Deputat Elman Nəsirov parlamentin plenar iclasında 2026-cı il dövlət büdcəsinin müzakirəsi zamanı deyib ki, vətəndaşlar 2026-cı ildə daha yaxşı yaşayacaq:
“2026-cı ildə bizim 41 milyard 700 milyon manat vəsaitimiz var xərclənmək üçün. Əgər onun 41 faizi – yəni 17 milyard manatdan çoxu sosial sahəyə ayrılırsa və bu, 2025-ci illə müqayisədə 213 milyon manat artıbdırsa, deməli 2026-cı ildə daha yaxşı yaşayacaqsınız. Rəqəmlər və məntiq bunu göstərir.”
"Fakt Yoxla" sosial büdcədə 213 milyon artımın özlüyündə vətəndaşların həyat şəraitini daha yaxşıya doğru dəyişdirib-dəyişdirmədiyini yoxlayıb.
2026-cı ilin dövlət büdcəsində sosial sahəyə ayrılan vəsait 2025-ci ilin dövlət büdcəsinə nisbətən 1,3 faiz artımla (213 milyon manat) 17 milyard 145 milyon manat olub. Bununla belə, Azərbaycanda olan inflyasiya göstəriciləri bu artım faizindən çoxdur ki, bu da sosial xərclərin real göstəricilərdə artmadığını, inflyasiya nəzərə alındıqda əksinə azaldığını göstərir. Belə ki, Azərbaycanda 2024-cü ildə 4.9%-lik inflyasiya qeydə alınıb. Mərkəzi Bankın 2025-ci ilin rəsmi inflyasiya proqnozu isə 6%-dir. 2025-ci ilin rəsmi inflyasiya proqnozunu nəzərə almaqla 2026-cı ildə sosial xərclər azı 17 milyard 947 milyon manat olmalı idi ki, real ifadədə artım olsun. Rəsmi infilyasiya rəqəmlərinin real infilyasiya rəqəmlərindən aşağı olduğunu nəzərə alsaq, bu məbləğ daha da yüksək olmalı idi.
Həmçinin, 2026-cı ildə artan vergi və ödənişlər səbəbilə əhalinin xərclərinin artacağı da gözlənilir. Belə ki, bəzi vergi növləri üzrə sahibkarların və sadə vətəndaşların xərclərini artıracaq yeni artımlar da nəzərdə tutulur. Qeyri-neft özəl sektorda çalışan muzdlu işçilərin aylıq əməkhaqqı 8 min manata qədər olduqda tətbiq edilən gəlir vergisi güzəşti ləğv olunur. Yanvarın 1-dən fərdi qaydada (muzdlu işçi cəlb etmədən) sahibkarlıqla məşğul olan fiziki şəxslərin ödədiyi məcburi dövlət sosial sığorta haqları da artırılacaq. Hökumət 2026-cı ildən etibarən torpaq mülkiyyətinə sahib fermerlər üçün sosial sığorta yükünü artırmağı planlaşdırır. Həmçinin, gələn ildən qeyri-rəsmi çalışanlar və işsiz statusu ala bilməyənlər tibbi sığortanı da özləri ödəməli olacaq.
Beləliklə, Azərbaycanda 2026-cı il üçün sosial xərclərdə real ifadədə azalma, əhalinin vərgi və ödənişlərində isə artımlar gözlənilir.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, deputat Elman Nəsirovun səsləndirdiyi iddia faktlarla manipulyasiyadır.