logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

“Qarabağ” futbol klubuna adı Heydər Əliyev verib?

“Qarabağ”  futbol klubuna adı Heydər Əliyev verib?

Xəbərin qısa icmalı

Son günlər sosial mediada “Qarabağ” futbol klubunun adının Heydər Əliyev tərəfindən verilməsi ilə bağlı iddia müzakirə mövzusuna çevrilib. Xəbər jurnalist Kubra Məhərrəmova tərəfindən gündəmə gətirilib. O öz feysbuk hesabında iddianın klubun sabiq rəhbəri Abdulbari Gözəl tərəfindən səsləndirildiyini, klubun adının müəllifinin isə Heydər Əliyev olduğunu bildirib.

Klubun rəsmi saytında qeyd olunur ki, komanda 1987-ci ildən 2001-ci ilədək “Qarabağ” adı ilə çıxış edib və bu ad 2004-ci ildə məhz hazırkı prezident Tahir Gözəlin təşəbbüsü ilə yenidən bərpa olunub. Yerli mətbuatda dərc olunan xəbərlərdə də klubun adının 2001-ci ildə “Azərsun”un rəsmi sponsor olmasından sonra “Qarabağ”dan “Qarabağ-Azərsun”a dəyişdirildiyi görünür.

- Mətbuatda dərc olunan məlumata əsasən, ilk dəfə “Qarabağ” adının kluba verilməsi keçmiş Ağdam rayon Həmkarlar komitəsinin sədri Zeynal Məmmədovun adı ilə bağlıdır. Azərbaycan SSRİ-nin keçmiş deputatı Elbrus Mustafayev müsahibəsində bildirir ki, Zeynal Məmmədov 1988-ci ildə Qarabağ münaqişəsi baş qaldırdıqdan sonra “Kooperator”un adını dəyişməyə qərar verib. Bunun səbəbinin isə Xankəndinin eyniadlı erməni klubundan bu adı geri almaq olduğu qeyd edilir.

- “Peşəkar Futbol Liqası”nın rəsmi məlumatlarından da görünür ki, klub 1992-ci ildən 2001-ci ilədək olan turnir cədvəllərində “Qarabağ” adı ilə çıxış edib.

Son günlər sosial mediada “Qarabağ” futbol klubunun adının Heydər Əliyev tərəfindən verilməsi ilə bağlı iddia müzakirə mövzusuna çevrilib. Xəbər jurnalist Kubra Məhərrəmova tərəfindən gündəmə gətirilib. O öz feysbuk hesabında iddianın klubun sabiq rəhbəri Abdulbari Gözəl tərəfindən səsləndirildiyini, klubun adının müəllifinin isə Heydər Əliyev olduğunu bildirib.

“Heydər Əliyevin fenomenal düşüncəsi, strategiyası və ağlı. Heç kimin ağlına gəlməyəni düşündü, etdi və bu gün dünya "Qarabağ" deyir”,- deyə paylaşımda qeyd olunur.

“Fakt Yoxla” iddianın doğru olub-olmadığını araşdırıb.

“Qarabağ”ın keçmiş prezidenti Abdulbari Gözəl 2022-ci ildə verdiyi müsahibəsində klubu Heydər Əliyevin göstərişi ilə 2001-ci ildə aldığını və onun istəyi belə adlandırdığını vurğulayıb:

“Heydər Əliyev 2001-ci ildə məni çağırdı və dedi ki, klub al, adını “Qarabağ” qoy. Sonra Ağdam klubunun büdcəsi ilə maraqlandım. Dedilər ki, 32 min manatdır. Bildirdim ki, bunun 10 qatını verəcəyəm”.

Lakin bu iddia “Qarabağ”ın rəsmi mövqeyi və digər tarixi faktlarla üst-üstə düşmür.

Klubun rəsmi saytında qeyd olunur ki, komanda 1987-ci ildən 2001-ci ilədək “Qarabağ” adı ilə çıxış edib və bu ad 2004-ci ildə məhz hazırkı prezident Tahir Gözəlin təşəbbüsü ilə yenidən bərpa olunub. Yerli mətbuatda dərc olunan xəbərlərdə də klubun adının 2001-ci ildə “Azərsun”un rəsmi sponsor olmasından sonra “Qarabağ”dan “Qarabağ-Azərsun”a dəyişdirildiyi görünür. Ümumiyyətlə, “Qarabağ” futbol klubu 1951–1968-ci illərdə “Məhsul”, 1977–1982-ci illərdə “Şəfəq” və 1982–1987-ci illərdə “Kooperator” adları ilə təmsil olunub.

Mətbuatda dərc olunan məlumata əsasən, ilk dəfə “Qarabağ” adının kluba verilməsi keçmiş Ağdam rayon Həmkarlar komitəsinin sədri Zeynal Məmmədovun adı ilə bağlıdır. Azərbaycan SSRİ-nin keçmiş deputatı Elbrus Mustafayev müsahibəsində bildirir ki, Zeynal Məmmədov 1988-ci ildə Qarabağ münaqişəsi baş qaldırdıqdan sonra “Kooperator”un adını dəyişməyə qərar verib. Bunun səbəbinin isə Xankəndinin eyniadlı erməni klubundan bu adı geri almaq olduğu qeyd edilir.

“Peşəkar Futbol Liqası”nın rəsmi məlumatlarından da görünür ki, klub 1992-ci ildən 2001-ci ilədək olan turnir cədvəllərində “Qarabağ” adı ilə çıxış edib. Təkcə bu nüans da “Qarabağ” klubuna adın Heydər Əliyev tərəfindən verilmədiyini sübut edir.

Beləliklə, yuxarıda sadalanan faktlardan da göründüyü kimi, Abdulbari Gözəl “Qarabağ” futbol klubunu alarkən klubun adı “Qarabağ” idi. Klub alındıqdan sonra sponsorun adı da əlavə edilərək “Qarabağ-Azərsun” adlandırılıb. 2004-cü ildə klubun adı yenidən əvvəlki versiyaya, “Qarabağ” adına dəyişdirilib. 

“Fakt Yoxla”nın qənaətincə, “Qarabağ” klubuna adın Heydər Əliyev tərəfindən verilməsi xəbəri saxtadır.

Saxta xəbər
  • 7 Oktyabr, 2025
  • 40

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə