logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

“Report”un yanlış xəbəri: Türkiyə NATO-ya ÜDM-nin 6,3 %-i səviyyəsində maliyyə vəsaiti ödəyir

“Report”un yanlış xəbəri: Türkiyə NATO-ya ÜDM-nin 6,3 %-i səviyyəsində maliyyə vəsaiti ödəyir

Foto süni intellekt vasitəsilə düzəldilib

Xəbərin qısa icmalı

- "Report.az" xəbər verib ki, Türkiyə NATO-ya ÜDM-nin 6,3 %-i səviyyəsində maliyyə vəsaiti ödəyir;

- Türkiyə tarixində heç vaxt NATO-ya öz ÜDM-nin 6,3 faizi səviyyəsində maliyyə ayırmayıb. Son illərdə bu hədd maksimum 1,91 faizi səviyyəsinə qədər arta bilib;

- Türkiyə NATO-nun proqramları üçün 334 milyon avro ayırıb. Bu da proqramlar üçün nəzərdə tutulmuş ümumi büdcənin 6,3 faizini təşkil edib;

- "Report"un xəbəri yanlışdır.

Report xəbər agentliyi iddia edib ki, Türkiyə NATO-ya ÜDM-nin 6,3 %-i səviyyəsində maliyyə vəsaiti ödəyir. Türkiyənin 2026-cı ildəki birbaşa töhfəsi təqribən 334 milyon avro olub.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə xəbər yanlışdır.

NATO necə maliyyələşir?

NATO-nun maliyyələşməsi iki formada həyata keçir: Birbaşadolayı maliyyələşmə.

Dolayı maliyyələşmə təşkilatın əsas maliyyələşmə formasıdır. NATO-nun öz ordusu olmadığı üçün təşkilat üzv ölkələrin öz hərbi potensiallarını gücləndirməsində maraqlıdır. Çünki, üzv ölkələrin öz hərbi potensiallarını gücləndirməsi təşkilatın ümumi hərbi potensialının güclənməsi mənasına gəlir. 2006-cı ildən etibarən alyansa üzv dövlətlər öz ümumdaxili məhsullarının 2 faizindən az olmayan hissəsini hərbi sahəyə ayıracaqları barədə öhdəlik götürüblər.

Birbaşa maliyyələşmə isə təşkilatın həyata keçirdiyi proqramları dəstəkləmək üçün üzv dövlətlər tərəfindən quruma ödənən vəsaitdir.

Türkiyənin NATO-ya maliyyə töhfəsi

NATO-nun bütün üzv ölkələri kimi, Türkiyə də NATO-ya iki formada vəsait ayırır. Türkiyə üzv ölkə kimi həm öz hərbi infrastrukturuna dövlət büdcəsindən maliyyə ayırır (dolayı), həm də NATO-nun proqramlarının həyata keçirilməsi üçün maliyyə dəstəyi verir (birbaşa).

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə son illərdə Türkiyənin ÜDM-də müdafiə xərclərinin payı (dolayı) aşağıdakı kimidir:

Göründüyü kimi, Türkiyə son illərdə öz ÜDM-nin maksimum 1,91 faizini müdafiə xərclərinə ayırıb. Qurumun məlumatına görə Türkiyənin hərbi xərclərinin ÜDM-də payının ən yüksək göstəricisi 1975-ci ildə olub ki, bu da 5,12 faiz təşkil edib.

Bəs 6,3 faiz nədir?

NATO-nun icra etdiyi proqramlar üçün (birbaşa) 2026-cı ildə ayrılan ümumi məbləğ 5,3 milyard avro olub. Türkiyənin bu büdcəyə ayırdığı məbləğ ümumi məbləğin 6,3 faizini təşkil edib (334 milyon avro).

Beləliklə, Türkiyə NATO-ya öz ÜDM-nin 6,3 faizi səviyyəsində maliyyə vəsaiti ödəməyib. Türkiyənin 2025-ci ildə müdafiə xərcləri öz ÜDM-nin 1,91 faizi səviyyəsində olub. Bundan əlavə, Türkiyə NATO-nun proqramları üçün 334 milyon avro ayırıb ki, bu da proqramlar üçün nəzərdə tutulmuş ümumi büdcənin (5,3 milyard avro) 6,3 faizini təşkil edib.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə Report.az-ın xəbəri yanlışdır.

Yanlış
  • 11 İyul, 2026
  • 31

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə