logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

İqtisadiyyatımızın aparıcı qüvvəsi qeyri-neft sektorudur?

İqtisadiyyatımızın aparıcı qüvvəsi qeyri-neft sektorudur?

Prezident İlham Əliyev noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda deyib ki, iqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsi qeyri-neft sektordur. Həmçinin, Milli Məclisin Deputatı Fatma Yıldırım “Azərtac”a açıqlamasında Azərbaycanın artıq postneft dövrünün reallıqlarına tam hazır olduğunu açıqlayıb.

"Fakt Yoxla" mövzunun əhəmiyyətini nəzərə alaraq neft-qaz sektorunun Azərbaycan iqtisadiyyatındakı rolunu araşdırıb.

Azərbaycanın son 3 ildə ümumi daxili məhsulunda neft-qaz sektorunun payı əsasən azalan neft isthesalı və neftin dünya bazarındakı qiymətinin düşməsi səbəbilə azalmaqda olsa da, hələ də önəmli yer tutmaqdadır:

Mənbə: İqtisadiyyat Nazirliyi

Müqayisə üçün eyni göstərici digər neft-qaz ixracatçısı olan post-sovet ölkəsi Qazaxıstanda 2022-ci ildə 19.5%, 2023-cü ildə isə 16.2% olub.

Bununla yanaşı, neft sektorunun ümumi daxili məhsulun həcmində birbaşa olmaqla yanaşı, dolayı təsiri də var. Məsələn, qeyri-neft sektorunda yaradılan ümumi daxili məhsulun da önəmli hissəsi elektrik enerjisi istehsalı, neft məhsullarının istehsalı, kimya sənayesi, rezin və plastik məmulatlarının istehsalı kimi neft sektorunun davamı olan sahələrdir. Məsələn, 2024-cü ildə emal sənayesinin 24.8%-ni neft məhsullarının istehsalı təşkil edib.

Son 3 ildə büdcə gəlirlərində də neft-qaz sektorunun payı yüksək olub və təxminən büdcə gəlirlərinin yarısını təşkil edib:

Mənbə: Maliyyə Nazirliyi

İxracda isə neft-qazın payı daha dominant olub:

Mənbə: İqtisadiyyat NazirliyiDövlət Statistika Komitəsi

Neft və qazın ixracdakı birbaşa dominant payı ilə yanaşı, qeyri-neft sektoru ixracında da neft məhsulları ilk sıralarda yer alıb. Məsələn, 2024-cü il üzrə qeyri-neft sektoru üzrə ixracatçı subyektlər arasında ilk sırada ARDNŞ-nın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, ikinci sırada isə “SOCAR Polymer" MMC yer alıb ki, bu da qeyri-neft-qaz ixracında da əsasən neft məhsullarının önəmli paya sahib olduğunu göstərir.

Bütün bu göstəricilərdə neft-qaz sektorunun payı birbaşa neft və qazın həmin ilki bazar qiyməti ilə əlaqəli olur və qiymətlər düşdükdə qeyri-neft sektorunun artımı görüntüsü yaranır.

İxracda neft-qaz sektorunun dominantlığına baxmayaraq, Azərbaycan əsas qida məhsullarının, texnoloji məhsulların idxalından asılı vəziyyətdədir və bu məhsulların idxalının əmtəə dəyəri də son illərdə artmaqdadır (Qeyd: 2020-ci ilin göstəriciləri koronavirus pandemiyasının təsirləri ilə müqayisəyə yararsız olduğu üçün qrafiklərə əlavə edilməmişdir.):

Mənbə: Dövlət Statistika Komitəsi

Mənbə: Dövlət Statistika Komitəsi

Mənbə: Dövlət Statistika Komitəsi

Qrafiklərdən də göründüyü kimi, Azərbaycanın qeyri-neft sektoru əsas əmtəə məhsullarının təminatında tamamilə yetərsizdir və idxaldan asılıdır.

Həmçinin, son 10 ildə Azərbaycana edilən xarici investisiyaların da mütləq əksəriyyəti neft-qaz sektoruna edilmiş və bu pay artmaqdadır. Bakı Araşdırmalar İnstitutunun sentyabr ayında yayımlanan məqaləsinə əsasən, 2015-2024-cü illəri əhatə edən son 10 ildə Azərbaycan iqtisadiyyatında əsas kapitala yönəldilən xarici investisiyanın ümumi məbləği Azərbaycan manatı ilə 56 milyard 152,3 milyon manata bərabər olub ki, bunun 41,2 milyard manatı və ya 73,5 faizi neft-qaz sektorunun, qalan 14,9 milyard manatı və ya 26,5 faizi qeyri neft-qaz sektorunun payına düşüb. Üstəlik, qeyri neft-qaz sektorunda əsas kapitala yönəldilən xarici investisiyanın miqdarı azalma tendensiyası müşahidə etmiş və 2016-cı ildəki 2,5 milyard manatdan 2024-cü ildə 497,7 milyon manatadək azalmışdır. Bu məlumatlar da ölkənin qeyri-neft-qaz sektorunun xarici investorlar üçün cəlbedici olmadığını göstərməkdədir.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, iqtisadiyyatın aparıcı təkanverici qüvvəsinin qeyri-neft sektoru olması ilə bağlı açıqlamalar faktlar ilə ziddiyyət təşkil edir. Belə ki, ümumi daxili məhsul, büdcə gəlirləri, ixrac göstəriciləri, əsas əmtəə məhsullarında idxaldan asılılıq və xarici investisiyaların istiqaməti kimi göstəricilər iqtisadiyyatda təkanverici qüvvənin neft-qaz sektoru olduğunu göstərir.

Analiz
  • 17 Dekabr, 2025
  • 182

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə