap-edib-msahb.html

“aqreqator.az”: Sabir Rüstəmxanlı “Azərbaycan” qəzetinin yubileyini keçirəcək https://aqreqator.az/az/siyaset/342428

“musavat.com”: “Zerkalo” qəzeti Mətbuat Şurasından çıxıb https://musavat.com/news/media/Zerkalo-q%C9%99zeti-M%C9%99tbuat-%C5%9Euras%C4%B1ndan-%C3%A7%C4%B1x%C4%B1b_196181.html

“musavat.com”: Azərbaycanda nəşri dayanmış maraqlı və populyar qəzetlər (SİYAHI) https://musavat.com/news/media/azerbaycanda-neshri-dayanmish-maraqli-ve-populyar-qezetler-siyahi_205630.html

“Turan” İnformasiya Agentliyinin rəsmi saytı https://www.turan.az/ext/doc/az/-/aboutus_az.html

“modern.az”: Qəzetlərin adları necə yaranıb, ideyanı kim verib? https://modern.az/az/news/22883

Sultanova P. - Müasir Mətbuat Muzeyi yaradılır; Azərbaycan Milli Kitabxanasının rəsmi saytı http://www.anl.az/down/medeniyyet_2006/medeniyyet2006_dekabr_100.htm

“525.az”: “525-ci qəzet”in 25 illik yubileyi qeyd edildi https://525.az/?name=xeber&news_id=89787#gsc.tab=0

Yalan
  • 3 Avqust, 2022
  • 2747

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə