Deputat Fazil Mustafa Milli Məclisin 19 noyabr tarixində keçirilən plenar iclasında 2026-cı ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib ki, “Azərbaycan əhalisinin 36%-i kənd təsərrüfatında çalışsa da, kənd təsərrüfatının ÜDM-də payı 6 faizdir. Bu, istənilən Avropa ölkəsi ilə müqayisədə çox aşağıdır.
"Fakt Yoxla" mövzunun əhəmiyyətini nəzərə alaraq Azərbaycanda və Avropa ölkələrində kənd təsərrüfatının məşğulluqda və ÜDM-dəki payını araşdırıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə 2024-cü il üzrə Azərbaycanda məşğul əhalinin 35.4%-i kənd təsərrüfatında çalışıb ki, ümumi daxili məhsulun 5.7%-i kənd təsərrüfatında yaradılıb. Aşağıdakı qrafikdə isə bu göstəricilərin Avropa İttifaqının Ümumi göstəricisi, Avropa İttifaqına aid olan ölkələrin ortalama göstəricisi və bəzi digər Avropa ölkələri ilə müqayisəsi göstərilib.
Mənbə: Dövlət Statistika Komitəsi, Eurostat, theglobaleconomy.com
Qrafikdən də göründüyü kimi, Azərbaycanda həm kənd təsərrüfatının məşğulluqda payı, həm də ÜDM-də payı Avropa ölkələrindən yüksəkdir. Bununla belə, Azərbaycanda kənd təsərrüfatının ÜDM-də payının məşğulluqdakı payına nisbəti Avropa ölkələrindən geri qalır. Yəni, Azərbaycanda kənd təsərrüfatında çalışan əhalinin sayı çox olsa da, onların yaratdığı ÜDM Avropa ölkələri ilə müqayisədə daha aşağıdır. Belə ki, yuxarıdakı qrafikə əsasən, bu əmsal Azərbaycanda 0.16-dırsa, Avropa İttifaqı üzrə 0.28-dir.
Azərbaycanda kənd təsərrüfatında işçi başına istehsal olunan ümumi daxili məhsulun dəyəri isə Avropa ölkələrindən dəfələrlə geri qalır. Belə ki, 2024-cü il üzrə Avropa İttifaqı üzrə bu göstərici illik təxminən 30 min avro olubsa, Azərbaycanda eyni göstərici təxminən təxminən 3650 avro olub.
“Fakt Yoxla”nın analizinə görə, Azərbaycanda həm kənd təsərrüfatının məşğulluqda payı, həm də ÜDM-də payı Avropa ölkələrindən yüksək olsa da, kənd təsərrüfatında çalışan əhali ilə onların yaratdığı ÜDM-in nisbəti Avropa ölkələrinə nəzərən daha aşağıdır.