Deputat Tahir Mirkişili Milli Məclisin 2 dekabr tarixli plenar iclasında deyib ki, bu günə qədər Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərə 22 milyard manata yaxın pul xərcləyib ki, bu da Ermənistanın dövlət büdcəsinin gəlirlərindən iki dəfə, Gürcüstanın dövlət büdcəsinin gəlirlərindən isə 1,4 dəfə çoxdur.
"Fakt Yoxla" bu iddianın doğru olub-olmadığını yoxlayıb.
2025-ci il üçün dövlət büdcəsinin gəlirləri Ermənistanda təqribən 7 milyard dollar, Gürcüstanda isə təqribən 10.2 milyard dollar (27.5 milyard lari) nəzərdə tutulub. Buna əsasən, bu günə qədər, yəni 6 il ərzində işğaldan azad edilmiş ərazilərə xərclənmiş təxminən 12.9 milyard dollarlıq (22 milyard manat) vəsait Ermənistanın dövlət büdcəsinin gəlirlərindən 1.8 dəfə, Gürcüstanın dövlət büdcəsinin gəlirlərindən isə 1.2 dəfə çoxdur.
Lakin, məsələnin mahiyyəti ondadır ki, işğaldan azad edilmiş ərazilərə 22 milyard manat vəsait 6 il ərzində xərclənib:
Mənbə: 2021, 2022, 2023, 2024-cü illərin dövlət büdcələrinin icrası haqqında, 2025-ci il dövlət büdcəsi haqqında qanunlar, 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsi
Yəni, işğaldan azad edilən ərazilərə ayrılan maliyyə hər il üçün təqribən 4,4 milyard manat edir. Bunu 2025-ci il büdcəsindən də görmək mümkündür. Belə ki, 2025-ci ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 4 milyard manat vəsait nəzərdə tutulmuşdur ki, bu da həm Ermənistanın, həm də Gürcüstanın dövlət büdcələrinin gəlirlərindən dəfələrlə aşağıdır.
Beləliklə, deputat Tahir Mirkişili işğaldan azad edilən ərazilərə 6 il ərzində ayrılan maliyyənin ümumi həcmi ilə Ermənistanın və Gürcüstanın illik büdcələrinin gəlirlərini müqayisə edərək manipulyasiyaya yol verib.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, deputat Tahir Mirkişilinin iddiası faktlarla manipulyasiyadır.